Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:30

Tərtər işgəncələri: 'Nazir, müavini, korpus rəisi, hərbi prokurorluğun əmrini icra etmişəm'


Hərbçi: 'Bədənimi toka verib məni şikəst elədilər'
Gözlə

No media source currently available

0:00 0:05:49 0:00

Hərbçi: 'Bədənimi toka verib məni şikəst elədilər'

“Tərtər işgəncələri”ndə təqsirləndirilənlər özlərini təqsirli bilmirlər. Polkovnik, keçmiş hərbi hissə komandiri Vüsal Ələsgərov özünü təqsirli bilməməsini belə əsaslandırır ki, verilən əmri icra edib.

Bu iş çərçivəsində Ermənistanın xeyrinə casusluqda ittiham olunan azərbaycanlı hərbçilərə dindirilərkən işgəncə verilməsi, bəzilərinin işgəncədən ölməsi araşdırılır.

“Mən iki müharibədən keçən zabit kimi, yuxarıdan verilən əmri icra etmişəm. Müdafiə nazirinin, onun birinci müavininin, Baş Qərargah rəisinin, korpus komandirinin, eləcə də Hərbi Prokurorluğun əmr və göstərişlərini yerinə yetirmişəm. Bu da qanunla tənzimlənir. Bunun harasında cinayət var, məhkəmə qərar versin...”, – Ələsgərov martın 28-də öz məhkəməsində belə deyib.

O, keçmiş qərargah rəisi, polkovnik-leytenant Rəşid Niftəliyev, kəşfiyyatçı olmuş Ramil Qarayev və əsgər Rüstəm Ələsgərovla (polkovnik Vüsal Ələsgərovla qohum deyil) birlikdə mühakimə olunur. Onların işinə Bakı Hərbi Məhkəməsinin sədri və hakimləri Sumqayıt Məhkəmə Kompleksinin binasında baxır.

“Birinci əmr verən şəxslərdən başlamaq lazımdır”

Martın 28-də məhkəmədə prokuror ittiham aktını elan edib. Dörd nəfər təqsirləndirilən şəxsin heç biri ittihamda yazılanlarla razılaşmayıb. Onların heç biri özünü təqsirli bilməyib. Polkovnik Ələsgərov, Niftəliyev və Qarayev ifadə verməkdən də imtina edib.

“Məhkəmədə heç bir ifadə vermək niyyətim yoxdur. Obyektiv araşdırma üçün birinci əmr verən şəxslərdən başlamaq lazımdır”, – təqsirləndirilən polkovnik Ələsgərov məhkəmədə belə deyib.

O, zərərçəkmiş şəxslərin suallarını cavablandırmaqdan da imtina edib.

Onun istintaq dövründəki ifadəsi elan edilib. Həmin ifadədə o, özünü qismən təqsirli bilib. İfadəsində göstərib ki, korpus komandiri, general Hikmət Həsənov adamların əlləri, gözləri bağlı gətirilməsi, sorğu-sual edilərək araşdırma aparılması haqda göstəriş verib və s.

Bu ifadəyə münasibət bildirən Ələsgərov deyir ki, həbs olunduğu vaxt psixi sarsıntı keçirib və bu üzdən özünü qismən təqsirli bilməsi haqda ifadə verib: “Özümü qətiyyən təqsirli bilmirəm. Baş Qərargah rəisi Nəcməddin Sadıqov əmr verirsə, mən o əmrləri icra etməyə məhkumam...”

Ötən prosesdə...

Vüsal Ələsgərovun ifadə verməkdən, sualları cavablandırmaqdan imtina etməsinə zərərçəkmişlər etiraz edib. Hakim zərərçəkənlərə izah edib ki, qanunvericilik təqsirləndirilən şəxsə imtina hüququ da verir və məhkəmənin onu ifadə verməyə, sualları cavablandırmağa məcbur etmək səlahiyyəti yoxdur.

Martın 14-də keçirilən prosesdə prokuror məsuliyyətdən kənarda qalan yüksək vəzifəlilərin cəzalandırılması barədə demişdi ki, “Tərtər işi” üzrə istintaq davam edir. Əgər bu məhkəmə prosesinin gedişində kimlərinsə məsuliyyətə cəlb olunması baxımından əhəmiyyət daşıyan məsələlər üzə çıxsa, onların barəsində araşdırma aparılması üçün prokurorluğa göndəriləcək.

Generallar Hikmət Həsənov, Mais Bərxudarov və digər vəzifəli şəxslərin bu məhkəməyə cəlb olunması, üzləşmə keçirilməsi və s. haqda zərərçəkmişlərin vəsatəti isə baxılmamış saxlanılmışdı.

Məhkəmədə adı çəkilən şəxslər indiyədək bu ittihamlara münasibət bildirməyiblər.

“Biri generaldır, biri başqa vəzifəlidir...”

Təqsirləndirilən şəxslərdən yalnız Rüstəm Ələsgərov ifadə verib. O da istintaqdan gileylənib.

“Bir yetim tapıblar, yükləyiblər onun üstünə. Mən o binanı (hərbçilərin işgəncəyə məruz qaldığı iddia olunan ikimərtəbəli binadan söhbət gedir-red.) mühafizə edən əsgər olmuşam, heç içəri girməyə səlahiyyətim yox idi. Şəxsən mənimlə bağlı yazdıqları “1001 gecə nağılı”dır. Biri generaldır, biri başqa vəzifəlidir, mənim nə atam var, nə anam, nə bacım, nə qardaşım, gətirib atıblar bura. Teymur Məmmədov (işgəncə baş verən hərbi hissələrdən birinin komandiri olub-red.) evində rahat yatır, mən onun kimilərin yerinə buradayam...”, – Ələsgərov ifadəsində bildirib.

O vurğulayıb ki, birlikdə mühakimə olunduğu üç nəfəri həbs olunandan sonra tanıyıb.

Təqsirləndirilən şəxsin sözlərinə görə, mühafizə etdiyi binaya “KamAZ” maşınlarında adamları gətirirdilər. Binanın içində adamlara işgəncə verildiyini şəxsən görmədiyini deyən Ələsgərov bildirib ki, bir neçə dəfə onu şkafın yerini dəyişmək, su gətirmək adıyla içəri çağırıblar. Həmin vaxt içəridə qan, köhnə paltarlar, maskalı şəxslər, dəyənəklər, dizüstə yerdə oturdulmuş bir nəfər görüb:

“Həmin adam bölük yoldaşım Abbas idi. Soruşdum ki, nə olub sənə? Onu ittiham eləyirdilər ki, guya düşmənə xəritə ötürüb. Bizim söhbət elədiyimizi maskalılardan biri gördü, üstümə qışqırdı ki, ‘deyəsən, sən də onun yanına getmək istəyirsən...’ Mənə demişdilər ki, ‘binanın mühafizəsində dayan’, necə deyə bilərdim ki, dayanmıram? 7 nəfər zərərçəkmiş, ölüm işləri qoyublar üstümə. Ölənlərin də yaxınlarını aldadıblar...”

Ardınca zərərçəkmişlərin dindirməsi başlayıb. Bu dörd nəfərin işi üzrə ümumilikdə 192 nəfər zərərçəkmiş qismində tanınıb. Onlardan 185 nəfər zərərçəkmişdi, 7 nəfər isə hadisələr nəticəsində həyatını itirdiyinə görə onların ailə üzvləri zərərçəkmişin hüquqi varisi qismində tanınıb.

452 zərərçəkən

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin (CM) 145.3 (qanunsuz azadlıqdan məhrum etmə, ölümə səbəb olduqda), 293.2 (dövlət orqanının vəzifəli şəxsi tərəfindən işgəncə vermə), 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma) maddələrilə ittiham irəli sürülüb. Dörd nəfərdən Rüstəm Ələsgərova isə bu maddələrlə yanaşı, həm də CM-in 125-ci (özünü öldürmə həddinə çatdırma) və 126.3 (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, ölümə səbəb olduqda) maddələrilə ittiham verilib. Bu maddələrdə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Baş Prokurorluğun mətbuat xidmətindən AzadlıqRadiosu-na verilən məlumata görə, 2021-ci ilin dekabrında “Tərtər işi” üzrə icraat yenilənəndən sonra ümumilikdə 452 nəfər zərərçəkmiş qismində tanınıb.

İşgəncə verməyə görə cinayət məsuliyyətinə cəlb olunanlardan ümumilikdə 9 nəfərin işi məhkəməyə göndərilib. Onların arasında general-mayor Bəkir Orucov da var. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra etmiş Bəkir Orucov və daha dörd nəfər aprelin 5-də məhkəmə qarşısına çıxarılacaq.

Digərlərinin işi üzrə araşdırmalar Baş Prokurorluğun İstintaq İdarəsində davam edir.

“Tərtər işi” çərçivəsində Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxs həbs olunub, dövlətə xəyanətdə ittiham edilib. Sonradan bir sıra media orqanları və sosial şəbəkələrdə bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmədə işgəncə nəticəsində ölməsi ilə bağlı məlumatlar yayıldı.

Hüquq müdafiəçiləri işgəncədən ölənlərin sayının 10 civarında olduğunu desələr də, bu, rəsmən təsdiqlənməyib. Həmin şəxslərdən beşinə sonradan bəraət verilib.

XS
SM
MD
LG