Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:38

ABŞ-dan Kiyevə 800 milyonluq yeni hərbi yardım, Avropa İttifaqı da yardımları artırır


ABŞ-ın Ukraynaya sursat köməyi
ABŞ-ın Ukraynaya sursat köməyi

Pentaqon Ukraynaya 800 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlayıb.

Bura 60-dan yuxarı "Bradley" və "Stryker" zirehli maşınlar, haubitsa, pilotsuz uçan aparatlar, HIMARS və haubitsa üçün mərmilər, tank əleyhinə raketlər, Patriot döyüş sursatları və digər hava hücumundan müdafiə və kassetli sursatlar daxildir.

ABŞ Müdafiə Nazirliyinin sözçüsü Kolin Kahl bildirib ki, Vaşinqton bu tip silahlardan istifadə ilə bağlı mülki vətəndaşlara yarana biləcək riskləri azaltmaq üçün Ukrayna ilə işləyir. O, həmçinin vurğulayıb ki, Rusiya müharibə başlayandan bəri kaset bombalarından istifadə edir və onların uğursuzluq nisbəti 30-40 faiz təşkil edir. (Partlamamış yüklər mina kimi yerdə qalır və mülki əhali üçün təhlükə yaradır). Pentaqonun sözçüsünə görə, Ukraynanın əks-hücum əməliyyatı çoxlarının gözlədiyindən daha yavaş gedir və bu, mərmi istehlakının artmasına səbəb olub.

Kasset sursatlarının Kiyevə verilməsinə toxunan Pentaqon sözçüsünə görə, bu silahlar əks-hücum əməliyyatlarında istifadə etməyə imkan verəcək vaxt çərçivəsində Ukraynaya təhvil veriləcək.

Əks-hücumun gedişini şərh edən Kahl nəticə çıxarmağın hələ tez olduğunu deyib. Onun sözlərinə görə, Ukrayna düşünüldüyündən daha yaxşı möhkəmlənmiş Rusiya qoşunlarının müdafiəsində zəifliklər axtarır, amma o da var ki, Ukrayna qüvvələrinin əksəriyyəti hələ də əks-hücum əməliyyatlarında iştirak etmir.

Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib ki, prezident Co Bayden və müşavirləri kaset sursatlarının Ukraynaya ötürülməsi barədə yekdil qərar qəbul ediblər.

“Biz kassetli sursatların daşıdığı riski başa düşürük, lakin Rusiya daha çox ərazi ələ keçirərsə, başqa risk də var”, -Qərb mediasının Sullivandan gətirdiyi sitatda deyilir.

Ukraynanın artilleriyadan çox fəal istifadə etdiyini bildirən Sallivana görə, mərmi istehsalında bu lazımi tempini saxlamaq çətindir.

****

Avropa İttifaqı bloka üzv 27 ölkədə sursat və raketlərin istehsalını artırmaq barədə qərar qəbul edib.

Qərarda deyilir ki, onun qəbul edilməsindən əsas məqsəd Ukraynaya Rusiya təcavüzünün dəf olunmasında kömək etməkdir.

Avropa İttifaqının rotasiyalı sədri olan İspaniya iyulun 7-də bildirib ki, ittifaqa daxil ölkələr və Avropa Parlamenti Ukraynaya ASAP proqramı çərçivəsində təcili yardım üçün 500 milyon avro ayrılması barədə qərar qəbul ediblər.

Bu qərar hələ üzv ölkələrin başçıları və Avropa deputatları tərəfindən təsdiq edilməlidir, amma qərarın təsdiqlənməsi prosedurunda heç bir çətinliyin yaranmayacağı düşünülür.

Ukrayna F-16 qırıcıları istəyir

ASAP proqramına görə Ukraynaya bu il ərzində 1 milyon sursatın verilməsi nəzərdə tutulmuşdu.

Associated Press xəbər verir ki, mart ayında Avropa İttifaqı liderləri Ukraynaya hərbi yardım göstərilməsinə dair razılığa gəlmişdilər.

Ukrayna prezidenti Volodimir Zelenski Ukraynaya ən müasir silahlarla, o cümlədən F-16 qırıcıları ilə kömək göstərilməsinə çağırır.

İyulun 7-də ABŞ-ın Ukraynaya kaset mərmiləri də daxil 800 milyon dollarlıq yardım barədə bəyanat verəcəyi gözlənilir.

Qərbin vədlərini Şərqi Avropa icra edir

AP bu barədə məlumatı anonim mənbələrə istinadla yayıb. Avropa Parlamentinin üzvlərindən Mixael Qaler bu barədə deyib:

"Avropa torpağında müharibə ilə üzləşdikdən sonra biz artıq son onilliklərdə olduğu kimi öz müdafiəmizə biganə yanaşa bilmərik. Bizə təcili qaydada büdcə prioritetlərimizi müəyyən etmək lazımdır”.

Bu arada iyulun 6-da Kil dünya iqtisadiyyatı institutunun hesabatında deyilir ki, bütün ikitərəfli razılşmalara baxmayaraq bu il Qərbin Ukraynaya hərbi yardımları azalıb.

Kil İnstitutunun hesabatında qeyd olunur ki, Ukraynaya vəd olunan hərbi yardımın yalnız yarısından bir qədər çoxu göndərilib.

Hesabatda ABŞ, Almaniya və Britaniyadan Ukraynaya göndərilən hərbi yardımlar qeyd olunur.

Bu da bildirilir ki, Qərbin Ukraynaya vəd etdiyi ağır hərbi texnikanın 80 faizini Çexiya, Slovakiya və Polşa kimi Şərqi Avropa ölkələri veriblər.

XS
SM
MD
LG