Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 15:34

Ata Berdiməhəmmədov haradadır?


Qurbanqulu Berdiməhəmmədov, arxiv fotosu
Qurbanqulu Berdiməhəmmədov, arxiv fotosu

Ötən il vəzifəsini oğlu Sərdara təhvil verən 65-yaşlı Qurbanqulu Berdiməhəmmədov artıq Türkmənistanın gizli prezidenti deyil. Bu ilin əvvəlindən qüdrətli bir posta keçən ata oğlu da daxil olmaqla, bütün hökumətin işinə nəzarət edən Xalq Şurasına sədrlik edir, yeni “ümummilli lider” titulunu daşıyır.

Ata Berdiməhəmmədovun artıq neçə gündür ölkə gündəmində, xəbər bülletenlərində görünməməsi onun səhhətilə bağlı söz-söhbətə yol açıb.

O, “gənc liderlər”ə yol açmaq üçün prezidentlikdən gedəndən bəri axşam xəbər proqramlarında 41-yaşlı oğlu Sərdarı kölgədə qoyub.

Ancaq heç bir rəsmi görüş keçirmədiyi Almaniya səfərindən bəri ondan xəbər yoxdur. Di gəl, Berdiməhəmmədovun 2006-cı ildən 2022-ci ilə qədər davam edən prezidentlik dövründə də bu cür yoxa çıxmaq halları olub.

2019-cu ildə, iyulun ilk həftəsi ilə avqustun ilk həftəsi arasında – düz bir ay o, heç bir xəbərdə görünməyib. Bu tarixlər arasında dövlət mediası bir dəfə onun paytaxt Aşqabadda hökumət rəsmisinə avtobus dayanacaqları haqqında mühazirə oxuduğu görüntüləri yayıb. Lakin bu görüntülərin bir qismi əvvəlkilərin təkrarı təsirini bağışlayırdı. Almaniyada bilinməyən tarixdə çəkilmiş və aprelin 29-da “Watan Habarlary” xəbər proqramında yayımlanan görüntüsündən başqa Berdiməhəmmədovun yeni kadrları yoxdur.

Frankfurt Missiyası

Aprelin 29-da dövlət xəbər proqramında bildirilib ki, Qurbanqulu Berdiməhəmmədov oğlunun “adından” Almaniya atçılıq kompleksinə baş çəkərək “atçılığın xüsusiyyətlərini öyrənib”. Axı, atçılıq Berdiməhəmmədovun yetərincə yaxşı bildiyi sahədir. O, 2015-ci ildə “Xalq atçısı” adına layiq görülüb, dövlət təbliğatı onun Türkmənistanın məşhur Axaltəkə atlarına minməsini, onlara qulluq etməsini və kitablar yazmasını mütəmadi göstərir.

Onun Almaniyaya səfərinin digər sirli məqamı isə xarici işlər naziri Rəşid Meredovla tövlədə görünməsi olub. Türkmənistan dövlət televiziyası mayın 1-də bildirib ki, həm də baş nazir müavini olan Meredov illik məzuniyyətə çıxıb və vəzifəsini müavini Vepa Xaciyevə verib.

Görünür, Meredov məzuniyyətə əksər türkmən məmurların istifadə etdiyi ənənəvi yay tətilindən bir qədər tez çıxıb.

Uçuş olub, amma...

Avropada fəaliyyət göstərən “Chronicles of Turkmenistan” jurnalının istinad etdiyi “Flightradar24” saytındakı uçuş məlumatları Berdiməhəmmədovun Almaniyaya səfər etməsi haqda məlumatları təsdiqləyir.

Belə ki, Berdiməhəmmədovun Boeing 777-200 (LR) təyyarəsi aprelin 22-də Frankfurt hava limanına enib, aprelin 28-də – onun səfəri ilə bağlı xəbər yayılandan bir gün öncə Aşqabada qayıdıb.

Bəs, görəsən, Qurbanqulu Berdiməhəmmədov Almaniyadan qayıdan təyyarədə idimi? Əgər belədirsə, niyə o, aprelin 30-da Milli At Günü də daxil olmaqla, iştirakı gözlənilən tədbirlərə qatılmayıb?

Hökumətdə adının açıqlanmasını istəməyən mənbə AzadlıqRadiosunun türkmən xidmətinə bildirib ki, Qurbanqulu Berdiməhəmmədov və Meredov hələ də Almaniyadadırlar. Onlar Almaniyada açıqlanmayan görüşlər keçirirlər. AzadlıqRadiosu bu məlumatı başqa mənbələrlə təsdiqləyə bilməyib.

Maraqlıdır ki, dövlət mediası mayın 2-də Türkmənistan hökumətinin nümayəndə heyətinin Almaniyada “Deutsche Bank” və “Commerzbank” bankları ilə danışıqlar apardığını bildirib.

Həmin xəbərdə Berdiməhəmmədovun bu ölkəyə “sonuncu” səfərinə ayrıca bir hadisə kimi toxunulub. Televiziyada göstərilən at fermasına səfərlə bağlı isə əlavə məlumatlar verilib.

“Deutsche Bank”dakı hesab

“Deutsche Bank” Türkmənistanın birinci lideri Saparmurad Niyazovun himayə etdiyi bank kimi bilinir.

“Global Witness” şəffaflığa nəzarət təşkilatı on il əvvəlki hesabatında yazdığı kimi, Türkmənistan mərkəzi bankının " Frankfurtda, Deutsche Bank-da 949924500 nömrəli hesabı" olub, təbii qaz satışından böyük məbləğdə gəlirləri bu hesaba qoyub.

Bununla belə, “Global Witness” əlavə edib ki, “beynəlxalq maliyyə qurumlarının müxtəlif məlumatlarına görə, bu hesabdakı pullar yalnız Türkmənistan prezidenti Saparmurad Niyazov tərəfindən idarə olunur”. Niyazov 2006-cı ildə qəflətən vəfat etdi və ozamankı səhiyyə naziri Qurbanqulu Berdiməhəmmədov ən yüksək vəzifəyə keçməsinin yolu açıldı.

Türkmənistan Xarici İşlər Nazirliyi Meredov və Berdiməhəmmədovun səfəri ilə bağlı suallara cavab verməyib.

Berdiməhəmmədov Almaniyada at sürməkdən başqa nə edirsə etsin, bu səfər, istər-istəməz, onun fiziki sağlamlığı ilə bağlı spekulyasiyanı artıracaq.

Vəzifədən ‘erkən’ gedib?

Orta Asiya ölkələrinin dövlət başçılarının qoyduğu standartlardan çıxış etsək, Berdiməhəmmədov ötən ilin fevralında 15 illik hakimiyyətdən sonra prezidentlikdən getməyə qərar verəndə hələ gənc idi.

Onun 2019-cu ilin yayında uzun müddət yoxa çıxması ölümü ilə bağlı yalan məlumatların yayılmasına səbəb oldu. Berdiməhəmmədov bu şayiələri Qaraqum səhrasında Cəhənnəm Qapıları kimi tanınan yanan Darvaza qaz kraterinə maşın sürməklə puç elədi.

Sərdar Berdiməhəmmədov rəqibsiz səsvermə ilə seçiləndən cəmi bir həftə sonra, onun sələfi hobbiləri ilə məşğul olmaq üçün məzuniyyət icazəsi istədi.

Türkmənistan dövlət qəzeti ata Berdiməhəmmədovun sözlərinə istinad edərək yazırdı: "40 ildir rəhbər vəzifələrdə çalışıram, 25 ildir siyasətlə məşğulam. Bu müddət ərzində işim çox olduğundan tam istirahət edə bilməmişəm. Ona görə də aprelin 1-dən məzuniyyətə çıxmağı xahiş edirəm”. Məlumatda deyilirdi ki, yeni prezident onun xahişini qəbul edib.

Ölkəni hansı Berdiməhəmmədov idarə edir

Lakin həmin ilin sonunda keçmiş prezident yenidən dövlət işlərinə qayıtdı, Rusiya prezidenti Vladimir Putin də daxil olmaqla xarici dövlət başçıları ilə görüşərək mütəmadi ölkənin regionlarına səfər etdi.

Berdiməhəmmədovun ictimai hökmranlığı o qədər güclü idi ki, keçən ilin sonunda AzadlıqRadiosunun reportajı üçün anonim müsahibə verən təcrübəli türkmən jurnalisti demişdi: “İnsanlar Berdiməhəmmədovlardan hansının ölkəni idarə etdiyini bilmirlər, amma kim idarə edirsə, yaxşı bir iş görmür”.

AzadlıqRadiosunun bu reportaj üçün görüşdüyü müsahiblərdən biri, Berdiməhəmmədovların yalnış idarəçiliyi nəticəsində bahalaşmanın artıdığını deyib. O əlavə edib: "İndi insanlar öz gündəlik problemləri ilə məşğuldur. Qurbanqulunun olub-olmaması heç kimin vecinə deyil. Heç kim onun haqqında danışmır".

Türkmənistanı mayda Moskvada Qələbə günü paradında və Düşənbədə Tacikistan prezidenti ilə görüşdə Sərdar Berdiməhəmmədov təmsil edib.

XS
SM
MD
LG