Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:33

Müsahibə: 'Məsihçi' Putin öz təbliğatının qurbanına çevrildi


Prezident Vladimir Putin Qırmızı Meydanda Ukraynanın işğal olunmuş dörd bölgəsinin ilhaqı ilə bağlı keçirilən mitinqdə çıxış edir.
Prezident Vladimir Putin Qırmızı Meydanda Ukraynanın işğal olunmuş dörd bölgəsinin ilhaqı ilə bağlı keçirilən mitinqdə çıxış edir.

Amerikalı veteran jurnalist Syuzan Qlasser (Susan Glasser) 2005-ci ildə çıxan "Kremlin Rising: Vladimir Putin's Russia And The End Of Revolution" (Yüksələn Kreml: Vladimir Putin Rusiyası və inqilabın sonu) kitabının redaktoru və həmmüəllifidir. O, İraq və Əfqanıstan müharibələrini işıqlandırıb, dörd il "The Washington Post"un Moskva bürosuna rəhbərlik edib.

Qlasser "The New Yorker" jurnalının ştatlı əməkdaşı və köşə yazarıdır. Ötən il o, əri Piter Beyker (Peter Baker) ilə birgə "The Divider: Trump In The White House" (Bölücü: Tramp Ağ evdə) kitabını yazıb.

Qlasser AzadlıqRadiosunun gürcü xidmətinə müsahibəsində ABŞ-da keçiriləcək prezident seçkiləri kontekstində Putin və Ukrayna müharibəsindən danışıb.

Syuzan Qlasser
Syuzan Qlasser

"Özünü Yuri Andropovun varisi kimi görür"

O, Putini SSRİ-nin daha sonrakı illərindəki kollektiv idarəçilikdən daha çox Lenin və Stalinlə müqayisə edir: "Mən həmişə düşünmüşəm ki, o özünü Sovet İttifaqının ən son liderlərindən biri olmuş KQB başçısı Yuri Andropovun varisi kimi görür… Andropov çox tez öldü və onu [Mixail] Qorbaçov əvəzlədi. Qorbaçovsa aydındır ki, Vladimir Putinin qəhrəmanı deyil".

"Mənə elə gəlir ki, təkcə qərblilər deyil, rusiyalıların da çoxu hakimiyyətinin ilk illərindəki Putini görüb aldanıblar. O zaman Rusiyanın daxilində hələ "demokratiya" sayağı sözlər işlədilirdi. Putinin birinci andiçmə müraciətində bu sözdən istifadə edilib. O özünün ikinci andiçmə müraciətində bu sözü işlətmədi…".

Qlasser Putinin Ukraynaya hücumla bağlı davranışlarından təəccübləndiyini deyir: "Hərbi məqsədlərə çatmağa yetərincə canlı qüvvəsi olmaya-olmaya, Kiyevə tez girib Zelenski hökumətini devirmək… planı, bu alınmayanda isə "B" planının yerli-dibli olmaması… İnanılmazdır. Aydındır ki, onun Ukrayna və insanların nə edəcəyi barədə bilgisi və anlayışı zəif olub. Məncə, onlar … orada əhalinin əslində olduğundan daha böyük hissəsinin Rusiyanı dəstəklədiyini gözləyirdilər. Gerçəkdə isə bu, rusdilli şərqi Ukraynada belə baş vermədi. …Geosiyasi baxımdan inanılmaz fiaskodur, elə deyil? Bunu düşünmək belə mümkün deyil. Putinə desəydiniz ki, "Bilirsiniz, sizin müharibəniz, birincisi, Ukrayna xalqını …Rusiyaya qarşı və qərbyönlü istiqamətdə birləşdirəcək, ikincisi də Finlandiya və İsveçi NATO-nun daimi üzvünə çevirəcək və, beləliklə, NATO ilə Rusiyanın sərhədini daha 1600 kilometr artıracaqsınız", - bu onu sarsıtmağa yetəcəkdi. O, Almaniyanı, aşağı-yuxarı, satın aldığını düşünürdü, ancaq belə deyildi".

Vladimir Putin Şərqi Sibirdə "Vostok 2018" hərbi təlimlərində
Vladimir Putin Şərqi Sibirdə "Vostok 2018" hərbi təlimlərində

"O, Co Baydeni yanlış dəyərləndirmişdi"

"Bir də, düzünə qalsa, məncə, o, ABŞ-ın bu cür reaksiya verəcəyini gözləmirdi. O, Co Baydeni yanlış dəyərləndirmişdi. Məktəb vaxtı bizdə belə bir söz vardı: özünə yalan danışanda və öz yalanına inananda bilirsən ki, problemin var. Mənə elə gəlir ki, Putin müəyyən dərəcədə özünün Qərb və ABŞ barəsindəki təbliğatının qurbanı sayıla bilər. O buna inanmamalı idi".

Putinizmin mümkün sonu barədə düşüncəsini paylaşan Qlasser belə deyib: "Ernest Heminqueyin "tədricən, sonra qəfildən" bənzətməsi çox işlədilir. Əgər siz sabah mənə desəniz ki, Rusiyada dəlisov bir olay baş verib və Putin gedib, - bu, inandırıcı olardı və heç də bizi şoka salacaq bir şey olmazdı. Ancaq eyni zamanda mənə elə gəlir ki, Rusiyanın daxilində hərbi və təhlükəsizlik qüvvələrindən başqa potensial olaraq Vladimir Putini devirə biləcək çox az güc mərkəzi qalıb. Ukrayna üzərinə bu hücumun, ən azı, qısamüddətli nəticələrindən biri repressiya səviyyəsinin artırılması və Rusiya sisteminin içərisində müxalifət üçün imkanların yox edilməsidir…

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə 2016-cı ildə Helsinkidə görüşdükdən sonra birgə mətbuat konfransında
ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə 2016-cı ildə Helsinkidə görüşdükdən sonra birgə mətbuat konfransında

"Putinin getməsinin putinizmin sonu olacağı fikrinə inanmıram"

20 il boyunca uzaq keçmişə gedib çıxan mövzu və ənənələrə söykənərək qurulan və işləyən sistemdə yaşayan bir cəmiyyətiniz olanda – burada biz …sistemə qatılan milyonlarla rusiyalıdan danışırıq…, - bu, Vladimir Putinin başladığı müharibə olmuş ola bilər, ancaq Buçadakı dəhşətləri şəxsən törədən adam Vladimir Putin deyil; müharibə cinayətlərini və insan haqları pozuntularını törədən o deyil. O, Ukrayna mülki infrastrukturuna hücum etmək strategiyasına görə cavabdeh ola bilər, ancaq o, təyyarələri sürmür, raketləri atmır, o bunları özü etmir. Milyonlarla rusiyalı bunda iştirak edir… Bilirsiniz, Rusiya əsgərləri silahlarını yerə qoya, qonşularına qarşı qanunsuz təcavüzdən imtina edə bilərdilər, ancaq bunu etmirlər. bax, bu üzdən Putinin getməsinin putinizmin sonu olacağı fikrinə inanmıram".

Qlasserin fikrincə, Ukraynadakı müharibənin taleyi qismən 2024-cü ildə ABŞ-da keçiriləcək seçkilərdən asılıdır: "Ona görə bunu deyirəm ki, çox böyük ehtimalla respublikaçıların namizədi Donald Tramp olacaq. Və hətta respublikaçıların namizədi o olmasa belə, Rusiyaya qarşı müharibədə Ukraynanı dəstəkləməyən bir neçə namizəd var. Onların ABŞ-ın davamlı olaraq ukraynalılara hərbi yardım kimi milyardlarla dollar ayırmasını dəstəkləmədikləri dəqiqdir. Buna görə də Ukrayna gələn il ABŞ-dakı seçkinin bir parçası olacaq".

XS
SM
MD
LG