Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:58

Lukaşenkanın xəstə olduğu deyilir, Tsixanovskaya hazır olmağa çağırır


Alaksandr Lukaşenka Moskvada paradda, 9 may, 2023-cü il
Alaksandr Lukaşenka Moskvada paradda, 9 may, 2023-cü il

Tsixanovskaya bütün ssenarilərə hazır olmağa çağırır

Belarusun mühacirətdə olan lideri Svyatlana Tsixanovskaya ölkə başçısı Alyaksandr Lukaşenkanın sağlıq durumu barədə şayiələrin ardınca Belarus ictimaiyyətini və beynəlxalq icmanı hər cür ssenarilərə hazır olmağa çağırıb.

Rəsmi Minsk Lukaşenkanın səhhəti ilə bağlı yayılan xəbərləri şərh etmir.

Tsixanovskaya bu barədə mayın 15-də Twitter-də yazıb:

"Diktator Lukaşenkanın sağlamlığı barədə çox sayda şayiələr dolaşır. Bizim üçün bu yalnız bir şey deməkdir: biz hər hansı ssenariyə yaxşı hazır olmalıyıq. Belarusu demokratiya yoluna döndərməli və Rusiya müdaxiləsinin qarşısını almalıyıq. Bizim beynəlxalq icmanın fəal və çevik olmasına ehtiyacımız var”.

2020-ci il seçkisində Lukaşenkanın qələbəni ondan oğurladığını deyən Tsixanovskaya bildirib ki, ölkə ictimaiyyəti belə bir zamanda fəal mövqe tutmalıdır.

Lukaşenka mayın 9-da Moskvada keçirilən paraddan sonra heç yerdə görünməyib.

68 yaşlı Lukaşenka əslində son üç həftə ərzində keçirilən ictimai tədbirlərdə iştirak etməmişdi.

Buna baxmayaraq onun sağlıq durumu barədə heç bir məlumat verilmir.

Mayın 15-də Kremlin sözçüsü Dmitri Peskov bu barədə suala cavab olaraq rəsmi mənbələrə müraciət etməyi məsləhət görüb.

Belarusun dövlət mediası bu mövzuya toxunmur, dövlət televiziyasında Lukaşenkanın bundan əvvəlki fəaliyyəti barədə verilişlər göstərilir.

***

Belarusun avtoritar lideri Aleksandr Lukaşenka mayın 14-də Dövlət Bayrağı, Gerb və Himni Günü tədbirlərinə qatılmayıb. Yayılan xəbərlərə görə, buna səhhətinin pisləşməsi səbəb olub.

Minskdə keçirilən tədbirlərdə Lukaşenkanın adından baş nazir Raman Qolovçenko çıxış edib.

Zatulin onun xəstəliyini bildiyini deyir

Lukaşenka son üç həftədə bir sıra dövlət tədbirlərinə qatılmayıb. 68-yaşlı liderin sağlıq durumu ilə bağlı rəsmi açıqlama verilməyib. Təsdiqlənməmiş məlumatlarda onun mayın 13-də Minskdə xəstəxanaya aparıldığı bildirilir.

Moskvada 9 May Qələbə Gününə qatılan Lukaşenkanın vəziyyətinin yaxşı olmadığı, sağ əlində sarğı görünürdü. Rusiya Dövlət Dumasının üzvü mayın 14-də Rusiya Lukaşenkanın xəstə olduğunu, amma bunun ciddi bir şey və ya COVİD olmadığını bildirib.

Rusiya Dövlət Dumasının MDB üzrə komitəsinin sədrinin birinci müavini Konstantin Zatulin “Podyom” nəşrinə müsahibəsində Lukaşenkanın nədən əziyyət çəkdiyini bildiyini desə də, onun xəstəliyini açıqlamayıb: “Adam xəstə olsa da, Moskvaya gəlməyi özünə borc bildi və həmin axşam Minskdə tədbirlər keçirdi. Yəqin ki, onun bir az dincəlməyə ehtiyacı var, bu qədər”.

Lukaşenkanın mətbuat xidməti konkret olaraq hər hansı xəstəliklə bağlı açıqlama verməyib, lakin onun “sənədlərlə” işləməyə davam etdiyini bildirib.

Xəstəxanaya getdiyi bildirilir

Mayın 13-ü axşam yayılan xəbərlərdə Lukaşenkanın Minskdəki Respublika Kliniki Tibbi Mərkəzə gəldiyi bildirilib. Onun korteji yaxınlaşanda xəstəxanaya gedən yollar bağlanıb və təhlükəsizlik qüvvələri yol boyunca düzülüb.

Lukaşenka 1994-cü ildən hakimiyyətdədir. Ölkənin seçki komissiyası Lukaşenkanı 2020-ci il seçkilərinin qalibi elan edib. Amma seçkinin saxtalaşdırıldığını, əsl qalibin müxalif siyasətçi Svetlana Tixanovskaya olduğunu bildirən müxalifət etirazlara çıxıb. Lukaşenka rejimi seçkidən sonrakı aylarda kütləvi etirazları zorakılıqla yatırtdı, müxalifləri həbs etdi.

Avtoritar lider daha sonra Moskvanın Ukraynaya qarşı müharibəsində Rusiya prezidenti Vladimir Putini dəstəklədi və Rusiya qüvvələrinə Belarus ərazisindən hazırlıq meydançası kimi istifadəyə icazə verdi.

XS
SM
MD
LG