Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:36

Xəstələrdən rüşvət almaqda suçlanan baş həkim azadlıqda


'COVID pasportu əməlli-başlı biznesə çevrilib'
Gözlə

No media source currently available

0:00 0:04:13 0:00

'COVID pasportu əməlli-başlı biznesə çevrilib' (Arxiv. 2021)

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin tabeliyindəki Modul Tipli Hospitalın keçmiş baş həkimi, koronaviruslu xəstələrin yaxınlarından rüşvət almaqda suçlanaraq həbs olunan İmran Ağayev azadlığa buraxılıb. Sabunçu rayon Məhkəməsi bu barədə qərar çıxarıb.

2021-ci ilin aprelində həbs olunan Ağayevə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə öncə 8 il 3 ay həbs cəzası kəsilmişdi. Sonradan apellyasiya məhkəməsi ona münasibətdə CM-in 62-ci (qanunda nəzərdə tutulan cəzanın minimum həddindən daha aşağı cəza təyin etmə) maddəsini tətbiq edərək cəzasını 4 ilə endirmişdi. Ali Məhkəmə isə 2022-ci ilin noyabrında bu müddəti 1 il də azaltmışdı - cəzası 3 il olmuşdu.

Ağayevin ittiham olunduğu CM-in 311.3.1, 311.3.2 (bir qrup şəxs tərəfindən təkrar rüşvət alma) maddələrində cəza 8 ildən başlayır.

Sabunçu rayon Məhkəməsi keçmiş baş həkimin cəzasının üçdə iki hissəsini çəkməsini əsas gətirərək onun şərti azadlığa buraxılmasına qərar verib.

Sabiq baş həkim hospitalda çalışmış Rüfət Vəlizadə, Taleh İmanlı, Qulu Orucovla birlikdə mühakimə olunurdu. Ali Məhkəmə onların da cəzasını azaltmışdı.

Xəstə yaxınlarından, öz əməkdaşlarından rüşvət ittihamı

Cinayət işinin materiallarında iddia olunur ki, Modul Tipli Hospitalın baş həkimi Ağayev digər əməkdaşlarla əlbir olub xəstəxananın "VIP korpus"larında daha yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün altı xəstənin yaxınlarından toplam 10 min 500 manat alıb. İttihama əsasən, baş həkim hospitalda çalışan bir sıra şəxslərlə yenidən əmək müqaviləsi bağlamaq üçün onlardan da rüşvət alınıb.

Ağayev həmçinin təsis etdiyi və direktoru olduğu "MediStyle" MMC-nin Təcili Tibbi Yardım avtomobilləri vasitəsilə koronavirusa yoluxmuş 140 xəstənin hospitala gətirilməsinə görə xidmət haqqı kimi 51 min manat almaqda suçlanır.

Ağayev özünü təqsirli bilmir, heç bir xəstədən və ya onun ailə üzvündən rüşvət almadığını bildirirdi.

"Yeni Klinika"nın baş həkimi də həbs olunmuşdu

Ağayevgillə eyni vaxtda "Yeni Klinika"da da əməliyyat keçirilmiş, bu tibb müəssisəsinin baş həkimi Pərviz Abbasov həbs olunmuşdu. O da koronaviruslu xəstələrin yerləşdirilməsi və müalicəsi üçün onların yaxınlarından rüşvət almaqda ittiham olunurdu.

Abbasov özünü təqsirli bilmir, ümumiyyətlə, rüşvətdən uzaq olduğunu, maaşla dolandığını, bir avtomobil və ipotekada olan bir evdən başqa heç bir əmlakı olmadığını bildirmişdi.

Ona münasibətdə də Bakı Ağır Cinayətlər Məhkəməsi ağır cəza təyin etdi. Apellyasiya məhkəməsi cəzasını xeyli azaltdı. Bugünlərdə Ali Məhkəmə isə 3 ilə endirdi.

XS
SM
MD
LG