Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:22

Tərtər işi: 'Dedi ki, ürəyin nə istəyir, eləyim sənin üçün, amma de, işgəncə olmayıb...'


'Adamları gözümüz önündə öldürürdülər' - Tərtər işi
Gözlə

No media source currently available

0:00 0:10:34 0:00

'Adamları gözümüz önündə öldürürdülər' - Tərtər işi

"Tərtər işgəncələri" üzrə zərərçəkənlərin bir qismi o dövrdə dövlətə xəyanət ittihamı ilə həbs edilənlərin əleyhinə ifadə vermiş əsgərlər olub. Onlar deyir ki, 2017-ci ilin mayında onlara verilən işgəncələrə dözməyərək yalan ifadələr veriblər. Sonradan həmin ifadələrdən imtina etmək istəyəndə isə Hərbi Prokurorluq tərəfindən ailələri ilə hədələniblər. Zərərçəkmişlər bunları aprelin 11-də məhkəmədə ifadə verərkən danışıblar.

Sumqayıt Məhkəmə Kompleksində Tərtər hadisələri zamanı işgəncə verməkdə təqsirləndirilən şəxslərin məhkəməsi keçirilir. Onlardan hər birində dörd və beş nəfər olmaqla, iki qrupun işi məhkəmədədir. Digərlərinin işi üzrə istintaq hələ yekunlaşmayıb. İşgəncə verməkdə suçlanaraq cinayət məsuliyyətinə cəlb olunanların işini Bakı Hərbi Məhkəməsinin sədri və hakimləri araşdırır.

Aprelin 11-də dörd nəfərlik qrupun məhkəməsi davam edib – Tərtərdəki N saylı hərbi hissənin komandiri olmuş polkovnik Vüsal Ələsgərov, hərbi hissənin qərargah rəisi Rəşid Niftəliyev, kəşfiyyatçı-hərbi qulluqçular Ramil Qarayev Rüstəm Ələsgərov.

"Hərbi Prokurorluq düzüb-qoşurdu"

Zərərçəkmiş Zeynalabdin Hacıyev danışır ki, tağım komandirinin onu ermənilərə təhvil verməsi, təcavüzə məruz qalması haqda ifadə verənə qədər işgəncə altında olub. Əsgərlərlə müqayisədə zabit heyətinə daha çox işgəncə verildiyini deyən Hacıyevin sözlərinə görə, xüsusi təyinatlılar onları Hərbi Prokurorluğun müstəntiqlərinin qarşısına gətirirdilər. Orada onlardan ifadələr alırdılar.

"Bizimlə bağlı ekspertizadan da yalan rəy almışdılar. Bir müddət sonra bizi məzuniyyətə buraxdılar. Qardaşımın telefonundan Müdafiə Nazirliyinə ərizə yazdım. Hüquq idarəsinin rəisi Rauf Kişiyev çağırdı. Başımıza gələnləri danışdım, dedilər, bilirik. İfadələr üst-üstə düşmürdü, çünki olmayan hadisədən danışılırdı. Hərbi Prokurorluq düzüb-qoşurdu...", – Hacıyev belə deyib.

Onun sözlərinə görə, daha sonra hərbi hissə komandiri Vüsal Ələsgərovun yanına gəlib. Onun reaksiyası isə daha sərt olub. Zərərçəkmiş iddia edir ki, polkovnik Ələsgərov onu otağında "Makarov" tapançası ilə hədələyib.

"Neçə dəfə Hərbi Prokurorluğa müraciət elədim ki, o ifadə yalandır. Orada məni ailəmlə - atamla, qardaşımla hədələdilər. DTX-da mənimlə tağım komandirim arasında üzləşmə videosu çəkiləndə ağladım, yazılan ifadəni vermək istəmirdim. Videonu saxlayıb yenidən hədələdilər...", – Hacıyevin sözləridir.

O əlavə edib ki, Hərbi Prokurorluqdan, polkovnik Ələsgərovdan və Müdafiə Nazirliyindən şikayətçidir.

1 ay 17 gün işgəncəyə məruz qaldığını deyir

İsrafil Ələkbərzadə də iddia edir ki, Hərbi Prokurorluğun müstəntiqi onu ailəsi ilə hədələyib. Onun sözlərinə görə, deyilib ki, əgər istənilən ifadəni verməsə, o zaman valideynlərinə zəng olunacaq və oğullarının ermənilərlə əlaqədə olması haqda məlumat veriləcək: "Fikirləşdim ki, valideynlərim buna dözə bilməz...".

Başqa bir zərərçəkmiş Tahir Mahmudov da bənzər ifadə verərək Hərbi Prokurorluğun müstəntiqlərindən şikayətlənib: "Hərbi Prokurorluğun müstəntiqləri bizə işgəncə altında düşmən tərəfindən zorlanmaq barədə ifadələrə imza atdırıblar. Bizə işgəncə veriləndə onlar da orada olub və düşmənə işləmək, xəyanət barədə ifadələr tələb edirdilər".

Zərərçəkənlərdən Nicat Abbasov deyir ki, 2017-ci ilin mayında bədəninə qoşulan elektrik cərəyanının yaratdığı yanıq izləri indiyədək bədənindədir. Onun sözlərinə görə, 1 ay 17 gün işgəncəyə məruz qalıb. Nəticədə sinir sistemi sıradan çıxıb.

"2020-ci ildə müharibədə qardaşım şəhid oldu. Mən onu müharibəyə getməyə qoymurdum. Mənim başıma gətirilənlərdən sonra istəmirdim ki, o, hərbi formanı geyinsin. Bütün bədənim işgəncə izidir, verilən toklardan yanıq-yanıqdır", – Abbasov belə deyib.

"Hətta dişlərimdən də tok verirdilər"

Təqsirləndirilən dörd nəfərdən üçü ifadə verməkdən imtina edib. Yalnız biri – Rüstəm Ələsgərov məhkəmədə ifadə verib və ona qarşı irəli sürülən ittihamların yalan olduğunu, heç kimə işgəncə vermədiyini deyib. O iddia edir ki, mayın 1-dən 3-ü səhər saatlarına qədər hərbçilərə işgəncə verilən ikimərtəbəli köhnə hərbi hissə binasını əmr üzrə çöldən mühafizə edənlər arasında olub, heç binaya daxil olmayıb.

Lakin aprelin 11-də məhkəmədə dindirilən Fərzəli Cahangirov deyir ki, Ələsgərov yalan danışır: "Rüstəm də o binada döyənlərin arasında idi. Düzdür, mənə fiziki işgəncə verdiyini xatırlamıram. Amma söyürdü, təhqir edirdi. Bunlar dəqiq yadımdadır. Mənə orada nə zülmlər veriblər. Guya, mən əsgərlərimi ermənilərə satmışam. Hətta dişlərimdən də tok verirdilər...".

Zərərçəkənlərin bir hissəsi şikayətlənir ki, işgəncələrə məruz qalandan sonra onları "xidmətə uyğunsuzluq" adı altında işdən çıxarıblar. O vaxtdan iş tapa bilmirlər. Cahangirov da onlardan biridir: "Altı ildir işsizəm, heç yerdə də işə götürmürlər. Şikayətim müdafiə nazirindən, Hərbi Prokurorluqdan və korpus komandirindəndir".

"...Sən də çəkiliş elə, de ki, döyülməmişəm, işgəncə olmayıb..."

"Tərtər işgəncələri" üzrə budəfəki məhkəmə iclasında da dindirilən zərərçəkmişlərin əksəriyyəti korpus komandiri, general Hikmət Həsənovu ittiham edir. Onun işgəncələrə göstəriş verdiyini, bəzən birbaşa iştirakçısı olduğunu deyirlər.

Zərərçəkmiş İlqar Əliyev məhkəmədə bildirib ki, "Tərtər işgəncələri" ictimailəşəndən sonra general Həsənov ona razılaşma təklif edib. Lakin razılaşma baş tutmayıb: "Mənə dedi ki, ürəyin nə istəyir, eləyim sənin üçün, amma sən də çəkiliş elə, de ki, döyülməmişəm, işgəncə olmayıb...".

İşgəncə nəticəsində qabırğasının sındığını deyən Əliyevin sözlərinə görə, Tərtər hadisələri zamanı döyülməsində mülki formalı polisin də iştirakı olub: "Danışığından bildim ki, polisdir. Həmin mülki polisdən də şikayətçiyəm. O kimdir ki, gəlib hərbidə məni döysün, qabırğamı sındırsın?".

"Tərtər işi" üzrə məhkəmə araşdırmaları davam edir.

Heç biri özünü təqsirli bilmir

Zərərçəkmişlər ifadələrində dörd təqsirləndirilən şəxs arasında daha çox Vüsal Ələsgərovu ittiham edir, onun tərəfindən işgəncəyə, təhqirlərə məruz qaldıqlarını bildirirlər. Polkovnik Ələsgərov isə ünvanına səslənən ittihamlara, demək olar, reaksiya vermir. O, yalnız ilk məhkəmə iclasında deyib ki, müdafiə naziri, onun müavini, Baş Qərargah rəisi, korpus komandiri və Hərbi Prokurorluğun verdiyi əmrləri icra edib. Ona görə də özünü qətiyyən təqsirli bilmir.

General-mayor Hikmət Həsənovun adı cinayət işində keçməsinə və zərərçəkmişlərin onu ittiham etməsinə baxmayaraq, o, ünvanına səslənən fikirlərə heç bir münasibət bildirməyib.

Xatırlatma

Təqsirləndirilən şəxslər qanunsuz azadlıqdan məhrum etmə, işgəncə vermə, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər maddələrlə ittiham olunurlar. Bu maddələrdə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

2021-ci ilin dekabrında "Tərtər işi" üzrə icraat yenilənəndən sonra ümumilikdə 452 nəfər zərərçəkmiş qismində tanınıb.

İşgəncə verməyə görə cinayət məsuliyyətinə cəlb olunanlardan ümumilikdə doqquz nəfərin işi məhkəməyə göndərilib. Müdafiə Nazirliyinin idarə rəisi vəzifəsini icra etmiş Bəkir Orucov və daha dörd nəfərin məhkəməsi aprelin 5-də başlayıb və 13-də davam edəcək.

"Tərtər işi" çərçivəsində Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxs həbs olunub, dövlətə xəyanətdə ittiham edilib. Onlardan 19 nəfər 5 ilə yaxın həbsdə saxlandıqdan sonra 2022-ci ilin sonunda bəraət alaraq azadlığa buraxılıb.

Bundan başqa, Tərtər hadisələri zamanı dindirmələrə cəlb olunanların bir neçəsi elə orada həyatını itirib.

XS
SM
MD
LG