Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:43

Rusiya Ukraynanın taxıl ixracı obyektlərini, Ukrayna Rusiyanın S-400 qurğusunu vurur


Krımda Rusiyanın S-400 kompleksinin vurulmasını görüntüləyən dron fotosu
Krımda Rusiyanın S-400 kompleksinin vurulmasını görüntüləyən dron fotosu

Ukrayna Müdafiə Nazirliyinin baş kəşfiyyat idarəsi Krımda Rusiyanın S-400 Triumf hava hücumundan müdafiə kompleksinin məhv edildiyini xəbər verir.

İdarənin məlumatında deyilir ki, S-400 raket qurğusu Tarxankut burnunda, Olyonovka kəndi yaxınlığında partlayışla məhv edilib.

Bu da bildirilir ki, partlayış nəticəsində kompleksin özü, onun sursatı və şəxsi heyəti “ləğv edilib”.

Bundan əvvəl Ukrayna teleqram kanalları Tarxankut burnunda azı 7 partlayışın baş verdiyini yazırdılar.

Bu məlumatlara görə partlayışlar nəticəsində habelə S-300 və S-400 komplekslərinə xidmət edən “Podlyot” radiolokasiya stansiyası sıradan çıxarılıb.

Bu arada Mariupol şəhəri merinin müşaviri Pyotr Andryuşşenko özünün teleqram kanalında yazıb ki, ilhaq edilmiş Krımda partlayışlar nəticəsində Bastion sahil antigəmi sistemi məhv edilib.

Rusiya bu sistemdən istifadə edərək Oniks raketləri ilə Odessa və Nikolayev vilayətlərinə zərbələr endirir.

Rusiyanın Rıbar teleqram kanalı yazır ki, Ukrayna qüvvələri əvvəlcə dronları buraxaraq hava hücumundan müdafiə raketlərini “çaşdırıblar”, daha sonra isə dəniz tərəfdən üç antigəmi raketi atıblar.

Bu arada Rusiyanın yeni hava zərbələri nəticəsində Ukraynanın Sumı regionundakı məktəbdə azı 4 nəfər həlak olub.

Ukraynanın daxili işlər naziri İhor Klimenko sosial mediada yazdığı postda bildirir ki, məktəb binası tamamilə dağılıb və daha iki nəfərin uçqun altında qaldığı ehtimal edilir.

Ukrayna hərbi hava qüvvələri bildirir ki, gecə ərzində Rusiyanın 20 dronundan 11-i vurulub.

Bunlardan 9-u Odessa regionunda zərərsizləşdirilib.

Rusiyanın bombardmanı nəticəsində son 24 saatda Xersonda bir nəfər həlak olub, 6 nəfər yaralanıb.

Xəsarət alanların mülki obyektlərdə, o cümlədən uşaq bağçasında olduğu deyilir.

“Krımın qapısı”

Rusiyada Ukrayna ilə həmsərhəd Belqorod vilayətinin qubernatoru deyib ki, Lavı kəndindəki sanatoriyaya dron zərbəsi nəticəsində 3 nəfər həlak olub.

Döyüş meydanlarına gəldikdə isə Ukrayna ordusu strateji mövqeyə malik Rabotino qəsəbəsini azad etdikdən sonra Melitopol şəhəri istiqamətində irəliləyir.

Melitopol “Krımın qapısı” hesab olunur.

Ukrayna baş qərargahının məlumatında deyilir ki, avqustun 23-də Donetsk və Xarkov vilayətlərində Rusiya qüvvələrinin hücumları dəf edilib.

Zelenski: “Yavaş-yavaş olsa da irəliləyirik”

Ukrayna prezidenti Volodimir Zelenski avqustun 23-də Ukraynanın əks-hücumunun ləng getməsi barədə deyilənlərə cavab olaraq bildirib ki, döyüş meydanının sıx minalanmasına baxmayaraq Ukrayana əsgərləri yavaş-yavaş da olsa, irəliləyirlər:

"Hərbçilər mənə məruzə edirlər ki, biz daim irəliyə doğru hərəkətdəyik. Bəli yavaş-yavaş, amma düzgün istiqamətdə”.

Bu arada Rusiya prezidenti Vladimir Putin Cənubi Afrikada keçirilən BRICS sammitində videobağlantı ilə etdiyi çıxışda Ukrayna müharibəsinə haqq qazandırmağa çalışıb.

O iddia edib ki, Ukraynaya müdaxilə Kiyevin Qərb tərəfindən dəstəklənən “təcavüzünə” görə olub.

Putin deyib ki, Rusiya Ukraynada “Qərbin apardığı müharibəyə” son qoymağa çalışır.

***

Rusiya Ukraynanın cənubunda taxıl ixracı obyektlərinə yeni dron zərbələri endirib, infrastruktura ziyan dəyib, taxıl anbarlarında yanğın olub. Bu haqda avqustun 23-də ordu və region rəsmiləri məlumat yayıb. Bu arada Rusiyanın cənubdakı Xerson vilayətinə hava zərbələrində bir nəfərin öldüyü, bir neçə nəfərin yaralandığı xəbər verilir.

Ötən gecə Rusiya qüvvələri Ukraynanın Odessa vilayətini üç saatadək dron hücumuna məruz qoyub. Region qubernatoru Oleh Kiber avqustun 23-də Telegram-da yazıb ki, havadan müdafiə qüvvələri İran istehsalı olan doqquz dronu sıradan çıxarıb.

“Təəssüf ki, hasilat və gəmiçilik komplekslərinə ziyan dəyib, 700 kv metr ərazidə yanğın başlayıb. Səhər 6-da yanğın söndürülüb. Taxıl saxlancı obyektləri də ziyan görüb”, – Kiper yazıb, itki olmadığını vurğulayıb.

Monitorinq kanalları və yerli rəsmilər Dunay çayı limanlarından biri İzmaildə də partlayışlar olduğunu bildirir. Rusiya ötən ay taxıl sazişində iştirakını yeniləməkdən imtina edəndən sonra Kiyev taxılı həm bu limandan ixrac edir.

Ukraynanın hava qüvvələri ötən gecə Rusiyanın buraxdığı 20 drondan 11-nin ordu tərəfindən vurulduğunu bildirib. Onlardan 9-u Odessada, ikisi Zaporojyedə vurulub.

Son 24 saat ərzində Rusiyanın Xersonu atəşə tutması nəticəsində bir nəfər öldürülüb, beş nəfər yaralanıb.

Moskvaya 3 dron hücumu

Rusiya Müdafiə Nazirliyi isə avqustun 23-də bildirib ki, ötən gecə Moskvaya üç dron hücumu olub. Onlardan ikisinin vurulduğu, üçüncünün isə elektron vasitələrlə “söndürüldüyü”, ancaq nəzarəti itirəndən sonra “Moscow City” biznes kompleksində tikilməkdə olan binaya dəydiyi bildirilir.

Nazirlik itki olmadığını bildirir.

Moskvada üç aeroport – Vnukovo, Domodedovo və Şeremetyevoda uçuşlar müvəqqəti dayandırılılb.

Nazirlik hücuma görə Ukraynanı ittiham etsə də, Kiyev insidenti şərh etməyib. Bir gün öncə də Moskvaya bir neçə Ukrayna dron hücumunun qarşısının alındığı bildirilmişdi.

Moskva son həftələr dəfələrlə dron hücumlarına məruz qalıb.

Cəbhədə isə Ukrayna qüvvələrinin cənubdakı strateji Melitopol şəhərinə irəliləməyə davam etdiyi xəbər verilir. Avqustun 23-də Baş qərargah Rabotino kəndinin azad olunduğunu açıqlayıb. Bu kənd Zaporojyedəki Melitopol şəhərinə aparan vacib yolun üstündədir. Melitopol isə Rusiya qüvvələrinin ötən ilin martında tutulub, 2014-cü ildə qanunsuz ilhaq olunmuş “Krıma darvaza” sayılır.

XS
SM
MD
LG