Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:37

Qaqauziya seçkisində rusiyayönlü namizəd qalib gəlib


Yevgeniya Qutsul və tərəfdarları
Yevgeniya Qutsul və tərəfdarları

Moldovanın muxtar vilayəti, türkdilli Qaqauziyada rusiyayönlü Şor partiyasının namizədi Yevgeniya Qutsul qalib gəlib.

Muxtariyyətin rəhbəri – başkan vəzifəsi üçün mayın 14-də keçirilən seçkidə Qutsul 27 mindən çox səs toplayıb. Onun əsas rəqibi Qriqori Uzun 25 minədək səsə malik olub. Seçkidə elektoratın 58 faizi iştirak edib.

Aprelin 30-da keçirilmiş birinci turun nəticələrinə görə Moldova parlamentinin keçmiş deputatı, 36 yaşlı Qriqori Uzun və 37 yaşlı hüquqşünas Yevgeniya Qutsul ikinci tura keçmişdilər.

Onların nəticələri müvafiq olaraq 26.4 və 26.47 faiz idi.

Rusiyayönlü Şor partiyası son vaxtlar qərbyönlü Moldova hökumətinə qarşı intensiv etiraz fəaliyyəti göstərir.

Moskvanın planı

Fevralın ortalarında prezident Mayya Sandu Rusiyanı ölkəsinin daxili işlərinə qarışmaqda ittiham etmişdi.

Onun versiyasına görə Rusiya hakimiyyətinin planına əsasən Rusiya, Monteneqro, Belarus və Serbiya vətəndaşları Moldova hökumətini devirmək üçün bu ölkəyə səfər etməli idilər.

Rusiya isə iddia edir ki, Moldova hökuməti bu ittihamları ictimaiyyətin diqqətini ölkədəki iqtisadi və ictimai problemlərdən yayındırmaq üçün ortaya atıb.

2022-ci ilin sentyabrında Şor partiyası erkən parlament və prezident seçkisi tələbi ilə fasiləsiz etiraz aksiyaları elan etmişdi.

Moldova prezidenti bildirir ki, Şor partiyasını açıq-aşkar şəkildə Moskva dəstəkləyir.

Şor partiyasının arxasında Kremlin durmasını RISE Moldova və Dosye araşdırma qruplarının təhqiqatı da göstərib.

Partiyanın lideri və müğənni Jasminin əri

Şor partiyasının lideri və müğənni Jasminin əri kimi tanınan İlan Şor İsrailə qaça bilib.

Bundan əvvəl, 2017-ci ildə onu üç Moldova bankından milyardlarla pul oğurluğu ittihamı ilə 7 il yarım müddətinə azadlıqdan məhrum etmişdilər.

Bu hökmdən şikayət veriləndən sonra işə apelyasiya məhkəməsi baxırdı. Şor elə həmin müddətdə İsrailə qaçıb.

İsrail 2020-ci ildə İlan Şorun ekstradisiyasına dair ricanı rədd edib.

Lakin oktyabrın 26-da ABŞ Şora qarşı sanksiyalar elan edəndən sonra Moldova hökuməti onu İsraildən gətirdəcəyinə ümid edir.

2023-cü ilin aprelində Kişinyovun Apelyasiya Palatası Şora 15 il iş kəsib.

XS
SM
MD
LG