Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:30

Hökumət mediasına təlimat gəlir ki, 'Makronun bəyanatını yaymayın'


Uşaqlara Makronu ələ salan mahnı oxutdurmaq... Qanunlar nə deyir?
Gözlə

No media source currently available

0:00 0:06:37 0:00

Uşaqlara Makronu ələ salan mahnı oxutdurmaq... Qanunlar nə deyir?

Azərbaycan hökuməti və mediası Fransanın, özəlliklə də prezidenti Emmanuel Makronun timsalında günah keçisi tapıb. Ölkədə müstəmləkəçiliyə qarşı başladılan kampaniya əsasən bir ölkəyə – Fransaya fokuslanıb.

AzadlıqRadiosunun müxbiri Coşua Kuçera (Joshua Kucera) yazır ki, iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tam ləğvinə doğru” konfransında spikerlər yalnız Fransadan olub. Tədbiri dövlətin idarə etdiyi Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi təşkil edib.

Müasir Fransa əraziləri olan Yeni Kaledoniya və Fransa Polineziyasından rəsmilər, Martinik və Fransa Guyanasından fəallar bu ölkənin müstəmləkəçiliyinin pis cəhətlərindən danışıblar.

Tədbiri azı 10 telekanal işıqlandırıb.

Yeni Kaledoniyadan bir rəsmi deyib ki, Fransada “diktatura hökuməti” hökm sürür. Cənubi Amerikada Fransaya məxsus Quyanadan bir təmsilçi qeyd edib ki, “Fransa təbii resurslarımızı talayır”.

Bu konfransdan bir gün öncə Prezident İlham Əliyev Fransanın “biabırçı neomüstəmləkə siyasəti”ni uzun-uzadı pisləmişdi.

Son aylar Fransa Azərbaycan rəsmilərinin və dövlət mediasının gündəmindən düşmür. Hətta İctimai televiziya Fransa Prezident Makronun təhqir olunduğu mahnını uşaqların ifasında səsləndirib.

Makronun oktyabr müsahibəsindən sonra

Müəllif bu kampaniyanı Azərbaycanın separatçı Qarabağ bölgəsindən qaynaqlandığını yazır. Belə ki, azərbaycanlılar Fransaya çoxdan şübhəylə yanaşırlar, inanırlar ki, Fransadakı iri erməni diasporu Parisin Qafqazdakı siyasətinə, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinə təsir göstərir.

Bakı və Yerevan arasında Qarabağ münaqişəsinin tarixi keçmiş Sovet İttifaqının dağılma ərəfəsinə gedib çıxır. Ermənistanın dəstəklədiyi separatçılar 1990-cı illərin əvvəlində regionu işğal ediblər, bu müharibədə 30 minədək insan həlak olub. Münaqişənin həllinə yönəlik diplomatik səylər nəticəsiz qalıb. 2020-ci ildə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Bölgəyə Rusiya hərbçiləri yerləşdirilb.

Fransa 2020-ci ildə BMT-nin Təhlükəsizlik Şurasına Ermənistanı dəstəkləyən qətnamə təqdim edib, ancaq qəbul olunmayıb. 2022-ci ilin dekabrında isə Təhlükəsizlik Şurasına təqdim olunan qətnamədə Azərbaycanın Laçın dəhlizini bağlaması pislənirdi, amma bu dəfə Paris niyyətinə nail olmayıb.

Makron 2022-ci ilin oktyabrında müsahibəsində 2020-ci il münaqişəsini “dəhşətli müharibə” adlandırıb. Azərbaycanlılar isə bu müharibə qazandıqları zəfərlə fəxr edirlər.

Kuçera Azərbaycanda anti-Fransa kampaniyasının Makronun bu müsahibəsindən sonra vüsət aldığını yazır. Rəsmilərdən savayı, hökumətin idarə etdiyi təhlil mərkəzləri də Fransaya fokuslandı. “Fransa Azərbaycan üçün mütləq şərdir”, – Cənubi Qafqaz Tədqiqat Mərkəzinin başçısı Fərhad Məmmədov apreldə müsahibəsində deyirdi.

Mediaya təlimat gəlir

Hökumətyönlü media isə Fransadan necə danışmaqla bağlı dəfələrlə hakimiyyətdən təlimat alıb. Bunu AzadlıqRadiosunun gördüyü mesaj skrinşotları təsdiqləyir. Bu, Azərbaycanda yayğın praktikadır. Bəzən media orqanları gündə bir neçə dəfə WhatsApp vasitəsilə mesajlar alırlar. Onlara konkret məsələləri necə işıqlandırmaqla bağlı “tövsiyələr” verilir. 2021-ci ilin dekabrında “Eurasianet” xəbər vebsaytı belə təlimatları əldə etmişdi. Direktivlərin konkret haradan gəldiyi aydın olmasa da, onları alan jurnalistlər prezident aparatından göndərildiyinə inanırlar.

Mayın 12-də göndərilən mesajda mediadan xahiş olunur ki, “müstəmləkəçi Fransanın Cənubi Qafqazda azərbaycanlılara qarşı səlib yürüşü təşkil etməsini” işıqlandırsınlar. İyunun 2-də göndərilən mesajda mediaya bir gün öncə Moldovada Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Makron, Almaniya Kansleri Olaf Şolts və Aİ Prezident Şarl Mişelin görüşünü necə işıqlandırmaqla bağlı təlimatlar verilir. “Fransa prezidentinin dünənki bəyanatına fikir verməmək, onu yaymamaq xahiş olunur”, – mesajda deyilir.

Azərbaycanlı frankofonlar: "Biz Makronu yox, Fransanı sevirik"
Gözlə

No media source currently available

0:00 0:06:38 0:00

İfrat sağçıların Fransa siyasətinə təsiri

Bu arada Azərbaycanla Fransa arasında əlaqələr normal tempdə davam edib. İyulun 10-da Fransanın TotalEnergies şirkəti Azərbaycanın Xəzər dənizindəki sularında təbii qaz çıxarılmasında əhəmiyyətli yeniliyi elan edib. Azərbaycanlı təhlilçilərin fikrincə, normal halda, belə bir xəbər zəfər kimi qeyd olunardı, amma anti-Fransa kampaniyasının tələbləri buna imkan verməyib.

Fransalı jurnalist, Qafqazı əhatələyən Regis Gant (Regis Gente) son illər Fransanın siyasi ritorikasının Ermənistanın xeyrinə dəyişdiyini qeyd edir. Bu isə Fransa siyasətində ifrat sağın nüfuzunun artmasıyla izah olunur.

“Fransanın siyasi gündəmini ifrat sağ müəyyənləşdirir. Xüsusilə sağ siyasətçisisənsə, ifrat sağ elektoratını ovlamaq öhdəliyi hiss edirsən”, – Gant AzadlıqRadiosuna deyib.

Ancaq o, Fransanın Qafqazda balansı saxlamağa çalışdığını da qeyd edir. Yerevanda yeni hərbi attaşe ofisi açmaq planları Bakını qəzəbləndirəndən sonra Bakıda da oxşar ofis açmaq təklif olunub.

Fransanın Bakıdakı səfirliyi AzadlıqRadiosunun suallarına şərh verməklə bağlı müraciəti cavablandırmayıb.

Fransadakı erməni diasporu nəyə nail olub

Fransa Milli Assambleyası Qarabağdakı vəziyyətə görə Azərbaycana sanksiyalara çağıran qətnamə qəbul etsə də, bu sənədin hüquqi qüvvəsi yoxdur.

“Həmin qətnamələrdən savayı Fransa nə edib ki? Bizə hər hansı sanksiya tətbiq etməyiblər... Ermənistana silah verməyiblər. Orada güclü erməni diasporunun olması həqiqətdir... ən çoxu da iki, üç hüquqi qüvvəsi olmayan qətnaməyə nail olublar. Fransa Azərbaycanla münasibətləri gərginləşdirməkdə maraqlı deyil”, – Bakı Tədqiqatlar İnstitutunun başçısı Altay Göyüşov AzadlıqRadiosuna deyib.

Göyüşovun fikrincə, anti-Fransa kampaniyasının əsas hədəfi daxili auditoriyadır və hökumət bununla diqqət yayındırır, xalqı xarici təhdidlərə qarşı birləşdirməyə çalışır.

“Bu, Əliyevin çox yaxşı hazırlanmış oyunudur, bilir ki, bu söhbətlər Fransayla real problemlər yaratmır”, – deyən Göyüşov sosial mediada və sıravi azərbaycanlılar arasında Fransaya qarşı mənfi münasibətin artdığını müşahidə etdiyini vurğulayır.

XS
SM
MD
LG