Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:25

Qərb Əmirlikləri Rusiyaya elektron mallar satmamağa çağırıb


Dubay şəhəri
Dubay şəhəri

ABŞ, Avropa İttifaqı və Britaniya Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) Rusiyaya xüsusilə də elektron malların ixracını dayandırmağa çağırıb.

Financial Times qəzeti yazır ki, Rusiya elektron mallardan Ukraynadakı müharibədə istifadə edə bilər.

Qərb ölkələrində Rusiyaya qarşı sanksiyalar üçün cavabdeh olan rəsmilər fevral ayında BƏƏ-yə səfər edərək orada ticarət məhdudiyyətlərinin geniş spektrini müzakirə etmişdilər.

Onlar yerli məmurlara Rusiyaya qarşı sanksiyaları pozmamaları üçün təzyiq göstərmişdilər.

Qərb rəsmilərindən biri qəzetə deyib:

"Bizim əsas tələbimiz budur ki, BƏƏ təkrar ixracı dayandırsın və bunun problemli məsələ olduğunu qəbul etsin”.

Rəsmi bu istiqamətdə danışıqların davam etdirildiyini bildirib.

FT yazır ki, BƏƏ 2022-ci ildə Rusiyaya elektron komponentlərin ixracını 7 dəfə artıraraq 283 milyon dollara çatdırıb.

Bu müddətdə BƏƏ-dən Rusiyaya çiplərin ixracı 15 dəfə artaraq 24.3 milyon dollara çatıb.

Bu məlumatları Rusiya gömrüyünün göstəricilərini təhlil edən “Azad Rusiya” fondu verib.

BƏƏ-nin reaksiyası

Bundan başqa BƏƏ Rusiyaya ümumi dəyəri 600 min dollar olan 158 dron satıb.

BƏƏ-nin rəsmi nümayəndəsi deyib ki, onun ölkəsi dünya maliyyə sistemindəki rolunu dərk edir və sanksiya altında olan təşkilatlarla iş üçün dəqiq və etibarlı proseslərə malikdir.

Avropa İttifaqının statistika qurumu – Avrostatın məlumatına görə Rusiyanın Ukraynaya müdaxiləsinin 9 ayı ərzində Avropa İttifaqından Rusiyaya ixracat 47 faiz azalıb, amma elə həmin müddətdə MDB ölkələrindən Rusiyaya ixrac 2021-cil illə müqayisədə 48 faiz artıb.

Yunanıstan, Kipr, Çexiya və Estoniya sanksiya altında olan malların Rusiya ilə qonşu olan ölkələrə ixracını 3.3-5 dəfə artırıblar.

MDB-yə ixracı yalnız İsveç və Malta artırmayıblar.

Ermənistan və Türkiyədən Rusiyaya ixrac dəfələrlə artıb

Bundan əvvəl Financial Times qəzeti yazmışdı ki, Avropa İttifaqı Rusiya ilə qonşu ölkələrə ixracın artması məsələsini araşdıracaq.

Ukrayna müharibəsi ərzində Rusiyaya ixracı xüsusilə də Ermənistan, Qırğızıstan və Türkiyə artırıblar.

Qəzet qeyd edir ki, Rusiya sanksiyalara görə Aİ, ABŞ və Britaniyadan ala bilmədiyi malların yerini qonşu ölkələrdən idxalı 50 faizədək artırmaqla doldurur.

Avropa İttifaqı bu kimi məsələləri özünün Rusiyaya qarşı sanksiyalarının 10-cu paketində nəzərə alıb.

Bu sanksiyalar Avropa İttifaqından ixrac edilən ikili təyinatlı malların və texnologiyaların Rusiya ərazisi ilə tranzitini qadağan edir.

Aİ eyni zamanda Rusiyaya elektronika mallarının, xüsusi nəqliyyat vasitələrinin, yük maşınları üçün ehtiyat hissələrinin, reaktiv mühərriklər üçün komponentlərin ixracını qadağan edib.

Bildirilir ki, bu mal və texnologiyalardan Rusiya ordusu faydalana bilər.

XS
SM
MD
LG