Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:39

Ukrayna Rusiyanın işğalını yenidən yaza biləcəkmi


Ukrayna
Ukrayna

Ötən ilin payızında Ukrayna Rusiyanın işğal hekayəsini yenidən yazdı. Bu, birinci dəfə deyildi və əgər yaxın həftələrdə işlər Ukraynanın istədiyi kimi getsə, sonuncu da olmayacaq.

2022-ci il oktyabrın 1-də Rusiya Donetsk vilayətində tutduğu Liman şəhərindən geri çəkildi və şəhəri Ukrayna qüvvələrinə təslim etdi. Bu, iki aylıq əks-hücumun kulminasiya nöqtəsi oldu. Eyni zamanda Xarkov vilayətində onlarla yaşayış məntəqəsi də geri alındı. Rusiyanı karıxdıran bu uğur Qərb müşahidəçilərini heyrətləndirdi.

Ağır qış aylarının ardınca həm Moskva, həm də Kiyev yeni əks-hücuma hazırlaşır və Ukrayna rəsmiləri bunun qaçılmaz olduğunu bildirirlər. Bu, işğalda mühüm dönüş nöqtəsi olacaq.

Əkshücumun nə vaxt başlayacağı bəlli deyil. Yazda Ukraynanın tarlaları və meşələri hətta tırtıllı avtomobillər üçün belə keçilməz olur. Bəlkə də bu, ən böyük həlledici amildir.


Amma Qərbin dəyərləndirmələrinə görə, hücum Ukraynanın 2022-ci il fevralın 22-də Rusiya işğalı başlayandan bəri göstərdiyi bütün səylərdən daha geniş və mürəkkəb olacaq. Buna görə də Kiyevin qərbli dəstəkçiləri ehtiyatlı proqnozlar verirlər.

Almaniyanın keçmiş kansleri Angela Merkelin hərbi müşaviri, istefada olan briqada generalı Erix Vad (Erich Vad) AzadlıqRadiosuna deyib: "Çox güman ki, “palçıq dövründən” sonra baş tutacaq bu hücum həm hərbi, həm də siyasi baxımdan zəruridir. Ancaq nəticə etibarilə Rusiyanın sırf say və eskalasiya üstünlüyü hücumun ümumi hərbi vəziyyəti dəyişəcəyi ehtimalını azaldır”.

"Bəlkə də ukraynalılar bizi təəccübləndirəcək. Onlar bizi əvvəldən təəccübləndirirlər. Heç kim Rusiyanın üstünlüyünə qarşı bir il mübarizə apara biləcəklərinə inanmırdı", – o, sözlərinə əlavə edib.

Ukraynanın bütün nizami və qeyri-nizami bölmələri ABŞ-ın arsenallarından azı 32 milyard dollarlıq silah və təhlükəsizlik yardımı, eyni zamanda avropalı müttəfiqlərin milyardlarla vəsaitləri ilə hücuma keçəcək.

Qərb silahları

Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İhnat (Yuriy Ihnat) bildirib ki, ABŞ istehsal etdiyi Patriot sistemləri Ukraynaya gəlib və bəziləri artıq istifadə olunur. Abrams M1 döyüş tanklarının isə yaz əks-hücumuna çatacağı gözlənilmir.

Ukrayna bölmələrində yerləşdirməsi gözlənilən digər əsas silahları arasında Almaniyanın Leopard 2, Britaniyanın Challenger tankları və Fransanın AMX-10 maşınları var. ABŞ-ın Avropa qüvvələrinin baş komandanı, general Kristofer Kavoli (Christopher Cavoli) aprelin 26-da bildirib ki, NATO müttəfiqlərinin Ukraynaya vəd etdiyi döyüş maşınlarının “98 faizi” artıq çatdırılıb.

Təəssüf ki, Ukraynada digər mühüm avadanlıqlar, minalanmış ərazilərdə yolları təmizləmək üçün traktora bənzər maşınlar və su yolu üzərində müvəqqəti körpü qura bilən maşınlar çatışmır. Başqa bir reallıq isə odur ki, Rusiya Ukraynanın Luqansk vilayətindən, cənub-qərbdə Donbasa qədər uzanan təqribən 1200 kilometrlik cəbhə boyu müdafiə xətlərini qazaraq genişləndirir və Rusiya Ukraynadan daha qısa təchizat xətlərinə malikdir.

"Kiçik əraziləri geri almaq"

Məlum səbəblərdən Ukraynanın konkret nə vaxt, hansı ərazilərdə hücum etməyi planlaşdırdığı gizli saxlanır. Vəziyyəti daha da çətinləşdirən, ilin əvvəlində sızdırılan gizli Pentaqon sənədləridir. Açıqlamalar arasında Ağ Evin Ukrayna səylərinin uğurlu olacağına dair şübhəsi və bu cəhdlərin yalnız “kiçik əraziləri geri almaqla” nəticələnəcəyi ehtimalı yer alıb.

Bir çox qərbli müşahidəçilər və hərbi ekspertlər hücum hədəfi ərazilərdən biri kimi Kiyevdən təxminən 550 kilometr cənub-şərqdə yerləşən Zaporojye bölgəsini qeyd ediblər. Melitopol şəhərinə və ya Berdyansk limanına uğurlu irəliləyiş Rusiyanın qərbə, Xerson vilayətinə və daha da önəmlisi Krıma qoşun tədarük etmək üçün istifadə etdiyi “quru körpü”yə təhlükə yarada bilər. Dnepr çayının şərq sahilindəki Xerson bölgəsi də ehtimallardan biridir.

Digər ehtimallar arasında, Rusiya qüvvələrinin son aylarda bir neçə dəfə məğlub olduğu Vuhledar kimi, Donetsk və ya Luqansk bölgələrindəki yerlər də var.

"Putin bu gün də inanır ki..."

Qərb müdafiə və kəşfiyyatının təxminlərinə görə, 15 aydır davam edən işğal müharibəsi Rusiyanın ölü və yaralılar daxil olmaqla 200 min itki verməsilə nəticələnib.

Pentaqonun sızdırılmış sənədləri və anonim danışan Qərb rəsmilərinə görə, Ukraynada itki sayı 120 minə yaxın olsa da, dəqiq rəqəmləri əldə etmək çətindir. Hər iki tərəf öz qoşunlarını gücləndirməyə çalışır. Rusiya keçən ilin sentyabrında başlatdığı səfərbərliyə 300 minə qədər əlavə hərbçi cəlb etsə də, onların hamısını Ukraynaya göndərilməyib. Vaqnerin (Wagner) xüsusi muzdlu dəstəsi on minlərlə əsgəri döyüşə göndərib, onların əksəriyyəti keçən yaydan bəri orduya cəlb olunan həbsxana məhbuslarıdır.

Ukrayna qüvvələrinin çoxunun tükəndiyi güman edilir. Ukrayna Rusiya işğalından sonra ölkəboyunca səfərbərlik həyata keçirib.

NATO-nun baş katibi Yens Stoltenberq (Jens Stoltenberg) aprelin 27-də deyib: "Ümumilikdə, doqquzdan çox yeni Ukrayna zirehli briqadasını təchiz etmişik. Bu, Ukraynanı işğal olunmuş əraziləri geri almağa davam etmək üçün güclü mövqeyə gətirəcək".

Prezident Vladimir Putin Ukraynanı və onun Qərb himayədarlarını üstələməyə vaxtı və resursları olduğunu düşünür.

ABŞ Mərkəzi Kəşfiyyatının (CIA) direktoru Uilyam Börns (William Burns) bu ayın əvvəlində Texas A&M Universitetində çıxış edərkən deyib: “Putin bu gün də inanır ki, zaman onun işinə yaraya bilər... o, ukraynalıları darmadağın edə bilər, ABŞ-ı və Avropadakı müttəfiqlərimizi darmadağın edə bilər və son nəticədə Ukrayna onun üçün bizdən daha önəmlidir. Buna baxmayaraq, ukraynalılar kifayət qədər qətiyyətlidirlər. Və mən son bir neçə ildə onların motivlərini və bacarıqlarını ciddiyə almağı öyrəndim”.


"Effektiv olduqlarını göstərməlidirlər"

Digər tərəfdən, Ukraynanın Qərb himayədarları arasında artan səbirsizlik Rusiyanın xeyrinə ola bilər. Məsələn, Fransa atəşkəs və ya sülh danışıqları istiqamətində fəallaşmağa başlayıb. Birləşmiş Ştatlarda ictimai rəy sorğuları Ukraynanı silahlandırmaq həvəsinin getdikcə azaldığını göstərir.

Ukraynanın mülki və hərbi rəhbərləri isə açıq şəkildə vurğulayıblar ki, son məqsəd Rusiyanın nəzarəti altında olan bütün Ukrayna torpaqlarını geri almaqdır.

Kornell Universitetinin hərbi tarixçisi David Silbey (David Silbey) AzadlıqRadiosuna bildirib: “Ukraynalıların qələbəsi hazırda bütün ərazilərinin, o cümlədən Krımın azad edilməsidir. Zelenskinin ritorikasını nəzərə alsaq, indiki məqamda onun Ukrayna xalqı üçün kiçik əraziləri geri qaytarması çətin olardı".

Ancaq hələlik, az sayda müşahidəçi bunu real hesab edir. Əgər Ukrayna böyük əraziləri geri ala və ya Rusiya qoşunlarına dağıdıcı itkilər verə bilməsə, Qərb liderləri çox güman ki, Zelenski hökumətini Moskva ilə danışıqlara açıq olmağa sövq edə bilərlər.

XS
SM
MD
LG