Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:51

Etirazlar zəifləsə də, hicaba müqavimət güclənir


Tehran Novruz bayramı günlərində
Tehran Novruz bayramı günlərində

Hakimiyyətin İran paytaxtında icbari hicab qaydasına əməl edilməsi üçün tədbirlərini gücləndirməsi Tehranın müxtəlif yerlərində hiddətlənmiş sakinlərin aksiyalara çıxması ilə nəticələnib.

Mayın 1-də paytaxtın Səttarxan, Aryaşəhr, Tehranpars və Kövhərdəşt Kərəc rayonlarında “Zülmkara ölüm, zəhmətkeşlərə həyat!”, “Xameneyiyə ölüm” və “Qadın, həyat, azadlıq!” şüarları ilə izdihamlı nümayişlər keçirilib.

Buna bənzər etiraz aksiyaları İsfahan şəhərində də olub.

Orada da siyasi məhbuslara və hazırda həbsxanada olan iranlı reper Tumac Salehiyə dəstək bildirən şüarlar səsləndirilib.

Bəzi plakatlarda “Biz yenə gəldik, üsyan davam edir” və “Dini hökumətin axırı çatıb!” kimi şüarlar yazılmışdı.

Hicabsızları metroya buraxmırlar

Tehranın Səttarxan rayonunda isə açıq şəkildə ali rəhbər ayətüllah Əli Xameneyiyə qarşı şüarlar səsləndirilib.

Tehranın qərbində Aryaşəhrdə isə şüarlar əsasən İran İslam İnqilabı Keşikçiləri Korpusuna qarşı yönəlmişdi.

Küçələrdə hicabsız qadınların sayı artdıqca, şəhərin hakimiyyət orqanları İslam Respublikasının geyim kodeksinin daha sərt tətbiq edilməsi üçün tədbirlər keçirir.

Tehran meri Əlirza Zəkani deyib ki, şəhər boyunca müşahidə kameralarının sayı artırılıb və hicabsız qadınlar metroya buraxılmır.

Hicaba 1979-cu ildən bəri ən böyük müqavimət

Şərhçilər bildirirlər ki, İran hakimiyyəti 1979-cu ildən bəri hicab qaydasının tətbiqi sahəsində ən böyük çətinliklərlə üzləşib.

Bu arada habelə hicab qaydasını pozan məşhurlara qarşı hüquqi müstəvidə ən sərt tədbirlər görülür.

Kino və televiziya aktrisaları Əfsanə BayeqanFatimə Motamed-Aryaya qarşı ictimai yerdə hicabsız göründüklərinə görə cinayət işləri açılıb.

Tehran Polisinin informasiya bürosu mayın 2-də bildirib ki, bundan əvvəl aktrisalar Katayun RiyahiPantea Bəhrama qarşı da cinayət təhqiqatına başlanıb.

Büro bildirir ki, aktrisalara qarşı işlər onların ictimai yerlərdə hicabsız görünməsinə və sosial media şəbəkələrində hicabsız fotolar dərc etməsinə görə açılıb.

Motamed-Arya aprelin 18-də aktrisalar Gülab Adine və Riyahi ilə birlikdə bir dəfn mərasiminə hicabsız gəlmişdi.

“Cəhalət və xəyanətə qarşı”

Aktrisa Əfsanə Bayeqan Instagram hesabından bunları yazıb:

"Çox təəssüf ki, bizim ən gözəl və saf inanclarımız riyakarlığın, diktatorluğun, cəhalət və xəyanətin ayaqları altına atılıb. Bugün mən vətənimin bütün övladları, kədərli anaların ürəkləri, həqiqət və aydınlıq naminə səsimi ucaldıram: Qadın naminə, həyat və azadlıq naminə, vətən və firavanlıq naminə!”

Şərhçilər qeyd edirlər ki, son vaxtlarda İranı bürümüş etiraz aksiyaları zəifləsə də, hicab qanununa müqavimət, əksinə güclənməkdə davam edir.

Hakimiyyət “hicab və paklıq qanununa” riayət etməyən qadınları ağır cəzalarla hədələyir.

Hökumət hicab qaydasını pozanları cəzalandırmaqla kifayətlənmir, hicab qaydasının pozulduğu ictimai məkanları – kafe, restoran, aptek və biznesləri bağlayır.

Xatırlatma

İranda qadınların hicablanması 1979-ci ildən ayətüllah Ruhulla Xomeyninin fətvası ilə məcburi elan edilib.

Həmin vaxtdan bəri İranda qadınlar hicab qaydasına ən müxtəlif formalarda müqavimət göstərirlər.

Lakin ötən ilin sentyabrında 22 yaşlı Məhsa Əmini polis idarəsində öldükdən sonra hicaba qarşı müqavimət əsl hərəkata çevrilib.

Ölkəni bürümüş antihökumət aksiyalarında qadınlar hicablarını açır və etiraz olaraq yandırırlar.

Bu aksiyalarda dini hakimiyyətin devrilməsinə çağırışlar edilir.

Hicaba etiraz edən tələbələr ölkə boyunca universitetlərdə dərsləri boykot edir və müxtəlif aksiyalar keçirirlər.

XS
SM
MD
LG