Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:29

Rusiya ötən il orduya 500 min nəfəri cəlb edib - Qərb mediası


2022-ci il ərzində Rusiyada hərbi qulluqçuların sayı daha 500 min nəfər artıb.

Bu barədə məlumat verən Bloomberg agentliyi yazır ki, Rusiyanın rəsmi statistika qurumu – Rosstat bu rəqəmi 400 min nəfər olaraq göstərir.

Lakin Bloomberg analitikləri bildirirlər ki, rəsmi statistikanın açıqladığı rəqəm natamamdır və rəsmi olaraq Vaqner özəl hərbi şirkəti kimi təşkilatların hərbi xidmət üçün topladığı 100 min nəfər nəzərə alınmır.

Ötən ilin oktyabrında Rusiya hökuməti bildirmişdi ki, prezident Vladimir Putinin elan etdiyi “qismən səfərbərlik” çərçivəsində orduya 300 min hərbçi cəlb olunub.

Bloomberg yazır ki, Rusiya silahlı qüvvələri heyətinin belə artırılması Rusiyada işçi çatışmazlığı yaradır.

Bunu dolayısı ilə Rosstatın rəqəmləri də göstərir. Qurum 2022-ci ildə ölkədə işsizliyin rekord aşağı həddə olduğunu bildirmişdi.

Rusiyada işçi qıtlığı yaranacaq

Bu ilin fevral ayında HeadHunter işədüzəltmə platformasında göstərilən vakansiyalar iş üçün yazılan ərizələrin sayından çox idi. Adamlar boşalan vakansiyalarda işə düzəlirlər.

Rusiya baş nazirinin müavini Tatyana Qolikova deyib ki, 2023-ci ilin yanvarında işsizlik 3.6 faizə düşüb.

Bloomberg-in proqnozlarına görə Ukrayna müharibəsindəki itkilər və müharibəyə görə ölkəni tərk edən yüz minlərlə insan nəzərə alınarsa, Rusiyanın əmək qabiliyyətli əhalisinin sayı gələn onillikdə 6, 5 faiz azala bilər.

Bununla belə Rusiya hakimiyyəti hərbçilərin sayını daha da artırmaq əzmindədir.

Rusiya Müdafiə Nazirliyi aprel ayından orduya müqaviləli xidmət üçün hərbçilərin toplanmasına başlayacaq.

Nazirlik bildirir ki, bu kampaniya nəticəsində orduya daha 400 min nəfər cəlb olunacaq.

Qubernatorlara plan qoyulur

Bu da xəbər verilir ki, vilayət qubernatorlarına orduya cəlb olunacaq səfərbərlərin sayı qeyd olunan göstərişlər göndərilir.

Məsələn bu göstərişlərə görə Çelyabinsk və Sverdlovsk vilayətləri orduya 10 minədək, Perm vilayəti isə 9 min peşəkar hərbçi verməlidir.

Yanvar ayında müdafiə naziri Sergey Şoyqu qarşıdan gələn üç ildə Rusiya ordusunda hərbçilərin sayının 1.5 milyon nəfərə çatdırılmasına çağırmışdı.

Belə ehtimal edilir ki, bunların təxminən yarısını müqaviləli hərbçilər təşkil edəcək.

Eyni zamanda bu yaxınlarda Rusiya Dövlət Dumasına orduya çağırış yaşının 27-dən 30-a qaldırılması haqqında qanun layihəsi təqdim olunub.

Bakiskayadakı vaqnerçi məzarlığı
Bakiskayadakı vaqnerçi məzarlığı

Bakinskayadakı məzarlıq

Bu arada verilən xəbərlərə görə Rusiyanın müharibə itkiləri də sürətlə artır.

Krasnodar diyarının Bakinskaya qəsəbəsində (1864-cü ildə tərtib olunmuş Bakı 153-cü piyada alayının adını daşıyır) Vaqner özəl hərbi şirkəti muzdlularının dəfn olunduğu qəbirstanlıqda son iki ayda yüzlərlə yeni məzar peyda olub.

Bu qəbirstanlığı göstərən Maxar peykinin fotolarını The New York Times qəzetinin müxbiri Kristian Tribert dərc edib.

Tribert yanvarın 24-də qəbirstanlığın fotoşəkillərini dərc etmişdi. Jurnalist bu şəkilləri 2022-ci ilin 24 noyabrına aid fotolarla müqayisə etmişdi.

O bu nəticəyə gəlmişdi ki, buradakı qəbirlərin sayı 700 dəfə artıb.

Yerli fəallardan Vitali Votanovski də Ukraynada müharibə başlanandan bəri bu qəbirstanlığın böyüməsini müşahidə edib.

Onun sözlərinə görə burada 406 vaqnerçi muzdlu dəfn olunub.

Kurortu məzarlığa çevirmək

O habelə bildirirdi ki, mart ayının əvvəllərindən 20-dək döyüşçünün yaxınları onların cəsədlərini eksqumasiya etmək üçün sənədlərin hazırlığına başlayıblar. Onlar yaxınlarının niyə burada dəfn olunduqlarını başa düşmürlər.

Bundan əvvəl xəbər verilirdi ki, şəhər və diyar rəhbərliyi burada vaqnerçilərin dəfn olunmasını qadağan etməyə çalışıb.

Qoryaçi Klyuç şəhərinin bələdiyyə rəisi Sergey Belopolski martın 18-də yazırdı ki, vaqnerçilərin qəbirstanlığı həddən artıq böyüyüb və kurort şəhərini kütləvi məzarlığa çevirmək olmaz.

Buna cavab olaraq Vaqner özəl hərbi şirkətinin sahibi, oliqarx Yevgeni Priqojin bələdiyyə rəisini təhdid etmiş, habelə bununla bağlı tədbir görülməsi üçün Dövlət Dumasının sədri Vyaçeslav Volodinə və baş prokuror İqor Krasnova müraciət göndərmişdi.

Vaqner şirkəti bəzi təxminlərə görə Ukraynaya qarşı müharibədə döyüşmək üçün Rusiya koloniyalarından on minlərlə məhkumu səfərbər edib.

XS
SM
MD
LG