Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:33

Duma üzvü ikili vətəndaşlığı olanlar haqda: 'Onları döyüş meydanında görmürük'


Moskva regionu, arxiv fotosu
Moskva regionu, arxiv fotosu

Moskvanın Saxarova Miqrasiya Mərkəzinin gözləmə zalı adətən işləmək və ya yaşayış icazəsi almaq üçün müraciət edən əcnəbilərlə dolu olur. Divardan tacik, özbək və qırğız dillərində plakat asılıb.

“Silahlı qüvvələrə qoşularaq Rusiya vətəndaşlığını sadələşdirilmiş qaydada almaqda maraqlısınızmı?”, – plakatda yazılıb.

Bəzi tacik miqrantlar deyirlər ki, miqrasiya mərkəzinə əsgərlik yaşında olan kişiləri Ukraynadakı Rusiya silahlı qüvvələrinə qoşulmağa razı salmaqdan ötrü orduya əsgər yığanlar da gəlir.

“Konsultasiya”

Adının açıqlanmasını istəməyən miqrantlardan biri AzadlıqRadisonun tacik xidmətinə deyib: “Ərizənizi təqdim etdikdən sonra sizi “konsultasiya” üçün başqa otağa aparırlar. Orada müharibəyə getməyə razılıq verməyiniz üçün şirin dillərini işə salırlar”.

Bu həftə rusiyalı bir deputat, potensial əsgər “hovuzunu” genişləndirmək məqsədi ilə Orta Asiya və Qafqazdan Rusiya vətəndaşlığı alan şəxslərin orduya cəlbini asanlaşdıracaq qanun layihəsinin hazırlanmasını istəyib.

Dumanın deputatı Mixail Matveyev vətəndaşlıq almış şəxslərin Moskva uğrunda döyüşmək istəməməsini tənqid edərək deyib ki, "yerli xalqlar öz vətənləri üçün canlarından keçirlər".

ABŞ Milli Təhlükəsizlik Şurasının bu ayın əvvəlində verdiyi açıqlamaya görə, dekabrın əvvəlindən bu yana 20 mindən çox rusiyalı əsgər həlak olub, 80 min nəfər isə yaralanıb. Digər hesablamalar Rusiya qüvvələri daha çox itki verdiyini göstərir. Moskva isə itki sayını açıqlamır.

“Müharibə gedir, Rusiyaya əsgər lazımdır”

İtkilərə baxmayaraq, sentyabrda minlərlə insanın xaricə qaçmasına səbəb olan "qismən hərbi səfərbərlik"dən sonra Rusiya bu il yeni səfərbərlik elan etməyib. Əvəzində isə Rusiya hakimiyyət orqanları həm Rusiya vətəndaşları, həm də işçi miqrantları orduya cəlb etmək səylərini gücləndirib. Onlara pul, digər imtiyazlar təklif olunur.

Miqrantlar Moskvanın Ukraynaya təcavüzünün ilk aylarından hədəfdədirlər. Onlara miqrasiya mərkəzlərində, məscidlərdə və yataqxanalarda yaxınlaşırlar.

Matveyev mayın 10-da müdafiə naziri Sergey Şoyqudan 2022-ci ilin əvvəlindən bu yana vətəndaşlıq almış miqrantların neçəsinin orduya çağırıldığı barədə məlumat istəyib. O, son günlər dövlətdən sosial və digər müavinətlər əldə edən, vətəndaşlıq almış miqrantların Moskvanın Ukraynada “xüsusi hərbi əməliyyat” adlandırdığı müharibəyə qoşulmaq istəməməsini pisləyib. Matveyev Telegram-da yazıb ki, onlar bunun əvəzinə taksi sürücüləri, küçə süpürənlər və tikinti işçiləri ordusuna qoşulublar: “Biz onları döyüş meydanında görmürük. Müharibə gedir, Rusiyaya əsgər lazımdır”.

Millət vəkili işçi miqrantların əksəriyyətinin müharibəyə getməmək üçün "ikili vətəndaşlıq" statusundan "rahat" istifadə etdiyini söyləyib.

Qanunları araşdırıb və düzəlişlər hazırlayıb

Matveyev federal qanunları araşdırdığını və ikili vətəndaşlığı olanların hərbi səfərbərlik məsələsində mövcud maneələri aradan qaldırmaq üçün düzəlişlər hazırladığını açıqlayıb. Matveyev qanun layihəsinin parlamentə nə vaxt təqdim ediləcəyini deməyib.

Deputat Şoyquya yazdığı məktubda, “Rusiya silahlı qüvvələrinin ehtiyaclarının vətəndaşlıq almış şəxslərin hesabına qarşılanması üçün qanunvericiliyin təkmilləşdirilməsi üzrə” təkliflər istəyib.

Onun sözlərinə görə, 2016-cı ildən indiyədək 500 mindən çox tacik Rusiya pasportu alıb. 310 min qazax, 230 min erməni və 170 min özbək də bu siyahıya daxildir.

Ukraynadakı müharibəyə və onun iqtisadi fəsadlarına baxmayaraq, Rusiyaya işçi miqrasiyası dalğası davam edir. Rusiya hökumətinin statistikasına görə, təkcə bu ilin birinci rübündə ölkəyə 1,3 milyon miqrant daxil olub ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1,6 dəfə çoxdur.

Yeni gələnlərin təxminən yarısı Özbəkistan, 350 mini Tacikistan, 172 mindən bir qədər çoxu isə Qırğızlstan vətəndaşlarıdır.

10 min dolları evin ilkin ödənişinə xərcləyiblər

Tacikistandan olan keçmiş müəllim Neqmat Moskvada özəl tikinti şirkətində inşaatçı işləyir. Soyadının açıqlanmamasını istəyən Neqmat ötən il 7 nəfərlik ailəsi ilə birlikdə Rusiya vətəndaşlığını alıb.

Neqmatın həyat yoldaşı Rusiya vətəndaşı kimi təxminən 10 min dollar məbləğində birdəfəlik “analıq kapitalı” alıb. Moskva ölkə əhalisinin kəskin azalması ilə mübarizə məqsədilə belə bir tədbirə əl atıb. Ailə bu pulu Podmoskovyedə çoxmərtəbəli binada aldıqları mənzilin ilkin ödənişinə xərcləyib.

Onlar eyni zamanda davamlı uşaqpulu da alırlar. 37-yaşlı Neqmat təsdiq edir ki, “Orta Asiyadan gələn və vətəndaşlıq alan çoxuşaqlı ailələr, adətən, etnik ruslardan daha çox sosial müavinət alırlar”.

Neqmata hələ ki, xidmətə çağırış vərəqəsi gəlməyib. O, mayın 12-də AzadlıqRadiosuna bildirib ki, beş uşaq atası olduğu üçün hərbi xidmətə çağırılmaya bilər. “Rusiyada yaşamağı sevirəm, buranı öz evim sayıram”, – deyə sözlərinə əlavə edib. Ordu onu çağırsa, Ukraynada döyüşə gedəcəkmi sualına Neqmat tərəddüd etmədən getməyəcəyini bildirib. “Rusiyaya hücum olunsaydı, bəlkə də döyüşərdim. Ancaq bu müharibədə təcavüzkar Rusiyadır. Ukraynada Rusiya üçün döyüşmədiyimə görə narahat deyiləm", – o söyləyib.

XS
SM
MD
LG