Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:04

İlahiyyatçı özünü İranla münasibətlərin qurbanı sayır


Sərdar Babayev
Sərdar Babayev

Dövlətə xəyanət ittihamı ilə ilyarıma yaxındır həbsdə olan ilahiyyatçı Sərdar Babayev martın 9-da məhkəmə qarşısına çıxarılıb. Lakin o, özünü İranla Azərbaycan arasında gərginləşən siyasi münasibətlərin qurbanı sayır. Elə vəkili Cavad Cavadov da onun təqsirsiz olduğunu deyir və məhkəmədə də ilahiyyatçının barəsində olan cinayət işinə xitam verilməsi haqda vəsatət qaldırıb.

Babayevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Əhməd Quliyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır. O, İranın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, onların göstərişlərini yerinə yetirərək Azərbaycan əleyhinə fəaliyyətdə ittiham olunur.

"Həbsdə olduğu halda, o əməli necə törədə bilərdi?"

Vəkili isə bu ittihamın əsassız olduğunu bildirib. Onun sözlərinə görə, ilyarıma yaxın davam edən istintaq dövründə ilahiyyatçının dövlətə xəyanət etdiyini təsdiqləyən heç bir mötəbər sübut ortaya qoyulmayıb: "Sərdar Babayev 2017-2020-ci illərdə həbsdə olub. İndiki ittihamda bəzi hissələr o dövrü əhatə edir. İnsan həbsdə olduğu halda, o əməli necə törədə bilərdi? Tamamilə əsassızdır...".

Müdafiəçi də Babayevin həbsinin siyasi motivli olduğunu düşünür.

3 il də həbsdə olub

Lakin məhkəmə cinayət işinə xitam verilməsi haqda vəsatəti təmin etməyib. Belə olan halda, vəkil vəsatət verib ki, heç olmasa, hökm çıxarılana qədər Babayev ev dustaqlığına buraxılsın. Bu məsələdə də məhkəmə müdafiə tərəfinə "yox" deyib.

49-yaşlı Sərdar Babayev 2021-ci ilin oktyabrında Cinayət Məcəlləsinin (CM) 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilərək həbs olunub. Bu maddədə 12 ildən 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Babayev bundan öncə də 2017-2020-ci illərdə CM-in 168-1.3.1 (dini ayinlər adı altında insanların hüquqlarına qəsd etmək) maddəsi ilə 3 il həbs həyatı yaşayıb. O zaman Babayev "azan məhbusu" adlandırılırdı. Cinayət işində iddia olunurdu ki, o, xaricdə dini təhsil aldığına görə dini mərasim idarə edə bilməz.

XS
SM
MD
LG