Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:35

Paşinyan MDB-nin iclasına getməyəcəyini, Qarabağdakı sülhməramlıları qəbul etməyəcəyini deyib


Ermənistanın baş naziri Nikol Paşinyan MDB dövlət başçılarının oktyabrın 12-də Qırğızıstan paytaxtında keçiriləcək sammitində iştirak etməyəcək.

Rusiyanın Interfax agentliyinin rəsmi Bişkekə istinadla verdiyi xəbərə görə bunu Paşinyanın özü Qırğızıstan prezidenti Sadır Japarovla telefon söhbətində bildirib.

Paşinyan telefon söhbəti zamanı “bir sıra şəraitlərə görə” bu tədbirə qatılmayacağından təəsüfləndiyini deyib.

Yerevan bu barədə rəsmi bəyanat yaymayıb.

Bundan bir gün əvvəl Ermənsitan XİN Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin Bişkekdə keçiriləcək MDB sammitində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü keçirmək istəyinə münasibət bildirmişdi.

Armenpressin məlumatına görə Ermənistan XİN-in sözçüsü Ani Badalyan deyib ki, Yerevan bu görüşdə xarici işlər naziri ilə yox, onun müavini ilə təmsil olunacağını bildirib.

Badalyan deyib ki, Yerevan bu barədə məlumatı MDB İcraiyyə Komitəsinə hələ oktyabrın 4-də göndərib.

Qaluzin demişdi ki, Azərbaycan tərəfi oktyabrın 12-də keçiriləcək sammitdə belə bir tədbirdə iştirakına “prinsipcə” razılıq verib.

3+3 formatı

Ermənistanın baş naziri oktyabrın 10-da ölkənin ictimai televiziyasına müsahibəsində deyib ki, Ermənistan 3+3 formatında görüşə hazırdır:

“Əlbəttə, biz hazırıq. Bir vaxtlar razılaşma əldə edilmişdi ki, 3+3 formatında növbəti görüş Tehranda keçiriləcək”.

Azərbaycan və Ermənistan arasında münaqişənin çözümü üçün 3+3 kimi tanınan format ilk dəfə 2021-ci ildə müzakirə olunub.

Bu formatda üç cənubi Qafqaz ölkəsinin – Azərbaycanın, Ermənistanın və Gürcüstanın, habelə Rusiya, Türkiyə və İranın iştirakı nəzərdə tutulurdu.

Qarabağdakı sülhməramlılar

Paşinyan bu müsahibədə Qarabağdakı Rusiya sülhməramlı kontingentinin Ermənistana gətirilməsinin mümkünlüyü ilə bağlı suala da cavab verib.

O deyib ki, bu kontingent Qarabağdan çıxdığı təqdirdə Ermənistana köçürülməli yox, Rusiyaya qayıtmalıdır.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi sülhməramlı kontingentin Qarabağdan çıxarılması məsələsini Azərbaycan və ya Ermənistanla müzakirə etmədiyini bildirmişdi.

Nazirliyin mətbuata verdiyi məlumatda deyilirdi:

"Rusiya Müdafiə Nazirliyi nümayəndə heyətinin Bakı və ya Yerevanda Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını müzakirə etdiyinə dair bəzi KİV-lərdə yayılmış məlumat həqiqətə uyğun deyil”.

Nazirlik əlavə etmişdi ki, Müdafiə Nazirliyi xətti ilə Azərbaycan və Ermənistanla aparılan danışıqlar əvvəlcədən planlaşdırılıb və sülhməramlıların cari fəaliyyəti ilə bağlıdır.

Bundan əvvəl

Hələ ötən iyul ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya sülhməramlı kontingentinin 2025-ci ilədək Qarabağdan getməli olduğunu demişdi.

O vaxt onun bu bəyanatı Moskvanın narazılığına səbəb olmuş, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirmişdi ki, Türkiyə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının tərəfi deyil, Rusiya sülhməramlıları isə Qarabağda bu razılaşma əsasında yerləşdirilib. Məhz bu sənəddə sülhməramlıların regionda qalma müddəti və bu müddətin daha beş il uzadılması üçün parametrlər əksini tapıb.

Xatırlatma

1990-cı illərin əvvəllərində Ermənistan Azərbaycanın Qarabağ vilayətini və ətraf 7 rayonunu işğal edib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin ərazilərə, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Ancaq tərəflər sülh sazişi imzalamayıb, Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" başlatdığını elan edib. Yerevan bunu "etnik təmizləmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Bundan sonra erməni sakinlərin regiondan Ermənistana axını başlayıb.

XS
SM
MD
LG