Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:48

Qospodinov Buker mükafatına layiq görüldü


Georgi Qospodinov
Georgi Qospodinov

Bolqarıstan yazıçısı Georgi Qospodinovun “Zaman sığınacağı” romanı Beynəlxalq Buker Mükafatına layiq görülüb.

Əsərdə Alzheimer xəstəliyindən əziyyət çəkən insanlar üçün açılan klinikadan bəhs edilir. Xəstəxananın mərtəbələrində ötən onilliklərin ab-havası yaradılır: mebel və içkilərdən tutmuş, müvafiq dövrün gündəlik qəzetlərinə qədər. Klinika şöhrət qazanır - və sağlam insanlar da müasir həyatın dəhşətlərindən qurtulmaq üçün oraya axışırlar.

Münsiflər heyəti kitabı “ironika və həzinliklə dolu parlaq roman” və “Avropa haqqında möhtəşəm roman” adlandırıb. “Bu, müasir fəlsəfi suala toxunan çox dərin əsərdir: xatirələrimiz itəndə başımıza nə gəlir?”, – münsiflər heyətinin sədri Leyla Slimani bildirib.

Qospodinov Beynəlxalq Buker mükafatına layiq görülən ilk bolqarıstanlı yazıçı olub. O, 50.000 funt-sterlinq mükafatı romanın ingiliscəyə tərcüməçisi Ancela Rodel ilə bölüşəcək. Münsiflər heyəti tərcüməçinin işini "zərif və ustacasına" adlandırıb.

+++

Bolqarıstanlı yazıçı Rusiya bazarını niyə boykot etmədi

Bolqarıstanın həyatda olan ən məşhur yazıçısı Georgi Qospodinov Rusiyadakı oxucuların onun distopik, anti-Putin mesajı verən son romanını oxumasını arzulayır.

Lakin "Time Shelter"in (Zaman Sığınacağı) Rusiyada tərcümə olunması və satılması qərarı Bolqarıstanda müzakirələrə səbəb olub. Ölkənin bəzi mədəniyyət xadimləri Rusiyanın Ukraynaya təcavüzünü açıq şəkildə tənqid edən Qospodinovun Rusiyadan uzaqlaşan digər qlobal yazıçılara qoşulmalı olduğunu bildirib. Digərləri, o cümlədən bir bolqar naşir bu məsələnin rusofobiyanı qızışdırmaqdan başqa bir işə yaramayacağını deyib.

Bolqarıstanda heç bir müasir yazıçı Avropa yazıçıları arasında aparıcı səs sayılan Qospodinov qədər mükafat almayıb, eyni zamanda onun əsərləri qədər çox tərcümə olunan başqa əsər də yoxdur. Onun əsərləri kommunist dövrü Şərqi Avropasının keçmişindən və xatirələrindən bəhs edir.

The New Yorker-in "anarxik, eksperimental debüt" kimi təsvir etdiyi "Natural Novel" (Təbii Roman) 1999-cu ildə çap olunub, 2005-ci ildə isə ingilis dilinə tərcümə edilərək beynəlxalq səhnəyə çıxıb.

Bu ayın əvvəlində Qospodinovun “Zaman Sığınacağı” 2023-cü il Beynəlxalq Buker Mükafatı üçün qısa siyahıya düşən altı romandan biri oldu. Qalib mayda elan ediləcək. Dünyanın hər yerindən bədii ədəbiyyat nümunələri ingilis dilinə tərcümə edilərək, Böyük Britaniya və İrlandiyada nəşr olunub.

“Zaman Sığınacağı”nda Alzheimer xəstələri həyatlarının fərqli illərinə qayıdaraq "keçmişin klinikasında" müalicə olunurlar. Keçmişin təsvirləri inandırıcı olmağa başlayanda sağlam insanlar da bura daxil olmağa başlayırlar. Özlərini müasir həyatın dəhşətlərindən qorumaq üçün “zaman sığınacağı”na girmək istəyirlər.

Beynəlxalq təcrid

Rusiya Prezidenti Vladimir Putinin 2022-ci il fevralın 24-də Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra, Moskva getdikcə artan beynəlxalq təcridlə üzə-üzə qaldı. Rusiyanın Ukraynadakı hərbi cinayətləri ilə bağlı iddiaların güclənməsi nəticəsində bizneslər ölkədən çıxıblar və indi Putinin özü Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarı ilə üz-üzədir. Rusiya idmançıları və komandaları bəzi yarışlardan, o cümlədən Avropanın ən nüfuzlu futbol turnirlərindən kənarlaşdırılıb.

Mədəniyyət aləmindən də bir çox beynəlxalq musiqiçilər Rusiyada çıxış etməkdən imtina ediblər. Ukrayna dünyanı Rusiyanı daha da təcrid etmək üçün boykota çağırıb. 2022-ci ilin dekabrında mədəniyyət naziri Oleksandr Tkaçenko Kremli Ukraynanın "mədəniyyətini və yaddaşını" silməyə çalışmaqda suçlayıb. Böyük Britaniyanın “Guardian” qəzetinə rəy yazısında Tkaçenko deyib ki, nazirlik "800-ə yaxın dağıdılmış abidələr, sənət əsərləri, muzeylər və qiymətli tarixi binalar qeydə alıb".

Ədəbi boykotlar

Boykotlar ədəbi mühitdən də yan keçməyib. Rusiyanın 2022-ci il işğalından qısa müddət sonra Stiven Kinq (Stephen King) də daxil olmaqla yazarlar əsərlərinin Rusiyada nəşrinə bir daha icazə verməyəcəklərini açıqladılar.

Müəlliflərin özləri tərəfindən bu formada kitab qadağaları nadir görünən hadisə olsa da, bəzən baş verib.

2021-ci ilin oktyabrında ən çox satılan kitab mükafatına layiq görülən irlandiyalı yazıçı Sally Runi (Sally Rooney) bildirib ki, "Beautiful World, Where Are You?" (Gözəl Dünya, Haradasan?) romanını ivrit dilinə tərcümə hüququnu İsraildə yerləşən heç bir nəşriyyata satmır və Fələstin xalqının BMT-də nəzərdə tutulan hüquqlarını dəstəkləyir.


“Daily Mail” qəzeti Runinin ivrit dilinə tərcümədən imtina edən ilk görkəmli müəllif olmadığını, Elis Uolkerin (Alice Walker) 2012-ci ildə "The Color Purple" (Bənövşəyi Rəng) əsərinin ivrit dilinə tərcüməsinə icazə vermədiyini qeyd edirdi.

“Nostalji keçmişinə sığınmaq”

Amma Qospodinov yeni romanının rusca nəşr olunmasını çox istəyir. Müəllifə görə, əsərin əsas mövzusu elə Putinin Ukraynanı işğal etməsi, yəni "nostalji keçmişinə sığınmaq"dır.

Qospodinov bu ayın əvvəlində "The Guardian"da deyib ki, "anlaşılan Putinin 1940-cı illərin əvvəllərinə qayıtmağı seçməsidir. Rusiyanın hazırkı bədbəxtliyi və təcrid olunması onu keçmiş Sovet İttifaqının "xoşbəxt" və güclü dövrlərinə qayıtmağa vadar edib".

Qospodinov bildirib ki, "Putinin istədiyi bu müharibədə qalib gəlmək deyil, onu xroniki hala gətirmək, hamımızı o rejimdə yaşamağa məcbur etməkdir. Onun məqsədi indiki (və gələcək) infrastrukturun hamısını – suyu, istiliyi, işığı məhv etməkdir. Ukrayna xalqının gündəlik həyatını, mövcudiyyətini, sözün əsl mənasında yox etməkdir”.

“Putini hədəfə alıb”

AzadlıqRadiosunun bolqar xidmətinə danışan Qospodinov deyib ki, “Time Shelter” “Putini hədəfə alıb” və hətta əsər Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı eyhamlarla, müharibə ilə başa çatır. O, Rusiyadakı kitab sövdələşməsinin ayrıntılarından da danışıb.

“Time Shelter” rus dilində Sankt-Peterburqda uşaq ədəbiyyatı ilə məşğul olan kiçik nəşriyyat evi – “Polyandriya NoAge” tərəfindən nəşr olunacaq. Polyandriya NoAge tərəfindən nəşr olunacaq. Qospodinovun sözlərinə görə, rusiyalı naşirlə müqavilə, Rusiyanın genişmiqyaslı işğalı başlamasından əvvəl imzalanıb.

Bu cür qərarların adətən yazıçının təmsilçisi tərəfindən verildiyini deyən Qospodinov son kitabının Moskva Kitab Sərgisində nümayiş olunmayacağını və Rusiyada heç bir kitab sərgisinə qatılmayacağını də sözlərinə əlavə edib.

“Time Shelter”in Bolqarıstan naşiri Manol Pekyov Rusiya müqaviləsinin detallarını bilmədiyini, lakin onun Qospodinovun təmsilçisi tərəfindən idarə olunduğunu təsdiqlədi.

Pekyov həmçinin AzadlıqRadiosuna bildirib ki, Rusiya bazarını boykot etmək rusofobiyanı artıra bilər.

Rusiya ilə əlaqələri kəsənlər

Bolqarıstan və Rusiyanın uzun müddətdir sıx əlaqələri var. İki ölkəni əlifba, din və köhnə kommunist keçmişi birləşdirir. Rəsmi Sofiya Qərbin Moskvaya sanksiyalarını dəstəkləyib, Kiyevə humanitar və hərbi yardımlar çatdırıb və ukraynalı qaçqınları qəbul edib. Ancaq bununla yanaşı Bolqarıstanın bəzi yüksək səviyyəli siyasətçiləri, kommunist dövrünün müasir versiyası olan Bolqarıstan Sosialist Partiyası da, ölkənin hazırkı prezidenti Rumen Radev də bu qərarlara qarşı çıxıb.

Ümumrusiya Kitab Reytinq Xidmətinin məlumatına görə, Rusiyadakı kitabsevərlər əcnəbi müəlliflərə üstünlük verir. Bu da 2022-ci ildə Rusiyada satılan kitabların əksəriyyətinin əcnəbilər tərəfindən qələmə alındığını göstərir.

Kremlin Ukraynaya qarşı müharibəsindən şoka düşən və dəhşətə gələn xarici müəlliflər tez bir zamanda Rusiya ilə əlaqələri kəsməyə başladılar. Kinqdən başqa Rusiyanı tərk edənlər arasında Harri Potterin müəllifi J. K. Roulinq (Rowling), kanadalı yazıçı Linvud Barkley (Linwood Barclay), digərləri var.

Penguin Random House, Simon & Schuster və Gardners də daxil olmaqla, böyük nəşriyyatlar da Moskvanın kiçik qonşusunu işğal etməsinə etiraz olaraq Rusiyadan çıxmağa başlayıblar.

“Rusiya Kremldə yaşayan 50 nəfərdən ibarət deyil”

Lakin bolqarıstanlı naşir Peykov bildirib ki, əlaqələri, xüsusilə də mədəni əlaqələri kəsmək Rusiyanı demokratik addımlara sövq edəcək yol deyil.

Peykov deyib ki, "Rusiya Kremldə yaşayan 50 nəfərdən ibarət deyil. Rusiya yüz illik tarixə malik, nəhəng ərazisi və dünyada böyük nüfuzu olan ölkədir. Hər hansı bir şəkildə nəyisə dəyişdirmək şansımız varsa, bu, yavaş və çətin düşüncə dəyişikliyi ilə ola bilər. Bunun da yolu ədəbiyyat və sənətdən keçir. Başqa yol yoxdur."

Bəzi mədəniyyət nümayəndələri isə bu fikirlə razılaşmır. Sofiya Universitetinin mədəniyyət üzrə tədqiqatçısı Slava Yanakiyeva yaxın günlərdə Facebook paylaşımında yazıb: “Hesab edirəm ki, bütün şərəfli insanlar Rusiya ilə bütün əlaqələri kəsməlidirlər. Çünki Rusiyada qəhrəman müxalif fikirli insanlar və qorxan normal insanlar da ola bilər, amma mədəniyyətin hər bir məhsulu onları yox, onları əzib öldürən gücü qanuniləşdirir”.

Yanakiyeva bolqarıstanlı animator Teodor Uşevin “Phi 1.618” filminin aprelin 20-dən 27-dək keçiriləcək Moskva Beynəlxalq Film Festivalı üçün seçildiyi xəbərinə də münasibət bildirib.

Uşev özü Bolqarıstan mətbuatına bildirib ki, açıqlaması tənqidlə qarşılanıb.

Sənət insanlarının missiyası...

Mədəniyyət eksperti Georgi Lozanov AzadlıqRadiosuna deyib ki, "sənət insanları Rusiyanın mədəni həyatında iştirak aktı ilə məhdudlaşa bilməzlər. Onlar mesaj göndərməli və bunu niyə etdiklərini izah etməlidirlər". Lozanova görə, "boykot boykotdur və bu, ən məntiqli mövqedir. Qeorgi Qospodinov və Teodor Uşev mürəkkəb strategiya qəbul ediblər".

Lozanov Qospodinovun Rusiya təcavüzünə qarşı birmənalı mövqeyindən danışarkən bildrib ki, “Rusiya cəmiyyəti və Rusiya ziyalıları ilə dialoqa cəhd edərkən, təşviqə ehtiyacı var”.

Qospodinov AzadlıqRadiosuna deyib ki, o, Rusiyada nəşriyyat müqaviləsini ləğv etmək niyyətində deyil. Əsəri Rusiyada nəşr etmək üçün motivasiyası ilə bağlı verilən suala cavab olaraq Qospodinov, Kremli tənqid etdiyi üçün zəhərlənən və 2021-ci ilin yanvarında Almaniyada müalicədən qayıdan kimi həbs edilən müxalifətçi Aleksey Navalnı haqqında danışıb. "Bu, Navalnıdan Rusiyaya qayıtmaq üçün motivasiyanın nə olduğunu soruşmağa bənzəyir. Düşünürəm ki, romanım açıq şəkildə bu müharibəyə, millətçiliyə və populizmə qarşıdır. Bu, tamamilə Putin əleyhinə bir romandır".

XS
SM
MD
LG