Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:38

FSB Moskvada Ukrayna üçün ianə yığan barlarda reyd keçirib


Underdog barı
Underdog barı

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Moskvada iki barda reyd keçirərək onlarla işçini və müştərini saxlayıb. Bar sahiblərinin Ukrayna qrupu üçün ianəyığma kampaniyası keçirdiyi bildirilir.

Martın 17-də FSB-nin antiterror bölməsi “La Virgen Taqueria” və “Underdog” barlarında reyd keçirərək azı 40 nəfəri saxlayıb. Bunu hadisə yerində olmuş müştərilər deyir. Sonradan hamısı buraxılıb. Şahidlər polisin bəzi saxlananlara qarşı gücə əl atdığını iddia edir.

Bar sahibləri ötən il də dindiriliblər

Məlumatlara görə, barların sahibləri ötən il Ukraynanın “Kyiv Angeles” könüllü qrupu üçün ianəyığma kampaniyası keçiriblər. Bu qrup ukraynalılara ərzaq və dərman, silahlı qüvvələrə avadanlıq çatdırır. Bar sahibləri isə vəsaitin Ukraynada heyvanlar üçün sığınacağa göndərildiyini deyirlər.

Moskva ötən ilin fevralında Ukraynanı işğal etməyə başlayandan Rusiya Prezidenti Vladimir Putin ölkədə müharibəyə hər hansı dirəniş əlamətlərini qəbul etməyib. Rusiya ordusunun hər hansı formada tənqid olunması yasaqlanıb, xeyli sayda vətəndaş qanunları pozduğuna görə uzunmüddətli həbs cəzalarına məhkum edilib.

17 mart reydindən sonra barların sahiblərindən biri Pavel Kostov investisiyanı geri çəkdiyini bildirib. O və digər sahiblər ötən il ianə tədbirinə görə saxlanaraq dindirilib. O zaman bunu vəkil açıqlamışdı. FSB-nin martın 17-də yenidən niyə geri qayıtdığı bəlli deyil.

Bar sahibləri: “Qorxuruq”

Vəkil Konstantin Yeroxinin Telegram-da yerləşdirdiyi bəyanatda bar sahibləri ruhdan düşdüklərini və qorxduqlarını deyir, iddia edirlər ki, müştərilərindən bəziləri çoxsaylı təhdidlər alıb.

“Daha bir reyddən və digər neqativ proseslərdən qorxuruq, bunun qarşısını almaq üçün gərəkən hər şeyi etməyə hazırıq”, – bəyanatda deyilir.

Şahidlərin sözlərinə görə, FSB əməkdaşları barın işçilərini və müştərilərini qorxutmağa çalışıblar, onları məcbur ediblər ki, müharibəyönlü müğənnilərin mahnılarını oxusunlar, klubların üstünə Z hərfini yazsınlar. Bu hərf müharibənin simvoluna çevrilib, opponentlər isə onu faşist emblemi sayır.

Vəkillər bildirir ki, FSB əməkdaşları barlardan iki ödəniş terminalını və maliyyə informasiyası olan digər avadanlığı götürüblər.

“Underdog” qeyri-müəyyən vaxtadək, “La Virgen Taqueria” azından martın 18-cən qapalı qalacağını bildirib.

XS
SM
MD
LG