Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 15:37

Priqojin geri çəkilməni ‘qaçış’ adlandırır, Şoyqunu Baxmuta çağırır


Yevgeni Priqojin
Yevgeni Priqojin

Ukraynanın şərqindəki Baxmut şəhərində vuruşan Vaqner özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Rusiya qüvvələrinin bu bölgədə geri çəkilməsini “qaçış” adlandırıb.

Bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyi Rusiya qüvvələrinin Baxmutdan şimalda “mövqelərini dəyişdiyini” bildirmişdi.

Ukrayna tərəfi bu mövqe dəyişikliyinin əslində rusiyalıların geri çəkilməsi olduğunu xəbər vermişdi.

Reuters agentliyi Ukrayna mənbələrinə istinadən xəbər verir ki, Ukrayna qüvvələri Baxmutun cənubunda da irəliləyişə nail olublar və beləliklə, şəhər Ukrayna ordusunun mühasirəsinə düşə bilər.

Agentlik yazır ki, hər iki tərəfdən gələn xəbərlərə istinad olunarsa, bu, Ukraynanın son 6 ayda cəbhə xəttindəki ən böyük irəliləyişdir.

Ukrayna tərəfi son döyüş əməliyyatları barədə çox az məlumat verir və bunun hələ böyük əks-hücum olmadığını bildirir.

"Şoyqunun döyüş təcrübəsi"

Ayrıca yaydığı video müraciətdə Priqojin deyir ki, ukraynalılar Baxmut yaxınlığındakı yüksəkliyi ələ keçiriblər və qərbə gedən magistral yolu açıblar:

"Berxovka su anbarının itirilməsi bir gündə 5 kvadrat kilometr ərazinin itirilməsi deməkdir. Düşmən bizim bağladığımız Çasov Yar yolunu tamamilə açıb və Baxmut üzərindəki yüksəkliyi ələ keçirib”.

Bundan başqa Yevgeni Priqojin çəkişmədə olduğu müdafiə naziri Sergey Şoyqunu istehzalı şəkildə Baxmuta dəvət edib.

O bildirib ki, bu dəvəti Şoyqunun “hərbi əməliyyatların aparılması sahəsində çoxillik təcrübəsinə” görə edib:

“Yaranmış mürəkkəb əməliyyat vəziyyətini, habelə sizin çoxillik döyüş əməliyyatları aparmaq təcrübənizi nəzərə alaraq Sizdən RF hərbiləşdirilmiş birliklərinin nəzarətində olan Baxmut yaşayış məntəqəsinə gəlməyinizi və vəziyyəti müstəqil şəkildə qiymətləndirməyinizi xahiş edirəm”.

Priqojin iddia edib ki, Baxmut ətrafında cinahları məhz Müdafiə Nazirliyinə tabe olan nizami qoşunlar boş qoyaraq qaçıb.

Rusiya Baxmutdan şimalda geri çəkildiyini etiraf etdi

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Donetsk vilayətindəki Baxmut şəhərinin şimalından geri çəkildiyini etiraf edib.

Bu şəhər uğrunda Rusiya qüvvələri ilə onu müdafiə edən Ukrayna ordusu arasında döyüşlər ötən yayda başlanıb.

Mayın 12-də keçirilən brifinqdə Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkov deyib ki, Rusiya ordusu “daha əlverişli şəraiti” nəzərə alaraq Berxovsk su anbarının yaxınlığında “yeni mövqelərə keçib”.

Ukrayna tərəfi bildirir ki, bu, faktiki olaraq rusiyalıların Boqdanovka rayonunda geri çəkilməsi deməkdir.

Bundan əvvəl bu barədə məlumatı Rusiyanın Vaqner özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin, Rusiyanın hərbi blogerləri və Ukrayna ordusu vermişdi.

Rusiya qoşunlarının çəkilməsi Ukrayna ordusuna Çasov Yara gedən yolu nəzarətə götürmək imkanı verib.

Bu, Baxmutdakı Ukrayna qüvvələrinin təchizatı üçün yeganə yoldur.

Priqojin habelə demişdi ki, yaranmış vəziyyət onun muzdlu qüvvələrinin Baxmutda mühasirəyə düşməsinə səbəb ola bilər.

Mayın 12-də keçirilən brifinqdə Konaşenkov habelə deyib ki, Ukrayna ordusu Donbasdakı Soledar şəhəri istiqamətində, 95 kilometrlik cəbhə xətti boyunca hücuma keçib.

Konaşenkov bildirib ki, Ukrayna ordusunun hücumunda mindən çox əsgər və 40-a qədər tank iştirak edir.

Daha əvvəl Rusiya mənbələri Ukraynanın tammiqyaslı əks-hücuma keçdiyini bildirmişdilər. Ukrayna tərəfi bu xəbərləri şərh etməmişdi.

Mayın 12-də Ukrayna prezidenti Volodimir Zelenski demişdi ki, Ukrayna hərbçiləri Rusiya qüvvələrinin hərəkətini dayandırıblar və bəzi istiqamətlərdə rusiyalıları geri oturdublar.

***

Ukrayna mayın 12-də qüvvələrinin Baxmutda müəyyən qədər irəlilədiyini bildirib. Müdafiə nazirinin müavini Hanna Malyar Telegram-da yazıb ki, şəhər ərazisində iki kilometr irəliləyiblər, mövqe itirməyiblər.

Malyar onu da deyib ki, Vaqner muzdlu qrupunun başçısı Yevgeni Priqojinin guya yetərincə sursat ala bilməmələrinə dair iddiaları həqiqətə uyğun deyil, məqsəd Rusiyanın Baxmutdakı itkilərini əsaslandırmaqdır:

“Düşmən silah çatışmazlığı haqda saxta informasiya verməklə real vəziyyəti əsaslandırmağa çalışır. Bu həftə real vəziyyət odur ki, silahların olmasına baxmayaraq, düşmən öz planlarını reallaşdıra bilməyib; düşmən böyük canlı qüvvə itkisi verib; müdafiəçilərimiz Baxmut istiqamətində iki kilometr irəliləyiblər; bu həftə Baxmutda bircə mövqe də itirməmişik”.

+++

Ukrayna və Rusiya qüvvələrinin Donetskdəki Baxmut şəhəri uğrunda şiddətli döyüşləri davam edir. Ukrayna çoxdan gözlənən əkshücuma hazırlaşdığı bir vaxtda Kiyev cəbhənin bəzi yerlərində irəlilədiyini bildirir.

Silahlı Qüvvələrin Baş Qərargahı mayın 12-də gündəlik bülletenində qeyd edir ki, son 24 saat ərzində Baxmutda Rusiyanın 44 hücumunun qarşısı alınıb. Moskvanın Baxmut-Avdiyevka-Mariinka cəbhə xəttini atəşə tutmağa davam etdiyi bildirilir. Son yeddi ayda burada ən ağır döyüşlər gedir.

Rusiya təkzib edir

Bu arada Rusiya mayın 11-də Ukraynanın bəzi ərazilərdə, o cümlədən Baxmutda irəliləməsi haqda məlumatları tez-tələsik təkzib edib. Ancaq bu məlumatları moskyayünlü hərbi blogerlər, hətta Kremlə yaxın Vaqner muzdlu qrupunun başçısı Yevgeni Priqojin yayıb.

Rusiyanın Müdafiə Nazirliyi məlumatları təkzib edərək bildirib ki, “xüsusi əməliyyatın getdiyi bütün ərazi nəzarətdədir”.

Priqojinin mayın 11-də iddia etdiyinə görə, Ukraynanın əkshücumu artıq başlayıb.

O deyib ki, Baxmutda Ukrayna silahlı qüvvələri “bizim cinahları vurur və təəssüf ki, bəzi yerlərdə uğur qazanırlar”.

Zelenski deyir, “gözləməliyik”

Prezident Volodimir Zelenski isə bu məlumatları təkzib edib. O, Kiyevdə Avropa yayımçılarına müsahibəsində deyib ki, əkshücuma yubanır, çünki həddən artıq itki verməmək üçün gərəkən Qərb silahlarının sayı yetərincə deyil.

Zelenski deyib ki, “irəliləmək və uğur qazanmaq” mümkündür, BBC yazır.

“Ancaq çox itki verərik. Məncə, bu qəbuledilməzidr. Ona görə gözləməliyik. Bizə hələ də vaxt lazımdır... Avadanlıq baxımından hələ hər şey gəlib çıxmayıb”, – o söyləyib.

Britaniya mayın 11-də Ukraynaya uzaqvuran qanadlı raketlər verdiyini açıqlayıb. Bu, Kiyevin Rusiya qüvvələrini cəbhə xəttinin hüdudlarından kənarda da vurmasına imkan verəcək.

Britaniya mediasının yazdığına görə, Kiyev bu raketlərlə Rusiyanın daxilində hədəfləri vurmamaq vədi verib.

Kreml isə Londonun bu addımına qarşı “müvafiq” tədbirlər görüləcəyini bildirib.

XS
SM
MD
LG