Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:55

Erməni sakinlərin tibbi məqsədlərlə Laçın məntəqəsindən keçidinə icazə verilir


BQXK avtomobilləri Qarabağda
BQXK avtomobilləri Qarabağda

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK), zəruri qaydalara riayət etməklə, erməni sakinlərin tibbi məqsədlər üçün sərhəd məntəqəsindən keçidini davam etdirə bilər.

İyulun 14-də BQXK-nın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Kojiç ilə görüşdə Xarici İşlər naziri Ceyhun Bayramov bunun mümkünlüyünü bildirib.

Erməni sakinlərin tədarük ehtiyaclarına gəlincə, Ağdam-Xankəndi yolundan istifadə etməklə yardım göstərmək imkanının mövcud olduğu vurğulanıb.

XİN Qarabağdakı ermənilərə bu yardım təklifini daha öncə də səsləndirib.

İyulun 11-də Dövlət Sərhəd Xidməti bildirib ki, BQXK-nın avtomobilləri ilə Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə keçən şəxslər qaçaqmalçılıqla məşğuldurlar. Faktlarla bağlı cinayət işi qaldırılıb və "Laçın" sərhəd-buraxılış məntəqəsindən keçid müvəqqəti olaraq dayandırılıb.

Blinken Əliyevlə nədən danışıb

İyulun 12-də ABŞ Dövlət katibi Entoni Blinken (Anthony Blinken) Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Prezidentinin Mətbuat xidmətinin məlumatına görə, Blinken ölkəsinin Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə müzakirələrə davamlı dəstəyini ifadə edib. Blinken Laçın sərhəd-gömrük buraxılış məntəqəsi vasitəsilə keçidin önəmini vurğulayıb.

Prezident Əliyev isə Azərbaycanın Ermənistanla sülh gündəliyinə sadiqliyini vurğulayıb. Prezident yaxın günlərdə Ermənistan tərəfi ilə yüksək səviyyədə növbəti görüşün keçiriləcəyini bildirib.

Ermənistanın Baş naziri Nikol Paşinyan artıq iyulun 15-də Brüsseldə görüşəcəklərini açıqlayıb. Azərbaycan və Ermənistan liderləri sonuncu dəfə mayın 25-də Moskvada görüşüblər.

Əliyev telefon söhbətində onu da deyib ki, Laçın sərhəd-gömrük buraxılış məntəqəsi vasitəsilə humanitar yüklərin, fərdi keçidlərin normal təşkil olunmasına baxmayaraq, iyunun 15-də Ermənistan tərəfindən silahlı təxribat törədilib, humanitar daşımalarda qaçaqmalçılıq halları aşkarlanıb.

***

Dövlət Departamentinin sözçüsü Metyu Millerin (Matthew Miller) adından yayılan açıqlamada isə deyilir ki, Dövlət katibi Blinken Prezident Əliyevlə telefon söhbətində ABŞ-n Ermənistan-Azərbaycan sülh müzakirələrinə davamlı dəstəyini bildirib. O, həmçinin danışıqlarda kreativlik, çeviklik və kompromisin gərəkdiyini qeyd edib.

Dövlət katibi Blinken Laçın dəhlizi ilə kommersiya, humanitar və şəxsi nəqliyyat vasitələrinin azad tranzitinin vacibliyini vurğulayıb. O qeyd edib ki, hər iki tərəf davamlı və ləyaqətli sülhə doğru danışıqlarda müsbət dinamikanı saxlamalıdır.

Azərbaycan son insidentdən sonra Laçın sərhəd-gömrük buraxılış məntəqəsindən keçidi müvəqqəti dayandırıb.

Ermənistan isə iyunun 14-də silahlı təxribatla bağlı deyilənləri təkzib etmişdi.

BQXK Laçın dəhlizi ilə yük keçirənlərin öz əməkdaşları olmadığını deyir

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Laçın dəhlizi ilə bəyan edilməmiş məhsulların keçirilməsi ilə bağlı məlumatlardan xəbərdar olduğunu, belə fəaliyyətləri dəstəkləmədiyini bildirir. Qurumun yaydığı məlumatda deyilir ki, BQXK-ya məxsus heç bir nəqliyyat vasitəsində belə məhsullara rast gəlinməyib, bütün humanitar yüklər Azərbaycan gömrük orqanları tərəfindən yoxlanılır.

"Lakin, təəssüflər olsun ki, icarəyə götürülmüş və üzərinə müvəqqəti olaraq BQXK emblemi vurulmuş dörd nəqliyyat vasitəsinin sürücüsü bizə məlumat vermədən öz maşınlarında kommersiya məqsədli yükləri keçirməyə cəhd ediblər. Bu şəxslər BQXK əməkdaşları olmayıblar və onlarla olan xidməti müqavilələrə dərhal xitam verilib", – məlumatda vurğulanır.

BQXK Laçın dəhlizi boyunca yalnız humanitar işlər gördüklərini bildirir. İndiyədək 600-dən artıq pasiyentin tibbi təxliyə olunduğu, səhiyyə ocaqlarına gərəkənlərin, o cümlədən ərzaq və uşaq qidalarının çatdırılmasına imkan yaradıldığı qeyd edilir. Qurum bildirir ki, bu fəaliyyətlərin davam etdirilməsinə icazə verilməlidir: "Humanitar fəaliyyətlər hər zaman tərəflərin razılığı ilə həyata keçirilir və minlərlə insanın həyatına müsbət təsir göstərir".

BQXK avtomobillərinin Laçından keçidi dayandırılıb

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Ermənistandan Azərbaycana gələn avtomobillərində müxtəlif növ qaçaqmalın aşkarlandığı bildirilir. Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Bildirilir ki, artıq bir neçə dəfədir ki, BQXK avtomobilləri ilə Azərbaycana gələn Ermənistan vətəndaşlarında "Laçın" sərhəd-buraxılış məntəqəsində yoxlanış zamanı gizlədilmiş mobil telefonlar və onların ehtiyat hissələri aşkarlanıb. Qaçaqmal sırasında siqaret və benzinin də aşkarlandığı qeyd olunur.

DSX faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açıldığını bildirir. Eyni zamanda, zəruri istintaq tədbirləri həyata keçirilənə qədər sözügedən buraxılış məntəqəsindən keçidin müvəqqəti dayandırıldığı vurğulanır.

BQXK-nın Azərbaycan nümayəndəliyindən "Turan"a bildirilib ki, məsələ ilə bağlı məlumat veriləcək.

Laçındakı yeni sərhəd məntəqəsindən keçən erməni sakinlər danışdı
Gözlə

No media source currently available

0:00 0:04:00 0:00

Xatırlatma

Apreldə Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında "Laçın" sərhəd-buraxılış məntəqəsi qurulub.

Ermənistan bunu 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın pozulması kimi qiymətləndirib.

Azərbaycan isə postun Laçın dəhlizi ilə Qarabağa silah və başqa qanunsuz yüklərin daşınmasının qarşısını almaq məqsədilə qurulduğunu açıqlayıb.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər sülh sazişi imzalamayıb.

XS
SM
MD
LG