Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:32

Ermənistan niyə KTMT deyil, Aİ müşahidəçilərini seçib


Nikol Paşinyan
Nikol Paşinyan

Ermənistan hakimiyyətinin ölkədə KTMT deyil, Avropa İttifaqı müşahidəçilərinə üstünlük verməsinin heç bir geosiyasi gizli mənası yoxdur. Bunu Baş nazir Nikol Paşinyan fevralın 8-də parlamentdə hökumət saatında deyib.

Paşinyanın dediyinə görə, əsas səbəb odur ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) fərqli olaraq, Aİ Ermənistan Respublikasının ərazisini dəqiq müəyyən edib.

“KTMT-dən xahiş etdik ki, bizim üçün prinsipial məsələyə aydınlıq gətirsin: Ermənistanda məsuliyyət zonasını dəqiqləşdirsin. Yəni, bizə desin ki, Ermənistan Respublikasını hansı sərhədlərdə təsəvvür edirlər. Bu sualın dəqiq cavabını ala bilmədik. Digər tərəfdən, Aİ missiyası göndərmək ona görə mümkün oldu ki, Praqada dördtərəfli görüşdə Aİ Ermənistan ərazisini dəqiq cızdı, həm də bu, Ermənistan və Azərbaycanın iştirakı və razılığıyla baş verdi. Yəni, dedilər ki, onlar Ermənistan Respublikasının xəritəsini belə təsəvvür edirlər. Yaxud da biz dedik, onlar bunu nəzərə alaraq təsdiqlədilər. Onlar bu ərazinin monitorinqi üçün gəlirlər”, – Paşinyan bildirib.

KTMT missiyasının qəribəliyi

Paşinyan deyir ki, KTMT də Aİ kimi Ermənistan ərazisini necə gördüyünü dəqiq qeyd etməyincə, bu strukturun müşahidə missiyası azından qəribə görünəcək.

“Çünki onlar nəyi müşahidə etdiklərini aydın bilmirlər. Bu məsələ Azərbaycan Ermənistan ərazisini işğal edəndən sonra çıxıb. Əgər bu və ya digər missiya Ermənistan respublikasının ərazisi və sərhədlərinin harda olduğunu bilmirsə, monitorinqi necə gerçəkləşdirəcək, Ermənistan ərazisinin işğal olunub olunmadığını necə müəyyənləşdirəcək”, – baş nazir vurğulayıb.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə ilə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etsə də, Laçın dəhlizinə və Qarabağda ermənilərin yaşadığı yerlərə Rusiya hərbçiləri yerləşdirilib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb.

Rəsmi Bakı 2020-ci il müharibəsindən sonra sərhəd toqquşmaları vaxtı Ermənistan ərazisinə girməsi haqda ittihamları rədd edib, sərhədlərin dəqiq müəyyənləşmədiyini əsas gətirib. Sonuncu dəfə ötən ilin sentyabrında sərhəd toqquşmalarında üst-üstə 300 hərbçi həlak olub.

İncə məsələ

Paşinyan Aİ müşahidəçilərinin Ermənistana yerləşdirilməsi məsələsində “daha bir incəliyə” toxunub. Onun sözlərinə görə, Aİ müşahidəçilərinin Ermənistana göndərilməsi qərarı verilənədək Azərbaycan qərb sərhədlərdə Ermənistana qarşı aqressiv hərəkətlərini belə əsaslandırıb ki, Ermənistan sərhədə yeni Rusiya qüvvələri cəmləyir, çünki Rusiya ilə birlikdə Azərbaycana qarşı təcavüzə hazırlaşır. Yəni, Paşinyanın dediyinə görə, Bakı özünü aqressiv hərəkətlərdən qorumağa çalışdığını bildirib.

“Qərb tərəfdaşlarımız da bizə çəpəki baxmağa başlamışdılar, deyirdilər ki, siz gerçəkdən də aqressiv hərəkətlərə hazırlaşırsız, çünki Rusiya və Ermənistan əsgərlərini sərhədə yığırsız, Azərbaycana hücuma hazırlaşırsız, yazıq azərbaycanlılar yüksəklikləri tutmağa çalışırlar ki, vəziyyəti balanslaşdırsınlar. Biz də dedik ki, lap yaxşı, gəlin yerində baxaq, görək bütün bunlar reallığa uyğun gəlir, yoxsa yox”, – Paşinyan qeyd edib.

Avropa İttifaqı ötən ilin oktyabrdan dekabrınadək Azərbaycan-Ermənistan sərhədinə iki aylıq missiya yerləşdirilib. Qurum 2023-cü ilin yanvarında Ermənistan-Azərbaycan sərhədinə yeni missiya göndərəcəyini açıqlayıb. Rəsmi Bakı iki aylıq missiyadan fərqli olaraq bu missiyanı təsdiqləməyib, öncədən razılaşdırılmadığını əsas gətirib.

Yolların açılması hamıdan çox Ermənistana lazımdır

Paşinyan kommunikasiyaların açılması məsələsinə toxunaraq deyib ki, Yerevan bu yöndə günü sabahdan addım atmağa hazırdır ki, çünki yolların açılması hamıdan çox Ermənistana lazımdır. Ancaq o deyir ki, Azərbaycan bu ideyanı dəhliz kimi təqdim edir, bu da 2020-ci ilin 9 noyabr atəşkəs bəyanatında nəzərdə tutulmayıb.

Ermənistanın cənubundan Azərbaycanın Naxçıvan eksklavına keçməsi nəzərdə tutulan nəqliyyat yolu Azərbaycan “Zəngəzur dəhlizi” adlandırır, Ermənistan isə suveren ərazisindən heç bir ölkəyə dəhliz verməyəcəyini bildirir.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG