Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:43

Dövlət Departamenti Qarabağda hərbi əməliyyatlar öncəsi gizli görüş xəbərlərini təsdiqləyir


Soldan sağa: Vaşinqtonun Qafqaz danışıqları üzrə xüsusi nümayəndəsi Luis Bono, Aİ-nin regiondakı nümayəndəsi Toyvo Klaar və Putinin Azərbaycan-Ermənistan münasibətləri üzrə xüsusi nümayəndəsi İqor Xovayev
Soldan sağa: Vaşinqtonun Qafqaz danışıqları üzrə xüsusi nümayəndəsi Luis Bono, Aİ-nin regiondakı nümayəndəsi Toyvo Klaar və Putinin Azərbaycan-Ermənistan münasibətləri üzrə xüsusi nümayəndəsi İqor Xovayev

Vaşinqton 19 sentyabr əməliyyatlarından öncə ABŞ, Aİ və Rusiya təmsilçilərinin İstanbulda görüşdüyünü təsdiqləyib.

ABŞ Dövlət Departamenti mətbuat katibinin müavini Vedant Patel brifinqdə deyib ki, görüş gizli keçirilib, Birləşmiş Ştatlar regionda maraqları olan tərəflərlə mütəmadi əlaqə saxlayır.

Patel deyib ki, tərəflər İstanbula təxirəsalınmaz humanitar problemlərin həlli, Qarabağa humanitar yardım göstərməyə yığışıblar. Görüş də məhz buna həsr olunub.

Bu görüşdən ikicə gün sonra Qarabağda baş verənlərə gəlincə, Patel vəziyyətin ümumilikdə onları dərindən narahat etdiyini söyləyib: "Əlbəttə ki, son hərbi əməliyyatlardan sonra Dağlıq Qarabağdan Ermənistana azı 100 min erməninin qaçması ilə sonuclanan vəziyyətdən narahatıq, yerdə baş verənləri diqqətlə izləyirik. Əvvəlki kimi, narahatıq, humanitar fəsadlara diqqət ayırmağa davam edirik. Elə sözügedən görüşün də səbəblərindən biri bu idi".

'Politico': Qarabağ əməliyyatından əvvəl Qərb və Moskva arasında məxfi danışıqlar olub

Birləşmiş Ştatlar, Avropa İttifaqı və Rusiyanın vəzifəli rəsmiləri Azərbaycanın Qarabağda keçirdiyi hərbi əməliyyat ərəfəsində Türkiyədə bəyan edilməmiş təcili görüş keçiriblər.

Politico yazır ki, Moskva və Qərb arasında “gündəlikdən kənar” bu danışıqlar Rusiyanın Ukraynaya müdaxiləsindən bəri nadir görüşlərdən biri olub.

Portalda dərc olunmuş məqalədə bu müzakirələrdən xəbərdar diplomata istinadla deyilir ki, görüş sentyabrın 17-də İstanbulda keçirilib və əsas məqsəd Ermənistandan Qarabağa göndərilən yardımların ora buraxılması üçün Azərbaycana mümkün təzyiqin müzakirəsi olub.

Mənbə bildirib ki, əsas məqsəd “bu lənətə gəlmiş yük maşınlarının” Qarabağa buraxılması idi.

Görüşdə kimlər olub?

Politico yazır ki, sözü gedən görüşdə ABŞ-ı Vaşinqtonun Qafqaz danışıqları üzrə xüsusi nümayəndəsi Luis Bono, Aİ-ni regiondakı nümayəndəsi Toyvo Klaar, Rusiyanı isə Putinin Azərbaycan-Ermənistan münasibətləri üzrə xüsusi nümayəndəsi İqor Xovayev təmsil ediblər.

Aİ rəsmisinin Politico saytına təqdim etdiyi məlumatda deyilir ki, “anlaşılmazlıqların baş verməməsi üçün müvafiq vasitəçilər arasında kommunikasiya kanallarının açıq saxlanması mühümdür”.

Sayt yazır ki, ABŞ Dövlət Departamenti onun sorğusuna cavab olaraq “biz özəl diplomatik müzakirələri şərh etmirik” cavabını verib.

Lakin adının çəkilməsini istəməyən ABŞ rəsmisi deyib ki, Kreml hələ də regiona nəzarət edir və burada nüfuza malikdir.

Xatırlatma

1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi və ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Ancaq tərəflər sülh sazişi imzalamayıb.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" keçirdiyini elan edib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər.

Bundan sonra erməni sakinlərin regiondan Ermənistana axını başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum özünü buraxdığını elan edib. Artıq separatçı rejim liderlərinin də saxlanaraq Bakıya gətirildiyi bildirilir.

XS
SM
MD
LG