Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:22

Rəhbərliyi ittiham edən ordu generalını vəzifəsindən çıxarıblar


İvan Popov
İvan Popov

Rusiyanın yüksək rütbəli döyüş komandanı bəyan edib ki, onu cəbhədəki vəziyyətlə bağlı hərbi rəhbərliklə fikir ayrılığını bildirəndən dərhal sonra vəzifəsindən çıxarıblar.

Təhlilçilər bildirirlər ki, bu, Ukraynada 500 gündən çoxdur davam edən müharibə ərzində Rusiya hərbi rəhbərliyində baş vermiş ilk böyük ixtilafdır.

Rusiya Dövlət Dumasının deputatı, müdafiə komitəsinin üzvü Andrey Qurulyovun teleqram kanalında yayılmış səs yazısında Rusiya Silahlı Qüvvələri Cənub dairəsinin 58-ci ümumqoşun ordusunun komandanı, döyüş ləqəbi “Spartak” olan general-mayor İvan Popov işdən çıxarılmasının təfərrüatlarından bəhs edir.

Popov bildirir ki, onu vəzifəsindən ordunun “ən problemli məsələlərini ən yüksək hərbi rəhbərlik səviyyəsində” qaldırdıqdan sonra azad ediblər.

"Ya susmalısan, ya da..."

Generalın sözlərinə görə Sergey Şoyqunun onun vəzifəsindən çıxarılmasına dair əmrini “bircə sutkanın ərzində quraşdırıblar”:

"İndi artıq bu barədə əminliklə demək olar. Məni sərəncama çıxarıblar, vəzifəmdən kənarlaşdırıblar, general-leytenant Lyamin gəlib və komandanlığa başlayıb”.

Popov bunu da qeyd edir ki, hazırda rəhbərliyin bundan sonrakı sərəncamlarını gözləyir:

"Yüksək rəhbərlikdə mürəkkəb vəziyyət yaranıb. Burada ya susmalı, ağciyərlik etməli, onların eşitmək istəmədiyini gizlətməli, ya da hər şeyi olduğu kimi deməlisən”.

“Arxadan zərbəni” vuran kimdir?

Generalın sözlərinə görə o diqqəti “müasir müharibənin ən böyük faciəsinə” - əks-batareya mübarizəsinin olmamasına, artilleriya stansiyalarının yoxluğuna, habelə hərbi qulluqçuların “düşmən artilleriyasından” kütləvi şəkildə qırılmasına və yaralanmasına çəkib:

"Ukrayna Silahlı Qüvvələri bizim ordumuzu cəbhədə sındıra bilməzdi, amma bu orduya yüksək rütbəli komandan ən çətin və ən gərgin məqamda xaincəsinə və alçaqcasına arxadan zərbə vurub”.

Popovun “arxadan zərbə” deyərkən nəyi nəzərdə tutduğu aydın olmur.

Audioyazıdakı səsin Popova məxsusluğu müstəqil şəkildə təsdiqlənməsə də, bir çox hərbi blogerlər və millət vəkilləri səs sahibinin Popov olduğunu deyirlər.

Rusiya millət vəkilləri və o cümlədən Federasiya Şurası sədrinin müavini Andrey Turçak Popovun səs yazısını yaydığına görə Qurulyovu tənqid edib.

Bununla yanaşı Turçak deyib ki, “Popovun vicdanı təmizdir və vətən belə komandanları ilə fəxr etməlidir”.

Bir məruzənin qurbanı

İyulun 13-ə olan vəziyyətə görə Rusiya Müdafiə Nazirliyi general Popovun vəzifəsindən çıxarılması və ya səs yazısı barədə heç bir şərh verməyib.

ABŞ-dakı Müharibə Tədqiqatları İnstitutunun (ISW) məlumatına görə Popov 58-ci ordunun komandanlığından baş qərargah rəisi Valeri Gerasimova etdiyi məruzədən sonra çıxarılıb.

O bu məruzədə onun tabeçiliyində olan hərbi birləşmələrin uzun müddət cəbhədə olduqlarına görə rotasiyasının zəruriliyindən danışırdı.

The Insider saytı yazır ki, Ukrayna Silahlı Qüvvələri artıq bir aydır ki, Rusiya 58-ci ordusunun, əsasən də 42-ci motoatıcı diviziyanın mövqelərinə hücum edir.

Daha bir generalın ölüm xəbəri

Rusiya medialarında habelə Ukraynanın işğal olunmuş Berdyansk şəhərində Rusiya general-leytenantı Oleq Tsokovun həlak olması barədə xəbərlər var.

Təsdiq edilməmiş informasiyaya görə Tsokov Berdyanskdakı “Dyuna” otelində olub. Burada 58-ci ordunun qərargahının yerləşdiyi ehtimal olunur. Bildirilir ki, iyulun 11-də otelə uzaqmənzilli Storm Shadow raketi ilə zərbə endirilib.

Bəzi teleqram kanallarının məlumatına görə zərbənin əsl hədəfi general-mayor İvan Popov olmalı idi, amma Tsokov qurban gedib.

BBC yazır ki, hazırda Tsokov Rusiyanın hərbi əməliyyatlar zonasında itirdiyi ən yüksək rütbəli hərbçi hesab olunur.

Rusiya Müdafiə Nazirliyi generalın ölümü barədə heç bir rəsmi açıqlama verməyib, amma onun həlak olması barədə Rusiyanın Rossiya dövlət telekanalında Andrey Qurulyov danışıb.

Azərbaycan əsgəri nə yeyib-içir?
Gözlə

No media source currently available

0:00 0:03:23 0:00

Priqojindən xəbər yoxdur

Bu arada Vaqner özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin iyunun 24-də baş vermiş yarımçıq qiyamından sonra, daha bir tanınmış komandan general Sergey Surovikin də gözə dəymir.

Bu da qeyd olunur ki, Popovun vəzifəsindən çıxarılması ilə Priqojinin qiyamı arasında hər hansı əlaqənin olub-olmaması da məlum deyil.

Popovdan fərqli olaraq Priqojin Rusiyanın hərbi rəhbərliyini, o cümlədən müdafiə naziri Sergey Şoyqunu və baş qərargah rəisi Valeri Gerasimovu açıq və hətta təhqiramiz şəkildə tənqid edirdi.

Belarusa getməsi, Rusiyaya qayıtması və hətta Vladimir Putinlə görüşməsinə dair xəbərlərdən sonra Priqojinin hazırda harada olması bilinmir.

Komandanlara qarşı repressiyalar

The Wall Street Journal qəzeti “vəziyyətlə tanış mənbələrə” istinadla yazır ki, Kremlin itaətsizlikdə şübhəli bildiyi hərbi komandanlara qarşı repressiyaları azı 13 yüksək rütbəli zabiti əhatə edir. 15 yüksək rütbəli zabit vəzifələrindən çıxarılıb.

Baş qərargahın rəisi Valeri Gerasimov da qiyamdan sonra gözə dəymirdi, lakin Müdafiə Nazirliyi onun iyulun 10-da Cənub Hərbi Dairəsinin Rostovda yerləşən baş qərargahının iclasında iştirak etdiyini görüntüləyən video yayıb.

Rusiyanın müharibədəki canlı qüvvə itkilərini açıq mənbələrdə araşdıran jurnalistlər bildirirlər ki, iyunun 7-də Ukrayna ordusunun əks-hücumu başlanandan bəri Rusiya qüvvələri azı 240 hərbçisini itirib.

Bunlardan birinin general, ikisinin polkovnik, üçünün podpolkovnik və ümumilikdə 12-sinin zabit olduğu bildirilir.

Rusiya ordusu bu miqyasda canlı qüvvə itkisinə müharibənin ilk aylarında məruz qalmışdı.

XS
SM
MD
LG