Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:44

Ordudan gedən rusiyalı əsgərə 3 il həbs cəzası


Rusiyalı əsgər
Rusiyalı əsgər

Ukraynada bir ay xidmətin ardınca ordudan istefa verən rusiyalı müqaviləli hərbçi apellyasiya şikayətindən sonra 3 il müddətinə azadlıqdan məhrum edilib.

Mayın 22-də Yekaterinburq Hərbi Məhkəməsi Marsel Kandarova aşağı instansiya məhkəməsinin kəsdiyi 5 illik cəzanı 3 ilə endirib. Məlumat məhkəmənin vebsaytında yerləşdirilib.

Prezident Vladimir Putin 2022-ci ilin fevralında Ukraynanı işğal etməyə başlayandan bu yana, Kandarov Rusiyanın Başqırdıstan vilayətinin paytaxtı Ufada müqaviləli hərbçi kimi xidmət edirdi.

Onun olduğu bölük döyüşmək üçün Ukraynaya göndərilib, amma bir ay sonra Kandarov müalicə olunmaq üçün Rusiyaya qayıdıb. O, tibbi məzuniyyətdə olarkən istefa ərizəsi yazaraq, insanları öldürmək istəmədiyini bildirib.

Müraciətinə baxıldığı müddətdə Kandarov 2023-cü ilin yanvarında saxlanıldığı Ufadakı evinə qayıdıb.

Yüzlərlə müqaviləli əsgərin xidmətdən getdiyi deyilir

Müharibənin ilk aylarında Ukrayna silahlı qüvvələrinin şiddətli müqavimətilə üzləşən yüzlərlə rusiyalı müqaviləli əsgərin ordudan getdiyi bildirilir.

O zaman hüquqşünaslar deyirdilər ki, Rusiya müharibəni rəsmi olaraq “xüsusi hərbi əməliyyat” adlandırdığı üçün müqaviləli əsgərlər istefaya görə qanuni olaraq mühakimə oluna bilməzlər.

Amma Rusiya 2022-ci ilin sentyabrında səfərbərlik elan etdikdən sonra vəziyyət dəyişdi. Müqaviləli əsgərlər yalnız sağlamlıqla bağlı və ya yaşa görə xidməti tərk edə bilərdilər.

Kandarov müharibə başlayandan bəri həbs olunan çox sayda müqaviləli əsgərdən biridir.

Müstəqil insan haqları müdafiəsi və media qrupu “OVD-İnfo”-ya görə, Ukraynada müharibəyə qarşı çıxdıqlarına görə məhkum edilmiş və ya istintaq altında olan azı 550 nəfər var.

XS
SM
MD
LG