Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:34

Müəllimlərin Rusiyadan köçü. ‘Getmək istəmirsinizsə...’


Rusiyada sinif otağı
Rusiyada sinif otağı

Rusiyanın Ukraynaya tammiqyaslı hücumundan az sonra Həştərxanda yaşayan riyaziyyat müəlliməsi Yelena Baybekova işdən qovulub. Səbəb kimi də onun dərsə gəlməməsi göstərilir. Ancaq həmin vaxt məktəb tətildə olduğundan şagirdlər də dərsdə deyildi.

Baybekova hesab edir ki, əsl səbəb onun fevralın 22-də, hücumdan iki gün öncə müharibə əleyhinə aksiyaya qoşulmasıdır. Bir dəfə polis tərəfindən saxlanılan Baybekova üç ay sonra oğlu ilə birlikdə Rusiyanı tərk edərək Almaniyaya köçüb və siyasi sığınacaq istəyib.

"Həyatım boyu Rusiyada uşaqlara dərs demişəm və mənim yerim oradır. Böyük ehtimalla qayıdacağam, ancaq o zaman Rusiyanın necə bir yer olacağını bilmirəm”, – o, Azadlıq Radiosunun “İdel. Realii” xidmətinə telefon müsahibəsində deyib.

Ukraynada müharibə başlanandan sonra Rusiyanı tərk edən müəllimlərin dəqiq sayı bilinmir. Rəsmi rəqəmlər açıqlanmasa da, bu sayın yüzlərlə olduğu güman edilir.

2022-ci il fevralın 24-dən bəri Rusiyanı 500 mindən artıq insanın tərk etdiyi düşünülür. Bəzi hesablamalara görə, bu rəqəm 1 milyon nəfərə yaxındır. Beyin axınının ən çox nəzərə çarpdığı sahələrdən biri IT sahəsidir. Bu sahədə çalışan 300 mindən artıq mütəxəssis Qazaxıstan, Gürcüstan, Ermənistan və digər ölkələrə köçüb.

“Təkcə səfərbərliyə görə yox”

"Anladıq ki, prezidenti qonşu ölkəni məhv etmək qərarına gələn ölkədə qala bilmərik”, – Perm şəhərində universitetin jurnalistika fakültəsinin müəllimi Alyona Podlesnıx deyir. O, sentyabrda Rusiyanı tərk edib.

Əri və iki uşağı ilə Serbiyaya köçən Podlesnıx danışır ki, hücumun başlanmasından az sonra o, ailəsiylə Rusiyanı tərk etmək üçün plan qurmağa başlayıb.

Əvvəlcə oktyabrın axırında getmək istəyiblər. Ancaq sentyabrın sonunda Prezident Vladimir Putinin səfərbərlik elanından sonra ailə ölkədən çıxışı tezləşdirib.

"Anladıq ki, Rusiyada qalmaq təhlükəlidir və təkcə səfərbərliyə görə yox”, – o söyləyir.

Həyat yoldaşı Qazaxıstana gedən Podlesnıx Permdəki evi satmaq, əlindəki rublları xarici valyutaya çevirmək üçün vətəndə qalıb. Bir neçə gündən sonra o da uşaqlarla birlikdə Qazaxıstana, ərinin yanına gəlib.

“Həqiqəti görməyənlərin gözlərini açmaq”

Podlesnıx ölkəni tərk etməzdən öncə müharibəyə qarşı olduğunu gizlətmədiyini və “həqiqəti görməyənlərin gözlərini açmağa” çalışdığını deyir. “İlk vaxtlar mənə elə gəlirdi ki, bu, təhlükəli olmayacaq”, – o deyir.

Ötən ilin iyununda, mədəniyyət mərkəzinə üzərində iri bir “Z” hərfi olan plakatın asılmasından sonra Podlesnıx yerli hökumətə şikayət edib. Ancaq plakatı nəinki götürməyiblər, hətta ona təhdid və hədələr gəlməyə başlayıb. Onu “xalq düşməni” adlandırıblar. Onun ailə üzvləri də uzaq qohumları tərəfindən örtülü şəkildə hədələnib və təhqir olunub.

Bir ay Qazaxıstanda qaldıqdan sonra Serbiyaya köçən ailə orada Macarıstan sərhədi yaxınlığında ev alıb. Onların iki övladı serb dili öyrənməyə başlayıb. O, Serbiyanın həm də maddi baxımdan onlara uyğun olduğunu deyir.

Podlesnıx müəllimliyə davam etdiyini, Ukrayna və Rusiyadan olan qaçqın uşaqlara dərs keçdiyini, hazırda tamştatlı iş axtardığını deyir. Həyat yoldaşı isə hələlik, işsizdir.

Ukraynalı qaçqınlarla dostlaşıblar

Baybekova əvvəlcə 17 yaşlı oğlu ilə birlikdə Almaniyanın Ziqmaringen şəhərində qaçqın düşərgəsində qalıb. Onlar sığınacaq müraciətlərinin qəbul olunmasını gözləyiblər. Düşərgədə qalan digər qaçqınların çoxu ukraynalılardır. Baybekova onlarla dostlaşdığını deyir.

Sonradan Baden-Vürtenberq əyalətində balaca bir şəhərə köçüblər. Baybekova burada alman dilini öyrənir, oğlu isə yerli məktəbə gedir.

Onun sözlərinə görə, şagirdləri onunla əlaqə saxlayır, zəng vurur və email göndərir. Baybekova təbliğata məruz qaldığı üçün əziyyət çəkən şagirdlərini dəstəklədiyini, onlara insan qalmağın vacibliyindən danışdığını deyir.

Cərimələnib və ərizəsini yazıb

Nijni Novqorod regionunda kiçik bir kənddə ingilis və alman dilləri müəlliməsi olan Olqa Lizunkovanın Qırğızıstana köçmək qərarı onun şagirdləri ilə bağlı olub. Sentyabrda o, sinifdə müharibəni tənqid edib. Şagirdləri bunu məktəb rəhbərliyinə xəbər veriblər.

Lizunkova ordunu “diskreditasiya etmə” ittihamı ilə 30 min rubl (o zaman 500 dollar) məbləğində cərimələnib və töhmət alıb. Növbəti gün işdən çıxmaq haqda ərizəsini yazıb.

"İşin bununla bitməyəcəyindən narahat idim. … Çünki sakit qala bilmirəm. İndi Rusiyada olsaydım, hələ də müharibəyə qarşı mövqeyimi bildirməyə davam edərdim”, – o bildirir.

O və əri evlərini nağd pula satdıqdan sonra maşın tutaraq sərhədi keçiblər. Dediyinə görə, sərhəddə elə bir çətinliklə üzləşməyiblər. Hərçənd həyat yoldaşı orduya çağırılmaq üçün prioritet qrupundadır.

Bir aydan sonra isə Qırğızıstana köçüblər.

“Getmək istəmirsinizsə...”

Lizunkova hazırda ikinci dil kimi ingilis dili müəllimliyi (TESOL) sertifikatını almaq üçün oxuduğunu, ərininsə öz iş bacarıqlarına yeni IT kvalifikasiyaları əlavə etdiyini deyir.

Bəzən böyüdüyü ev üçün darıxdığını deyən Lizunkovanın Rusiyanı tərk etmək haqda düşünənlərə mesajı var:

"Əgər ölkəni tərk etmək istəyirsinizsə, ancaq maddi imkanınız yoxdursa, yaxud nəyəsə, kiməsə çox bağlısınızsa, məyus olmayıb, özünüzü qınamayın. Məcburi mühacirət həm maddi, həm də mənəvi baxımdan çətindir. Getmək istəmirsinizsə, bu, hüququnuzdur. Sadəcə hökumətə görə köçməli deyilsiniz. Mən haradasa bu ifadəni eşitmişəm: ifadəmə görə üzr istəyirəm, sadəcə kiminsə içinə batırdığı üçün evimi niyə tərk etməliyəm?”

XS
SM
MD
LG