Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:58

Yeni səfərbərlik? Kreml prezident seçkisi öncəsi bunu heç istəmir


Moskvanın mərkəzində Ukraynadakı Rusiya qoşunlarının taktiki nişanı - Z hərfi və "Qələbə atəşdə döyülür" yazısı olan sosial reklam lövhəsi
Moskvanın mərkəzində Ukraynadakı Rusiya qoşunlarının taktiki nişanı - Z hərfi və "Qələbə atəşdə döyülür" yazısı olan sosial reklam lövhəsi

Sentyabrın 4-də özünü Yelena kimi təqdim edən rusiyalı qadın Leninqrad regionunun qubernatorunun telekonfransına zəng vuraraq Ukraynada vuruşan ərinin döyüş şəraitindən gileylənib və yorulub əldən düşmüş ərinə kömək istəyib.

"Ərim artıq 10 aydır ki, səngərdə vuruşur, yaşayır, yatır, yeyir. Bu müddət ərzində heç vaxt məzuniyyətdə olmayıb. Əlbəttə, bu, nəhəng fiziki və mənəvi yorğunluqdur, …hətta tükənməkdir. Biz, səfərbər olunanların arvadları, uşaqları, anaları humanitar yardım göndəririk… Biz kişilərin bütün işini öz üzərimizə götürürük, gündəlik həyat, uşaqları böyütmək… Ancaq insanın resursları limitsiz deyil", – qadın deyib.

Qubernator Aleksandr Drozdenko əlindən gələni edəcəyinə söz verərək bunları deyib: "Cəbhəyə… dəstəyiniz üçün çox sağ olun. Qələbəyə doğru irəli!".

Yelena tək deyil. Əsgərlər, onların həyat yoldaşları, valideynləri, hətta Rusiyanın apardığı bu müharibəni dəstəkləyənlər Rusiya ordusunda çoxdan bəlli olan sistem problemlərini dilə gətirirlər. Komandirlər, hərbi bloqerlər və millətçilər Rusiyanın daha çox əsgərə ehtiyacı olduğunu deyirlər.

"Yeni səfərbərlik dalğasının yaxın bir neçə həftədə baş verəcəyinə əmin deyiləm, ancaq onun baş verəcəyinə əminəm. Bu, müharibənin gətirdiyi zərurətlə bağlıdır. İndi Rusiya hökuməti və ordu rəsmiləri könüllü kontraktlar üçün yeni əsgərlər tapmağa çalışırlar. Ancaq, hələlik, uğur qazana bilmirlər. Cəbhədə də heç bir nailiyyət yoxdur. Bu, səfərbərliyi labüd edir", – hazırda həbsdə olan müxalifətçi Aleksey Navalnının Antikorrupsiya Fondu ilə bağlı rusiyalı hərbi təhlilçi Yan Matveyev deyir.

Kremlin itkiləri

Kreml 2022-ci ilin fevralında Ukrayna üzərinə hücuma başlayandan bəri Rusiya əhalisinin əsas hissəsini müharibənin acı reallıqlarından uzaq tutmağa çalışıb. Rusiyanın döyüşlərdə verdiyi itkilər nəhəngdir. Ölənlərin sayının 120 min, yaralananların sayınınsa 180 minə çatdığı bildirilir.

2022-ci ilin sentyabrında Kreml səfərbərlik elan edərək yüz minlərlə rusiyalını orduya çağırdı. Bu, Rusiyanın İkinci Dünya müharibəsindən bəri ilk səfərbərliyi, Kremlin cəbhədə ciddi çətinliklərlə üzləşməsinin etirafı idi. Bu, həm də müharibəni evə, rusiyalılara daha da yaxınlaşdırdı.

300 min əsgər səfərbər edilərək Ukraynaya göndərildi. Onlardan başqa "Vaqner" muzdlu qrupunun döyüşçüləri, o cümlədən həbsxanalardan toplanmış minlərlə məhbus cəbhə xəttinə göndərildi. Bu addım rusların xətlərini möhkəmləndirsə də, onların Ukrayna ordusuna qarşı yeni irihəcmli hücumlar gerçəkləşdirməsinə şərait yaratmadı.

Bu tədbirlər hərbi komissarlıqların işinin nə qədər köhnəlmiş sistemlə qurulduğunu bir daha göstərdi. Bunu görən hökumət orduya çağırılmalı olanları müəyyən etməkdən ötrü kompüter sistemlərini yenilədi, çağırış vərəqələrinin paylanmasını asanlaşdırmaq üçün rəqəmsal məlumat bazaları yaratdı. Sistem hökumətin artıq mövcud olan "Qosusluqi" portalından asılıdır. Rusiya vətəndaşları bu portalın köməyi ilə vergilərini ödəyir, pensiya və müavinət üçün müraciətlərini edirlər.

Qismən hərbi səfərbərlik çərçivəsində çağırılan Rusiya vətəndaşları Rusiya Silahlı Qüvvələrinin təlim mərkəzlərində hərbi təlim keçmək üçün yola düşürlər.
Qismən hərbi səfərbərlik çərçivəsində çağırılan Rusiya vətəndaşları Rusiya Silahlı Qüvvələrinin təlim mərkəzlərində hərbi təlim keçmək üçün yola düşürlər.

Hökumətin əl atdığı tədbirlər

Yeni qanuna görə, "Qosusluqi"dən istifadə edib-etməməsindən asılı olmayaraq, vətəndaş çağırış vərəqəsinə məhəl qoymadığı təqdirdə cəzalana bilər. Onun ölkədən çıxmasına, maşın sürməsinə, ev almasına və kiçik şirkət açmasına qadağa qoyula bilər.

Yaxınlarda deputatlar hərbi ehtiyatda olan şəxslərin yaşını beş il artırıb. Ötən həftə Rusiyanın Müdafiə naziri Sergey Şoyqu çağırış yaşlı kişilərin xidmətdən azad edilməsi üçün əsas sayılacaq xəstəliklərin siyahısı ilə bağlı yeni sərəncamlar imzalayıb.

"Bu il ərzində biz Rusiya hökumətinin bütövlükdə bu səfərbərlik prosedurunu həyata keçirmək üçün bütün bu sökükləri və dəlikləri yamamağa çalışdığını görmüşük", – orduya cəlb olunan əsgərləri hüquqi təmsilçiliklə təmin edən "Vətəndaş və ordu" insan haqları qrupunun direktoru Sergey Krivenko söyləyir.

"Düzəlişlər və elektron çağırışlar işə salınır, cərimələr ağırlaşdırılır və bütün sistem dəyişdirilir. Bu isə hərbi qeydiyyat və çağırış idarələri sisteminin çağırış və səfərbərlik üçün optimallaşdırılmasının ən mühüm göstəricisidir", – o, CurrentTV-yə bildirib.

Putinin iddiası

Sentyabrın əvvəlində Telegram-da Şoyqunun imzaladığı iddia olunan sənəd yayılmışdı. Sənəddə qarşıdan gələn səfərbərlik əmrinin detalları əks olunmuşdu. Hökumət rəsmiləri, o cümlədən Dumanın Müdafiə komitəsinin rəhbəri Andrey Kartapolov bu sənədin saxta olduğunu dedilər.

Daha sonra Telegram-da başqa təsdiqlənməyən xəbərlər yayıldı. Onlardan birində Kremlin Təhlükəsizlik Şurasının sentyabrın 25-dək 1.2 milyon çağırış vərəqəsi paylamağı planlaşdırdığı, bunun 1/3-ə qədərinin səfərbərlik üçün nəzərdə tutulduğu iddia olunur.

Yeni səfərbərlik haqda sual ötən həftə Vladivostokda Prezident Vladimir Putinin də iştirak etdiyi iqtisadi forumda da verilib. Putin deyib ki, buna ehtiyac yoxdur, çünki son altı-yeddi ayda 270 min adam orduya könüllü yazılıb.

"Bugünkü şəraitdə insanlar orduya könüllü yazılır. Onlar anlayırlar ki, son nəticədə cəbhəyə getməli olacaqlar. Bizim adamlarımız, rusiyalılar …Vətənin maraqlarını müdafiə etmək üçün bunu şüurlu və könüllü edirlər", – Putin sentyabrın 12-də deyib.

Səfərbərliyə çağırılan ehtiyatda olan hərbçilər Donetsk yaxınlığındakı poliqonda təlim keçirlər.
Səfərbərliyə çağırılan ehtiyatda olan hərbçilər Donetsk yaxınlığındakı poliqonda təlim keçirlər.

Səfərbərliyin ikinci dalğasına hazırlıq iddiaları

Eyni gündə Telegram-da çox oxunan və FSB-dən sızan məlumatları dərc etməsi ilə tanınan VÇK-OGPU kanalı səfərbərliyin ikinci dalğası üçün hazırlıqların getdiyi haqda post paylaşıb.

Postda deyilir ki, sentyabrın 10-da yerli və regional seçkilərin bitməsinədək təxirə salınan səfərbərlik tədbirləri Putinin yenidən namizəd olacağı mart seçkilərindən öncə aparılmalıdır. Postda bu məsələnin milli təhlükəsizlik rəsmiləri ilə Prezident Administrasiyası arasında kəskin fikir ayrılıqlarına səbəb olduğu bildirilir.

"İstər aşağıdan, istərsə də yuxarıdan gələ biləcək gözlənilməz reaksiyadan qorxan Prezident Administrasiyası mövcud düzənin saxlanmasında israrlıdır; [təhlükəsizlik rəsmiləri] isə eyforiyaya düşərək va-banka getmək qərarına gəliblər", – postda deyilir.

Prezident seçkiləri gəlir

Sentyabrın 1-də ordu rəsmilərinə yaxınlığı ilə tanınan Dövlət Duması üzvü Andrey Qurulyov da yeni səfərbərlik haqda şayiələri inkar edib. O deyib ki, Rusiyanın təchizat, silah-sursat, təlim və hərbçiləri daşıma sistemi eyni zamanda çox sayda əsgəri idarə etməyə qadir deyil.

Bundan əlavə, hərbi xidmətə payız çağırışı oktyabrın 1-də başlamalıdır. Qanun yeni çağırışçıların Ukraynaya göndərilməsini yasaqlasa da, onlar geyindirilməli, təchiz edilməli və təlim bazalarına daşınmalıdırlar. Bütün bunlar mümkün kütləvi səfərbərliklə eyni vaxta düşsə, sistem çətinliyə düşə bilər.

Ekspertlər bütün bunları nəzərə alaraq ehtimal edirlər ki, Rusiyanın hərbi çağırış qurumları sadəcə mövcud sistemi qoruyub saxlamağa çalışacaq: vətənpərvərlik kampaniyaları, könüllülər üçün məvacib və güzəştlər, veteranlar üçün pensiyalar, dul arvadlar üçün ölüm kompensasiyaları.

Rusiyalı vəkil və insan haqları fəalı Mixail Salkin də çağırışın yaxın gələcəkdə baş verməyəcəyini düşünür: "Məncə, bunun çağırış müddətində baş verməyəcəyi dəqiqdir. Ancaq sonra da prezident seçkiləri gəlir. Güman ki, səfərbərlik kimi … stressli məsələlər ictimai şəkildə baş verməyəcək".

XS
SM
MD
LG