Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:49

Ukrayna əks-hücumunun yeni fazası başlanıb - Qərb mediası


Ukrayna ordusunun "Da Vinçi canavarları" batalyonu Rusiya mövqelərini atəşə tutur
Ukrayna ordusunun "Da Vinçi canavarları" batalyonu Rusiya mövqelərini atəşə tutur

Ukrayna ordusu əsas qüvvələrini Zaporojye vilayətində cəmləşdirərək əks-hücumun yeni fazasına başlayıb.

Bu barədə məlumatı Pentaqondakı iki mənbəyə istinadla The New York Times qəzeti verib.

Mənbələr iddia edirlər ki, Ukraynanın cənub-şərq regionundakı hücum əməliyyatında Qərbdə təlimləndirilmiş hərbçilər iştirak edir və Qərbdən alınmış ən təkmil texnikadan istifadə olunur. İndiyədək bu qüvvələr əsasən ehtiyatda saxlanırdı.

Qəzetin yazdığına görə Ukrayna rəsmiləri ABŞ-a məlumat veriblər ki, Ukrayna silahlı qüvvələri Rusiyanın minaladığı ərazilərlə cənub istiqamətindəki Tokmak şəhərinə doğru irəliləməyə cəhd göstərir. Əgər bu hücum əməliyyatı uğurlu olarsa, Ukrayna qüvvələrinin Melitopol şəhərinə yolu açılacaq.

Pentaqondakı mənbələr bildiriblər ki, bu hücumdan məqsəd Rusiyanın Ukraynanın cənubunda işğal etdiyi ərazilərlə ilhaq edilmiş Krım arasında quru yolun kəsilməsidir.

Bu da qeyd olunur ki, Ukraynanın yeni əməliyyatı bir həftədən üç həftəyədək davam edə bilər.

Təzə taktika işləyəcəkmi?

Öz növbəsində Financial Times qəzeti hərbi mənbələrə istinadla yazır ki, hücumun ilkin mərhələsindəki uğursuzluqlar Ukrayna ordusunu taktikanı dəyişməyə, tank və PDM-lərdən daha az istifadəyə məcbur edib.

Bunun əvəzində Ukrayna silahlı qüvvələri əsas diqqəti Rusiyanın müdafiə mövqelərini artilleriya atəşinə tutmağa yönəldib.

Bu, istehkamçıların kiçik qruplarına və piyada bölmələrinə ərazini minalardan təmizləmək imkanı yaradır.

Qəzetin mənbələri bildirirlər ki, hücumun ilk mərhələsində Ukrayna hərbçiləri arasında “xaos” hökm sürürdü. İrəliləyən qüvvələr mina sahələri qarşısında dayanmalı olur və bu zaman Rusiya helikopterləri tərəfindən atəşə tutulurdu. Bu, Ukrayna ordusunun hərbi texnikasının 20 faizinin itirilməsinə səbəb olub.

Financial Times yazır ki, Ukrayna ordusunun yeni taktikası da müəyyən suallar doğurur: Ukrayna bu tərzdə uzun müddət hərəkət edə biləcəkmi və ya Kremli danışıqlara məcbur edəcək uğurlar qazanacaqmı?

Rusiya təsdiq edir

Ukrayna silahlı qüvvələrinin hücum xəbərini Rusiyanın Müdafiə Nazirliyi də təsdiqləyib.

Nazirlik iddia edir ki, bütün həmlələr dəf edilib, amma hərbi blogerlər Rusiya qüvvələrinin Staromayorskdan mümkün geri çəkilməsi barədə yazırlar.

Ukrayna ordusunun aktivləşməsinə dair məlumatlar Zaporojye vilayətində Rusiyanın nəzarətində olan ərazilərdəki işğal administrasiyalarından da gəlir.

Rusiya işğal administrasiyasının başçısı Vladimir Roqov bildirib ki, iyulun 26-da Ukrayna tərəfindən Rabotino rayonundakı hücumda 100-dək zirehli texnika iştirak edib.

Bəzi mənbələr bu ərazidə Rusiyanın müdafiə xəttinin bir neçə yerdə yarıldığını bildirirlər.

XS
SM
MD
LG