Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:34

'Vaqner' Moldovada zorakılığı qızışdırmaq istəyibmiş – sızan sənədlər


Martın 9-da Kişinyovda saxlanılan və "Vaqner"in muzdlu əsgəri olduğu iddia edilən şəxsin telefonunda tapılan fotoşəkil.
Martın 9-da Kişinyovda saxlanılan və "Vaqner"in muzdlu əsgəri olduğu iddia edilən şəxsin telefonunda tapılan fotoşəkil.

Rusiyanın "Vaqner" (Wagner) muzdlu qrupu Kremlin Moldovada sabitliyi pozmaq niyyəti ilə vətəndaş iğtişaşlarını qızışdırmaq səylərinə cəlb olunub. Bunu AzadlıqRadiosunun rus xidmətinin gördüyü, sızdırılmış ABŞ hərbi sənədləri üzə çıxarıb.

ABŞ-ın 28 fevral tarixli məxfi sənədinə görə, "Vaqner"in dəstəklədiyi sui-qəsd planına Türkiyədə 150-dən çox iştirakçı üçün "etiraz təlimi" təşkil etmək daxil olub. Təlimlərdə etirazların başladılması, təhlükəsiz xidmətinin iğtişaşlara reaksiyası, ilk tibbi yardım, ələ keçirildiyi halda, davranışla bağlı psixoloji dərslər nəzərdə tutulub.

Pentaqon sızdırılan sənədlərin məzmununu şərh etməyib. ABŞ-ın yüksək rütbəli rəsmiləri isə onların həqiqi olduqlarını deyirlər.

Milli Hava Qvardiyasının 21-yaşlı əsgəri Cek Teyşeyra (Jack Teixeira) məxfi sənədlərin internetdə yayılması ilə əlaqədar həbs edilib. Açıqlamanı aprelin 13-də ABŞ-ın baş prokuroru Merrik Qarland (Merrick Garland) verib.

Martda Moldova polisi "Vaqner"in bir üzvünün həbs olunduğunu, bir neçəsi Rusiyadan olmaqla daha bir qrupla birlikdə iğtişaşları qızışdırmaq cəhdində ittiham edildiyini bildirib. Moldova polisi iddialarını dəstəkləmək üçün rusiyalı muzdlu olduğu iddia edilən şəxsin fotolarını yayıb.

Kişinyovda müxalifətin etiraz aksiyası, 12 mart 2023-cü il
Kişinyovda müxalifətin etiraz aksiyası, 12 mart 2023-cü il

İddia olunan çevriliş planı

İndiyədək Kişinyov Kremlin ölkədə sabitliyi pozmaq cəhdləri ilə bağlı dəfələrlə xəbərdarlıq edib. Fevralın 13-də Moldovanın prezidenti Maya Sandu (Maia Sandu) Kremlin Moldovada çevriliş planlaşdırdığını açıqlayıb. Ukrayna kəşfiyyatı iddia edilən çevrilişin detallarını daha öncə paylaşmışdı. Sandunun sözlərinə görə, 2022-ci ilin sonlarında Kremlin daha bir planının qarşısı alınıb. Kreml isə bu iddiaları təkzib edib.

"Vaqner" Moldovanın iddialarını açıq şəkildə şərh etməyib. Onun muzdluları Suriyada, bir sıra Afrika ölkələrində və başqa yerlərdə də peyda olublar. Ukraynada döyüşmək üçün Rusiya həbsxanalarından minlərlə məhbus cəlb olunub. "Vaqner"in qurucusu və rəhbəri, keçmiş Sovet İttifaqı dövründə doqquz il həbs cəzası çəkmiş ərzaq təchizatı sahibkarı Yevgeni Priqojin Ukraynada altı ay sağ qalandan sonra məhkumlara əfv təklif edib. Fevralın 9-da isə məhbusların Ukraynada döyüşmək üçün cəlb edilməsini dayandırıb.

Moskva 2022-ci il fevralın 24-də Ukraynaya genişmiqyaslı müdaxiləyə başlayandan bəri analitiklər Rusiya prezidenti Vladimir Putinin müharibəni Moldovaya qədər genişləndirə biləcəyi barədə xəbərdarlıq edirdilər. Moskva Dnestryanı bölgədə mindən çox əsgər yerləşdirib.

"Veqa" ÖHŞ-nin muzdlusu Dmitri Cinikaşvili
"Veqa" ÖHŞ-nin muzdlusu Dmitri Cinikaşvili

Sandunun siyasəti

Kremlin artan təzyiqləri fonunda Qərb Aİ və NATO üzvü Rumıniya və Ukrayna arasında yerləşən Moldovanın prezidenti Sandunu dəstəklədi.

Sandunun Moldovanı Qərbə yönəltməsi isə Moskvanı qəzəbləndirib. 2022-ci ilin iyulunda Moldovaya Ukrayna ilə birlikdə Aİ-yə namizəd statusu verildi. Fevralın 21-də ABŞ prezidenti Co Bayden (Joe Biden) Polşada Maya Sandu ilə görüşündə ABŞ-ın Moldovanın suverenliyi və ərazi bütövlüyünə güclü dəstəyini bir daha təsdiqlədi.

Bu bəyanat Putinin Rusiyanın Ukrayna ilə həmsərhəd olan Dnestryanı ərazi ilə bağlı mübahisənin həllində Moldovanın suverenliyini tanıyan fərmanı ləğv etməsindən sonra verilib. Kremlin vebsaytında deyilir ki, Rusiyanın Qərblə münasibətlərinin gərgin olmadığı 2012-ci ildə qüvvəyə minən fərman beynəlxalq münasibətlərdə baş verən hərtərəfli dəyişikliklərdən sonra Rusiyanın milli maraqlarını təmin etmək üçün ləğv olunub.

1990-cı ildə, əsasən, rusdilli olan Dnestryanı Moldovanın eyni tarixi və dili paylaşdığı Rumıniya ilə birləşəcəyindən ehtiyat edərək öz müstəqilliyini elan etdi. 1992-ci ilin yazında tərəflər arasında qısa müharibə zamanı Dnestryanıda yerləşən Rusiya qoşunları separatçıları dəstəklədi. O vaxtdan həmin əsgərlər sülhməramlılar olduqlarını iddia edirlər.

Moldova prezidenti ölkədə təxribat törədildiyini deyir
Gözlə

No media source currently available

0:00 0:01:28 0:00

Kremlin iddiası

2022-ci ilin fevralında Moskvanın Ukraynaya müdaxiləsi başlayanda ABŞ rəsmiləri xəbərdarlıq etdilər ki, Kreml Ukraynanın Qara dəniz sahilindən quru körpüsü tikmək arzusu ilə Moldovaya və xüsusilə Dnestryanı bölgəyə göz dikib.

Moskva ilə artan gərginlik fonunda Moldovanın müdafiə naziri Anatoli Nosati yanvarda Kişinyovun Qərb tərəfdaşlarından hava hücumundan müdafiə sistemləri istəməsini təsdiqlədi. Bu da ölkənin Qərbdən ölümcül silahlar almamaq siyasətindən kənara çıxdığını göstərir.

Kremlin mövqeyincə, onun düşmənləri Moldovada iğtişaşlar törətmək və sonra rahat şəkildə Moskvanı günahlandırmaq niyyətindədirlər. Martın 1-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ehtimal olunan "təxribat"dan danışıb. Belə ki, guya, Kiyev Dnestryanı yaxınlığında hücumda radioaktiv materiallardan istifadə etməyi və bundan sonra Rusiya qüvvələrini məsuliyyətdə suçlamağı planlaşdırıb.

Etirazlar və iğtişaşlar

Fevral və mart aylarında Moldovanın paytaxtı Kişinyov inflyasiya, Rusiyadan neft və qaz tədarükünün azalması fonunda yanacaq qiymətlərinin artması ilə bağlı etirazlarla çalxalandı. Etirazları özünü "xalq hərəkatı" adlandıran, kremlyönümlü Şor Partiyasının (Shor Party) üzvləri təşkil etmişdi. Partiyanın qurucusu və lideri, hazırda İsraildə yaşayan İlan Şor 2017-ci ildə dələduzluqda təqsirli bilinmişdi.

Rusiya rəsmisi: Moldova ilə quru əlaqəsi yaratmaq strateji məqsəddir
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

Etirazlar qərbyönlü hökumətin zəiflədiyi vaxta təsadüf etdi. Fevralın 10-da baş nazir Natalia Qavrilita 18 aylıq qarışıq hakimiyyətdən sonra istefa verdiyini elan etdi.

Qərbyönümlü Baş nazir Dorin Recean Fəaliyyət və Həmrəylik Partiyasından 62 millət vəkilinin dəstəyini qazandıqdan sonra, fevralın 16-da and içərək vəzifəsinə başladı. Rusiyayönlü Kommunistlə və Sosialistlər Bloku və Şor Partiyası isə səsverməni boykot edir.

Martın 12-də Moldova polisi xüsusi təlim keçmiş qrupların qərbyönlü hökumətə qarşı etiraz aksiyası zamanı planladığı kütləvi iğtişaşların qarşısını aldığını bildirib. Moldova polisinin rəisi deyib ki, onların gizli agenti Kişinyov etirazları zamanı ölkədə sabitliyi pozmaq, kütləvi iğtişaşlar təşkil etməkdən ötrü 10 min dollar vəd edilmiş, üzləri arasında Rusiya vətəndaşları olan "diversiyaçılar" qruplarına sızıb. O, 7 nəfərin saxlandığını bildirib.

Saxlananlardan biri "Vaqner" üzvü olub?

AzadlıqRadiosunun Moldova xidməti xəbər verir ki, polis martın 12-də Şor Partiyasının dəstəklədiyi və polislə etirazçılar arasında bəzi toqquşmalarla müşayiət olunan etiraz aksiyasında 54 nəfəri həbs edib.

Martın 9-da isə Moldova polisi həbs edilən şəxslərdən birinin "Vaqner"in üzvü olduğunu iddia edərək onun muzdlu qrupla əlaqəli döymələrinin fotolarını sübut kimi təqdim edib.

"Vaqner" üzvünə aid olduğu güman edilən fotoşəkildə hərbi geyimdə olan bir neçə şəxsin üzərindəki medallar, təkcə "Vaqner"lə yox, Rusiyanın daha bir muzdlu şirkəti olan "Veqasi" (Vegacy) ilə də əlaqələndirirlir.

Pentaqonun sızdırılmış sənədinə görə, Moldova etirazlarının təşkilatçıları fevralın 24-dən fevralın 28-dək Türkiyədə təlim keçməyi planlaşdırıblar, lakin Türkiyə kəşfiyyatının rus kişilərinə diqqətini nəzərə alaraq yeri Rusiyadakı təlim mərkəzinə dəyişiblər.

XS
SM
MD
LG