Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:35

İranda radikallar hicab layihəsini ‘yumşaq’ sayırlar


Hicabsız qadınlar
Hicabsız qadınlar

İran hakimiyyəti İslam geyim qaydalarını pozan qadınlara qarşı yeni qanun layihəsi hazırlayıb.

Radikallar isə, pul cərimələri, həbs cəzası, hətta hüquqlardan məhrumetmə kimi sərt cəzaları nəzərdə tutan “hicab və iffət qanun layihəsini” yumşaq adlandıraraq tənqid edib.

Bu addım, qadınların hicab qaydasını daha çox pozduğu, hakimiyyət orqanlarının isə hicabın tətbiqi səylərini gücləndirdiyi bir vaxta təsadüf edir. 22-yaşlı Məhsa Əmininin hicab taxmadığına görə İran əxlaq polisi tərəfindən həbsi və vəfatının ardınca sentyabrda başlanmış hakimiyyət əleyhinə etirazlar qadınları ruhlandırıb.

İran İslam İnqilabından iki il sonra, 1981-ci ildə doqquz yaşdan yuxarı qadın və qızlar üçün məcburi hicab qanunu gündəmə gəldi.

Bu ilin aprelində İran polisi, hicab taxmayan qadınları tapıb cəzalandırmaq üçün müşahidə kameralarından istifadə etməyə başlayıb.

Eyni zamanda rəsmilər qanun pozucularının SMS xəbərdarlığı alacaqlarını bildiriblər. Onlar qanunun təkrar pozanların böyük cərimələrlə üzləşəcəklərini, mobil telefon və internet xidmətlərindən məhrum olacaqlarını bildirib.

Qanun layihəsində nələr var

İran mətbuatının dərc etdiyi qanun layihəsinin mətninə əsasən, qanunu pozanlara cərimə və “sosial hüquqlardan” məhrum etmədən tutmuş üç ilədək həbsə qədər tədricən sərtləşdirilən cəzaları nəzərdə tutur. Sosial şəbəkələrdə hicab əleyhinə kampaniya aparanların da cəzalandırılacağı bildirilir.

Son aylarda məşhurlar da daxil olmaqla daha çox qadın ictimaiyyət qarşısına hicabsız çıxıb. Onlar bu hərəkətlə hakimiyyət orqanlarına, o cümlədən ötən ay ictimai yerlərə hicabsız çıxmağın yasaqlandığını bildirən Ali dini lider Ayətullah Əli Xameneyiyə birbaşa etiraz edib. Bəzi qadınlar hicab qanununa etiraz edən foto və videolar paylaşıblar.

Qanun layihəsində hicabsız qadınları təhqir, təhdid və ya onlara hücum edənlərin cəzalandırılacağı da qeyd olunub. Qadınlar hicab qanununu tətbiq etmək istəyən əxlaq polisi və hökumətyönlü insanlar tərəfindən davamlı şəkildə təzyiq və zorakılığa məruz qaldıqlarından şikayətlənirlər.

Radikalların narazılığı

Etirazlar zamanı hakimiyyət hicab qanununun icrası ilə məşğul olan əxlaq polisini ləğv etdi. O vaxtdan bəri rəsmilər qanunun icrası üçün "ağıllı" üsullar üzərində işlədiklərini bildiriblər.

Ədliyyə orqanları tərəfindən hazırlanan qanun layihəsi həftəsonu hökumət tərəfindən bəyənilib və sonra deputatlara təqdim edilib. Qanunun nə vaxt müzakirəyə çıxarılacağı və səsə qoyulacağı, hələlik, bəlli deyil.

İrandakı radikal qruplar qanun layihəsinin kifayət qədər sərt olmadığını bildirərək qəzəbləniblər.

“Sanki qanun layihəsi hicabın açılması məsələsi ilə bağlı yox, [istəmədən də olsa], mövcud hüquqi əngəlləri aradan qaldırmaq və bu çirkin, iyrənc vəziyyətin yayılmasına zəmin yaratmaq üçün hazırlanıb”, – “Kayhan” qəzetinin redaktoru Hüseyn Şəriətmədari mayın 22-də öz məqaləsində yazıb.

Mayın 24-də “Həmşəhri” qəzeti Prezident İbrahim Rəisi hökumətini qanun layihəsini ləğv etməyə çağırıb. Onlar bu qanunun, polisin hərəkətə keçməsinin qarşısını alacağını və qanunu pozanlara “toxunulmazlıq” yaradacağını iddia edib.

Reaksiyalar

Tənqidlərdən sonra, mayın 25-də hökumət sözçüsü Əli Bahadori Cəhromi bildirib ki, qanun layihəsinin media tərəfindən dərc olunan mətni hökumətin təsdiqlədiyi variant deyil.

“Mövcud şəraitdə parlament hicab qanun layihəsini qəbul etmir. Biz qanun layihəsini dəyişdirəcəyik və cəzalar vasitəsilə çəkindirici qüvvə yaradacağıq”, – bu sözləri millət vəkili Məhəmməd Əli Naqali deyib.

“İslam Respublikası ümidsiz şəkildə öz tərəfdarlarını razı salmağa, eyni zamanda beynəlxalq ictimaiyyəti bu hərəkətlərin qanuni olduğuna inandırmağa çalışır. İndiyə qədər hər ikisində uğursuz olub”. Bunu isə Britaniyada yaşayan feminist fəal Samaneh Savadi AzadlıqRadiosunun fars xidməti olan “Fərda” radiosuna söyləyib. Savadi qanun layihəsinin, hakimiyyət orqanlarının İranda “cins ayrı-seçkiliyi” gücləndirmək cəhdi olduğunu bildirib.

Səlahiyyətlilər son həftələrdə, müştərilərinə hicab qanununu tətbiq etmədiklərinə görə, kafe və ticarət mərkəzləri də daxil olmaqla, yüzlərlə müəssisəni bağlayıblar.

“Proqnozlar göstərir ki, bu toqquşmalar çox da uzaq olmayan gələcəkdə etirazların yayılmasına səbəb olacaq”, – hüquqşünas və keçmiş vitse-prezident Şahindoxt Molaverdi mayın 25-də “Emtedad” xəbər saytına müsahibəsində belə deyib.

XS
SM
MD
LG