Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:39

Peşə məktəbi məzunlarının cəmi 32 faizi çalışır


Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi

Hesablama Palatası peşə məktəbi bitirənlərin əmək bazarında iştirakını araşdırıb. Rəsmi rəqəmlərə görə, 2020 və 2021-ci ildə Azərbaycandakı peşə məktəblərindən toplam 23 min 790 nəfər məzun olub. Palatanın araşdırmasında bildirilir ki, onlardan cəmi 31.6 faizinin (7 min 510 nəfər) əmək müqaviləsi var. Qalan 16 min 280 nəfər (68.4 faiz) isə hazırda rəsmi olaraq çalışmır. Məzunların daha 949 nəfərinin aktiv VÖEN-i var. Amma onlardan 677 nəfər 2020-2022-ci illərdə gəlir əldə etməsi ilə bağlı hər hansı bəyannamə təqdim etməyib.

Açıqlanan bilgilərdən bəlli olur ki, ən çox məzunun qeydə alındığı ixtisaslar aşpaz (1 min 300 nəfər), dərzi (1 min 200 nəfər) və elektrik qaz qaynaqçısı ixtisaslarıdır (min nəfər). Ən az məzun sayı isə parketçi (2 nəfər) və alətçi-çilingər (4 nəfər) peşələrində üzrə qeydə alınıb. Məzunların yaş qrupları üzrə göstəricilər də açıqlanıb. 2020 və 2021-ci illərdə peşə məktəbi bitirənlərin 57 faizinin yaşı 20-ni ötməyib. Yaşı 21-30 arası olanlar 29 faizdir. Məzunların daha 11 faizi 31-40 yaş aralığında, 3.2 faizi isə 40 yaşdan yuxarıdır. Yuxarı yaş qrupundakı məzunlar xalçaçı, aşpaz, dərzi ixtisaslarında daha çoxdur. Bu da həmin yaş qrupundan bəzi ixtisaslara tələbatın daha yüksək olduğunu göstərir.

Hansı peşə məktəblərində məşğulluq imkanı daha yüksəkdir?

Ayrı-ayrı peşə məktəblərinin məzunları arasında məşğulluq göstəricisini gözdən keçirərkən ən yaxşı göstərici Sumqayıt Kimya Sənaye Parkının nəzdindəki peşə məktəbində qeydə alınıb. Bu peşə məktəbini bitirənlərin 71.2 faizi çalışır. İkinci ən yaxşı göstərici Bakı Turizm Peşə Məktəbindədir. Bu təhsil ocağı məzunlarının 57.1 faizi işləməkdədir. Məzunların iş tapması baxımından üçüncü ən yaxşı göstərici Xızı Peşə Məktəbində (53.8 faiz) qeydə alınıb. Neftçala, Daşkəsən və Füzuli rayonlarındakı peşə məktəblərinin məzunları arasında da çalışanların payı 50 faizi aşır.

Məzunların iş tapması baxımından ən zəif göstərici 17 saylı Bakı Peşə Məktəbində qeydə alınıb. Bu təhsil müəssisəsindən məzun olanların cəmi 11.1 faizi işləyir. İkinci ən zəif göstərici Masallı Peşə Məktəbi ilə bağlıdır (16.1 faiz). Bakıdakı 18, 19, 22 saylı peşə məktəblərinin, eləcə də Şəmkir, Salyan və Cəlilabaddakı peşə məktəblərinin məzunları arasında da məşğulluq 20 faizdən aşağıdır.

Məzunlar hansı sektorda çalışırlar?

Araşdırma üzə çıxarıb ki, məzunlar arasında işləyənlərin sayı az olmaqla yanaşı, işləyənlərin də bir çoxu təhsil aldığı sahədə çalışmır. Ən çox qeydə alınan iş satıcılıqdır. Çalışan peşə məktəbi məzunlarının təxminən 20 faizi (1 min 570 nəfər) satıcıdır. Daha 1 min 291 məzun hazırda fəhlədir. Peşə məktəbi məzunlarının ən çox iş tapdığı üçüncü istiqamət ofisiantdır (840 nəfər). Daha 462 peşə məktəbi məzunu isə aşpaz olaraq fəaliyyət göstərir.

Dərzi, aşpaz, kompüter operatoru, dizayner, qaynaqçı və s. bu tipli daha çox məzunun qeydə alındığı ixtisaslara yiyələnən və hazırda çalışan məzunların cəmi 21 faizi öz ixtisası üzrə çalışmaqdadır. İşləməyənlər də daxil, bu ixtisaslardan bütün məzunlar hesaba qatılanda onların cəmi 7.2 faizinin öz ixtisasına uyğun işdə çalışdığı üzə çıxır.

Hansı peşə daha çox gəlir gətirir?

Ən yüksək aylıq əməkhaqqı (1 min 500 manat və daha çox) "Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru", "Avtomatika üzrə usta", "Üzümçülük və şərab ustası", "Veb-dizayner və proqram təminatçısı", "Sənayedə quraşdırma işləri üzrə usta", "Aşpaz", "Mehmanxana inzibatçısı", "Elektrik qaz qaynaqçısı", "Geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər", "Mebel ustası", "Əməliyyatçı-mühasib", "Mühafizəçi", "İnşaat ustası", "Neft və qazçıxarma operatoru", "Turizm təşkilatçısı", "Bitkiçilik mütəxəssisi", "Mühasib" ixtisaslarına ödənilir.

Ən az əməkhaqqı (minimum maaş – 345 manat məbləğində) "Heyvanlarda süni mayalanma üzrə texnik", "Növbə motorçusu", "Texnoloji avadanlığın sazlayıcısı" ixtisasları üzrə qeydə alınıb.

Anlaşma memorandumları cəmi 141 nəfərə iş imkanı verib

Peşə Təhsili üzrə Dövlət Agentliyi və peşə təhsili müəssisələri bir sıra işəgötürənlə əməkdaşlıq barədə bilgilər açıqlasa da, rəsmi rəqəmlərdən aydın olur ki, bu anlaşmalar bir o qədər səmərə vermir. 2020 və 2021-ci illərdə peşə məktəblərindən məzun olan 23 min 790 nəfərdən cəmi 141-i (bütün məzunların 1 faizindən də azı) özünə bu anlaşmalara uyğun iş tapa bilib.

XS
SM
MD
LG