Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:58

Azərbaycanda məktəbli ləvazimatları 10 faiz bahalaşıb


"Yarmarka adı ilə gəlmişik, amma hər şey bahadır" - dərs ili ərəfəsi qiymətlər nə qədər bahalaşıb?
Gözlə

No media source currently available

0:00 0:04:57 0:00

"Yarmarka adı ilə gəlmişik, amma hər şey bahadır" - dərs ili ərəfəsi qiymətlər nə qədər bahalaşıb? (Arxiv. 2022)

Məktəblərdə dərslərin başlamasına artıq səkkiz gün qalıb. Bu il, əvvəlki illərdən fərqli olaraq, Bakıda metro stansiyaların qarşısında məktəbli yarmarkaları hələ də təşkil edilməyib. Yalnız Bakıya qonşu Abşeron rayonun bir neçə yerlərində belə yarmarkalar gözə dəyir.

Qiymətlər müxtəlifdir. Həmin yarmarkalarda məktəb çantalarının qiyməti 17-100, dəftərlər vərəqlərin sayından və istehsalçı ölkədən asılı olaraq 0.15-1.5 manat arasında dəyişir. Satıcılar deyir ki, qiymətlər ötən illə müqayisədə 5-10 faiz çoxdur.

Valideynlər isə deyir ki, bu il mağazalarda satılan məktəb ləvazimatlarının da qiymətləri qalxıb.

Mağazalarda yarmarkalara nisbətən...

Mağazalarda satıcıların sözlərinə görə, bəzi malların qiyməti sabit qalsa da, bəzilərinin qiymətində 10 faizə qədər artım var.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin məlumatına görə də, ötən illə müqayisədə məktəb ləvazimatlarının qiymətləri 9.8 faiz artıb. Qiymət artımının əsas səbəbi kimi xaricdən gətirilən məhsulların bahalaşması göstərilir.

Avropa ölkələri ilə Azərbaycanın fərqi…

Bəzi Avropa ölkələrində ibtidai sinif şagirdləri üçün müəyyən imtiyazlar nəzərdə tutulub. Belçikanın Brüssel şəhərində ibtidai siniflərin şagirdləri 110 avro məbləğində məktəb ləvazimatları alır. Almaniyada isə ibtidai sinif şagirdlərinin valideynlərinə məktəb ləvazimatları üçün birdəfəlik yardım kimi 100 avro verilir.

Azərbaycanda valideynlərə uşağı məktəbə göndərmək üçün heç bir sosial yardım nəzərdə tutulmayıb.

F.Mustafa
F.Mustafa

"Bizdə təhsil, bəlkə də, 50-ci məsələdir"

Buna ölkənin Elm və Təhsil Nazirliyindən münasibət almaq mümkün olmayıb. Amma Milli Məclisin deputatı Fazil Mustafa "Turan"a bildirib ki, məktəb ləvazimatlarının alınması rahat və asan olmalıdır: "Əgər nazirlik bu işlə məşğul olursa, bir yarmarkanı təşkil etmək üçün müəyyən qurumlardan razılıqlar almalıdır. Amma konkret bələdiyyənin ərazisində bunu həyata keçirmək daha asan olardı. Başqa ölkələrdə bələdiyyələr bunu təşkil edirlər".

Deputatın sözlərinə görə, elə ölkələr var ki, məktəb ləvazimatlarını pulsuz təşkil edir: "O ölkələrdə anlayıblar ki, təhsil birinci nömrəli məsələdir və ertələnəsi məsələ deyil. Bizdə təhsil, bəlkə də, 50-ci məsələdir. Tutaq ki, mən yoxsul adamam və heç nəyi ala bilmədim. Mənim uşağımın oxumaması heç kimi narahat etmir".

N.Cəfərli
N.Cəfərli

"Vergi və gömrük güzəştləri etmək istəmir"

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, yarmarkalar ciddi effekt vermir: "Oradakı qiymətlərlə adi dükanlardakı qiymətlərin ciddi fərqi olmadı bu illərdə. İndi böyük satış məkanları var ki, orada qələmdən tutmuş, digər daha tutumlu məktəb ləvazimatları satılır. Yarmarka olanda sadəcə həmin dükanlar öz məhsullarını həm də orada satırdılar. Ayrıca müstəqil oyunçular yox idi ki, onlar məhz yarmarkaya öz məhsullarını çıxararaq bir rəqabət yaratsınlar. Yəqin ki, buna görə də bu praktikadan imtina ediləsi oldular".

İqtisadçı vurğulayıb ki, Azərbaycanda bəzi kağız məmulatlarının istehsalından başqa bu sahədə yerli istehsal, demək olar ki, yoxdur: "Məktəbli ləvazimatların, demək olar ki, hamısı xaricdən gətirilir və xaricdəki qiymət dəyişiklikləri istər-istəməz Azərbaycana da təsirsiz ötüşmür. Amma Azərbaycan hökuməti də çox qəribə şəkildə sosialyönümlü məsələlərdə vergi və gömrük güzəştləri etmək istəmir ki, heç olmasa, bu qiymətlərin ucuzlaşmasında rol oynasın".

İqtisadçının sözlərinə görə, bu yük valideynlərinin çiyninə düşür: "Bir çox ölkələrdə isə müxtəlif dövlət orqanları ilə xeyriyyə fondları bu məsələdə birgə çalışır. Qardaş Türkiyənin təcrübəsində görürük ki, burada bələdiyyələr çox böyük rol oynayır. Bizdə bələdiyyə institutu ölü doğulub, özəl fondların bu məsələdə isə ardıcıl iştirakını biz görmürük".

N.Cəfərli hesab edir ki, şagirdlərin hər hansı formada güzəştlər əldə etməsi üçün hökumətin düşünülmüş proqramı olmalıdır: "Rusiyada belə bir praktika var ki, onlar şagirdlərin hər valideyninə məktəbə hazırlıq üçün birdəfəlik 10 min rubl (174 manat) ayırırlar. Azərbaycanda belə bir sistemin yaradılması üçün maliyyə vəsaitləri kifayət qədər var. Sadəcə sosialyönümlü proqramları həyata keçirmək üçün siyasi sistem buna müsaid olmalıdır".

Yazıda səslənən fikirlərlə bağlı ölkədə fəaliyyət göstərən bəzi bələdiyyələrlə əlaqə saxladıq. Onlar da adlarının çəkilməsini istəmədən maliyyə çatışmazlığından gileyləndilər.

XS
SM
MD
LG