Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:23

Ukrayna ilə savaş gedişində Rusiyada rubla güvən böhranı yaşanır


Rus rublu
Rus rublu

Bu da siyasətdə çəkişmələr doğurur

İyulun 21-də Rusiya Mərkəzi Bankı faiz dərəcələrini gözləniləndən iki dəfə çox – 1 faiz artırmaqla iqtisadçıları təəccübləndirdi. Bu addım dekabrdan bəri dəyərsizləşən rublu dəstəkləməyi hədəfləyib. Di gəl, Rusiya valyutası ard-arda 3 həftə boyunca ABŞ dollarına nisbətdə dəyər itirməyə davam edib. Rubl avqustun 14-də psixoloji 100 həddini keçib və ertəsi gün faiz dərəcələrini 3.5 faiz artıraraq, 12 faizə çatdırıb. Rublun bu son dəyərsizləşməsi neft qiymətlərinin yuxarı olması fonunda baş verir, axı bahalaşan neft çox vaxt rublu gücləndirir. Bu dəfə belə deyil: Rusiyanın Ukraynaya hücumu ölkənin iqtisadiyyatına və milli valyutasına təsirsiz ötüşmür.

Rubl güvən böhranı keçirir?

“Rubl güvən böhranı keçirir”, - bu sözləri Rusiya Mərkəzi Bankının keçmiş rəhbəri Sergey Aleksaşenko deyib. İndi Kremlin tənqidçisinə çevrilən bu şəxs həmin fikrini avqustun 15-də faiz dərəcələrinin kəskin artımından sonra paylaşdığı tvitdə dilə gətirib. O, faiz dərəcələri artımının valyutaya təsirinin az olacağını proqnozlaşdırıb.

Rublun aylarla sürən dəyərsizləşməsi savaşın gedişiylə birbaşa bağlıdır. Ukraynanın sərt dirənişi Rusiyanı hərbi xərcləri artırmağa məcbur edir. Bir yandan da Qərbin sanksiyaları neft gəlirlərini əvvəlki səviyyədə saxlamağa imkan vermir. Nəticədə, iri büdcə kəsiri yaranır və bu da öz növbəsində məzənnəyə təzyiq göstərir.

Bununla yanaşı, Rusiyanın müxtəlif maşın və texnologiyalara, digər idxalat məhsullarına və deməli, indiki durumda qıt olan dollar və avroya tələbatını çoxaldıb.

İqtisadçılar deyirlər ki, rublun zəifliyi Prezident Vladimir Putini çətin duruma salır. O, inflyasiyanı zəiflətmək və rublu sabitləşdirmək üçün xərcləri azaltmalıdır.

Ancaq Putin dəfələrlə deyib ki, hücumu qeyri-müəyyən müddətədək davam etdirmək niyyətindədir. Üstəlik, növbəti prezident seçkiləri gələn ilin martındadır. Ölkədə siyasət və media Kremlin nəzarətində olduğundan, Putinin qalib gələcəyi gözlənilir. Bu azmış kimi o, Vaqner qrupunun utancverici qiyamından sonra və cəbhədə sürən uğursuzluqlar fonunda öz korlanmış imicini normallaşdırmağa da çalışmalıdır. Bu üzdən, onun hərbi və sosial xərcləri azaldacağı gözlənilmir və deməli, rublu qorumaq yükü Mərkəzi Bankın üzərinə düşəcək.

Arada çəkişmə var

“Hazırda Rusiyada bir tərəfdən Prezident Putinin hərbi iddiaları, digər tərəfdən Mərkəzi Bank və Maliyyə Nazirliyinin siyasi vəzifələri arasında çəkişmə var”, Londonda yerləşən “Capital Economics” araşdırma şirkətinin iqtisadçısı Liam Piç (Liam Peach) avqustun 15-də yazdığı şərhdə belə deyir.

Faiz dərəcələrinin kəskin artması ərəfəsində hakim elita daxilindəki gərginliyin bir bölümü olan bu çəkişmə çox aydın sezilir.

TASS dövlət xəbər agentliyinin avqustun 14-də dərc etdiyi köşə yazısında Putinin iqtisadiyyat müşaviri Maksim Oreşkin Mərkəzi Bank və onun rəhbəri Elvira Nabiullinanın adını çəkmədən banka hücum edib. O yazıb ki, "rublun zəifləməsi və inflyasiyanın artmasının mənbəyi monetar siyasətin yumşaqlığıdır”.

Ölkə xaricində çox böyük nüfuza sahib olan və mərkəzi bank rəhbəri çalışdığı 10 il boyunca Rusiya iqtisadiyyatına dəyə biləcək zərəri minimallaşdırdığı düşünülən Nabiullina isə rublun zəifliyinin əsas səbəbi kimi xarici ticarətin zəifləməsini göstərib. O, eyni zamanda dövlət xərclərinin artması və müharibə nəticəsində yaranan işçi qüvvəsi qıtlığının inflyasiya doğurduğunu söyləyib. Bu məsələdə ekspertlər Nabiullina ilə razılaşıblar.

Rusiyanın xarici valyuta ehtiyatı dondurulub

Ancaq Nabiullinanın işi asan olmayacaq. Piç deyir ki, Qərb Rusiya Mərkəzi Bankının 300 milyard dollar həcmində xarici valyuta rezervini dondurub, ölkəyə gələn investisiyaların önü kəsilib və Rusiyanın neft ixracatına qiymət limiti qoymaqla hökumətin rublu dəstəkləmək imkanlarını məhdudlaşdırıb.

Ukraynaya tammiqyaslı hücum və onun ardınca tətbiq olunan sanksiyalardan öncə milli valyuta zəifləyəndə, Mərkəzi Bank öz xarici valyuta ehtiyatlarından milyardlarla dolları pul bazarına buraxaraq rublu dəstəkləyə bilirdi.

Piçin sözlərinə görə, Rusiya iqtisadiyyatındakı sabitliklə bağlı risklər gözlənildiyindən daha tez reallaşır. O, indi Mərkəzi Bankın faiz dərəcələrini ilin sonunadək daha 2 faiz artıraraq, 14 faizə çatdıracağını gözləyir. Yüksək faiz dərəcələri şirkət və istehlakçıların kredit götürməsini məhdudlaşdırır, inflyasiyanın sürətini azaldır və rubl əmanətlərini daha cəlbedici edir.

"Qarşıdakı bir neçə ay rublun daha çox dəyərsizləşməsi, eləcə də indikindən xeyli yüksək inflyasiya və faiz dərəcələrinin artması ilə yadda qalacaq”, - Piçin sözləridir.

Rusiyada normal qaydalar keçərli deyil?

Keçmiş Sovet İttifaqı ölkələri üzrə ixtisaslaşan “Macro-Advisory” konsaltinq şirkətinin qurucusu Kris Uifer (Chris Weafer) AzadlıqRadiosu-na deyib ki, rublun zəifləməsi maliyyə böhranının başlanma əlaməti deyil, “axı bu, tənzimlənən iqtisadiyyatda tənzimlənən valyutadır. [Burada] normal qaydalar işləmir”.

Uifer deyir ki, ötənilki fevral hücumundan öncə rubl üzən məzənnəli valyuta idi. Həmin ilin martından bəri, yəni Qərbin ölkəyə ağır maliyyə sanksiyaları tətbiqindən sonra Mərkəzi Bank rublu valyutaya nəzarət mexanizmlərinin köməyilə tənzimləyir.

Onun sözlərinə görə, Mərkəzi Bank və Maliyyə Nazirliyinin özü büdcə kəsirini daraltmaq üçün rublu zəiflətmək istəyib, amma onu “çox aşağı sürüşməyə qoyublar”. İndi isə onlara “yuxarıdan” tapşırılıb ki, rublu geri qaytarın. Ötən ilin iyununda neft və qaz qiymətləri qalxandan və sanksiyalar üzündən ixracat azalandan sonra rublun məzənnəsi özünün 7 illik rekord səviyyəsinə yüksəlmişdi: 1 dollar 53 rubl idi. Rublun məzənnəsi aşağı olanda ixracatçılar Rusiya büdcəsinə daha çox vergi ödəyirlər. Ancaq digər valyutalarla müqayisədə kəskin düşüş eyni

zamanda ixracat mallarının rublla qiymətinin yüksəlməsinə və deməli inflyasiyanın artmasına yol açır.

Rubl ötən ildən bəri yarıbayarı dəyərsizləşib

Rusiya valyutası bu il içində 30 faizədək, ötən ilin iyunundakı pik həddinə nisbətdə isə, demək olar, yarıbayarı dəyər itirib. Bu, neft və qaz qiymətlərinin düşməsindən və idxalatın artmasından qaynaqlanıb. Uifer iddia edir ki, 15 avqustdakı faiz dərəcələri artışı “Mərkəzi Bankın nəzarəti əlində saxlaması və rublu bərpa etmək istəməsi” mesajını vermək üçün olub.

Britaniyanın iqtisadi proqnozlar və ekonometrik təhlillər aparan “Oxford Economics” şirkətinin iqtisadçısı Tatyana Orlova AzadlıqRadiosu-na deyib ki, Mərkəzi Bank rublu sabitləşdirmək üçün kapitala nəzarət metoduna əl atmalı ola bilər. Onun sözlərinə görə, bu bank ixracatçıları əllərində olan xarici valyutanı satmağa məcbur edə, yaxud vətəndaşların xaricə göndərdiyi xarici valyutanın həcmini məhdudlaşdıra bilər. “Financial Times”ın xəbərində deyilir ki, Putin avqustun 16-da Maliyyə Nazirliyinin rəsmiləri ilə görüşündə kapitala nəzarət mexanizmlərinin tətbiq edilməsini müzakirəyə çıxarıb.

Rusiya Mərkəzi Bankının keçmiş müşaviri, hazırda Berlində fəaliyyət göstərən Karnegi Rusiya Avrasiya Mərkəzinin qeyri-rezident araşdırıcısı Aleksandra Prokopenko özünün yazdığı hesabatda qeyd edir ki, ötən ilin yanvarından bu ilin mayınadək rusiyalılar xarici banklara, əsasən, Ermənistan, Gürcüstan və Qazaxıstana 43 milyard dollar köçürüblər.

Orlova deyir ki, rubla təsir edən başqa amillər də var. Məsələn, Rusiyanın ixracat sayəsində əldə etdiyi xarici valyuta ilə idxal etdiyi mallara görə ehtiyacı olan valyutanın həcmi arasındakı uyğunsuzluq. Bu, Qərb sanksiyalarının doğurduğu yeni fenomendir.

Rusiyanın dollar və avroya ehtiyacı var

Qərb Rusiyaya qarşı enerji sanksiyaları da tətbiq etdiyindən, Moskva özünün neft ixracatını Asiyaya, o cümlədən Çin və Hindistana yönəltməli olub.

Rusiya bu satışların əvəzində dollar deyil, rubl, Çin yuanı və Hindistan rupisi alır. Ancaq idxal etdikləri maşınlar, texnologiya və istehlak mallarını ala bilmək üçün Rusiya şirkətləri və vətəndaşlarının dollar və avroya ehtiyacı var. “Bütün bunlar valyutanın zəifləməsinə təsir göstərir”, - Orlovanın fikridir.

Onun sözlərinə görə rublun məzənnəcə düşməsinə bəzi mövsümi amillər də təsir edir: “Rusiyalılar yay istirahətinə xaricə getməzdən öncə xarici valyuta alırlar ki, bu da tezliklə tükənəcək”.

XS
SM
MD
LG