Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:34

ABŞ sülh danışıqlarını dəstəkləməyə davam edir


Metyu Miller
Metyu Miller

Amerika Birləşmiş Ştatları (ABŞ) rəsmi Bakının noyabrın 20-də Vaşinqtonda keçirilməsi nəzərdə tutulan nazirlərin görüşündə iştirakdan imtina etməsinə baxmayaraq, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəkləməyə davam edir.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller (Matthew Miller) noyabrın 16-da gündəlik brifinqdə "Turan"ın suallarını cavablandırarkən deyib: "Biz hər iki tərəfi istər burada, istərsə də başqa yerdə danışıqları davam etməyə təşviq edirik və bu, bizim siyasətimiz olaraq qalacaq".

Azərbaycan Ceyms O'Brayenin açıqlamalarına münasibət bildirib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayenin ABŞ Konqresində dinləmələrdə səsləndirdiyi fikirləri "birtərəfli", "qərəzli" və "səmərəsiz" kimi dəyərləndirib.

"Səsləndirilən çıxışları Azərbaycanla ABŞ arasında ikitərəfli və çoxtərəfli formatlarda münasibətlərə zərbə kimi qiymətləndiririk. Azərbaycana qarşı səslənən ittihamlar əsassız olmaqla yanaşı, regionda sülh və təhlükəsizliyi sarsıdır", - XİN hesab edir.

Açıqlamaya görə, Azərbaycan sülh prosesinə sadiq olub: "ABŞ, separatçı rejimi dəstəkləyən tərəf olaraq, sözügedən rejimi rəsmi olaraq maliyyələşdirən, onların ABŞ-a səyahətlərini və ABŞ rəsmiləri ilə görüşlərini təşkil edən yeganə ölkə olmaqla, ikili standart yanaşmasının qarşısını almamağa görə də cavabdehdir".

"İranla müqavilə Azərbaycanın suveren hüququdur"

XİN hesab edir ki, region ölkəsi olmayan ABŞ öz addımları və bəyanatları ilə bölgə ölkələrinin nəqliyyat təhlükəsizliyi səylərinə zərbə vurur: "Qonşu dövlətlərlə kommunikasiya xətlərinin çəkilməsi qaydasının razılaşdırılması, o cümlədən İranla Naxçıvan Muxtar Respublikasına marşrutla bağlı müqavilə Azərbaycanın suveren hüququdur. Bunun fonunda Azərbaycan da regionun təhlükəsizliyi üçün "3+2" formatının (Azərbaycan-Ermənistan-Türkiyə-Rusiya-İran) prioritet olduğunu bir daha təsdiqləyir".

Bakı Vaşinqton görüşünə getməyəcək

Açıqlamaya görə, ABŞ-ın "birtərəfli" yanaşması onun vasitəçilik rolunu itirməsinə gətirib çıxara bilər: "Bu şərtlər altında bizim 20 noyabr 2023-cü ildə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində keçirilməsi təklif olunan görüşün baş tutmasını mümkün hesab etmədiyimizi vurğulamaq vacibdir".

ABŞ Konqres komitəsində 'Dağlıq Qarabağın gələcəyi' dinləməsi keçirildi

Birləşmiş Ştatlar Dağlıq Qarabağda baş verən hadisələrin hesabatını hazırlamaqda davam edir və Ermənistana dəstək verilməsi üzərində işləyir.

Bunu ABŞ dövlət katibinin Dövlət Departamentinin Avropa və Avrasiya Bürosundakı müavini Ceyms O'Brayen noyabrın 15-də ABŞ Konqresində keçirilən dinləmə zamanı deyib.

Diplomat deyib ki, Dövlət Departamentinin əsas fəaliyyət istiqamətlərindən biri də Bakı və Yerevan arasında sülh razılaşmasının əldə olunmasıdır.

ABŞ Konqresinin Xarici İşlər Komitəsinin Avropa alt komitəsinin "Dağlıq Qarabağın gələcəyi" adlı dinləməsində O'Brayen deyib ki, Dövlət Departamentinin apardığı araşdırmanın predmeti yalnız Dağlıq Qarabağda sentyabr ayında baş verənlər deyil.

Diplomat vurğulayıb ki, bu araşdırmada habelə Qarabağın bütün erməni əhalisinin bir neçə gün ərzində evlərini tərk etməsindən əvvəl aylar ərzində baş vermiş hadisələr təhlil edilir:

“Biz müstəqil təhqiqatçılar dəvət etmişik və hadisələrin yerində işləyən öz təhqiqatçılarımız var. Bundan başqa beynəlxalq qeyri-hökumət təşkilatlarının və başqa təhqiqatçıların informasiyaları var. Biz baş verənlərin hesabatını hazırladıqca bütün tapıntılarımız barədə tamamilə açıq olacağıq. Mən bu təhqiqatın nəticəsinin dəqiq vaxtını deyə bilmərəm, amma biz sizə bu iş irəlilədikcə məlumat verəcəyik".

Rusiyanın danışıqlardan kənar saxlanması

Ceyms O'Brayen bildirib ki, Dövlət Departamenti Ermənistan hökumətinin islahatlara sadiqliyindən, habelə iqtisadi, enerji və təhlükəsizlik bağlarını, xüsusilə də Trans-Atlantik icma istiqamətində şaxələndimək səylərindən razıdır.

Diplomatın sözlərinə görə ABŞ Ermənistana bu "cəsarətli seçimlərində" kömək etməlidir.

O'Brayen deyib ki, Vaşinqton Qarabağ ermənilərinin həmin əraziyə tam təmasının olmasında, onların mülkiyyətinin və mədəniyyətinin qorunmasında israrlıdır.

Alt komitənin üzvləri Azərbaycan və Ermənistan arasında münasibətlər barəsində də danışıblar.

Bu da vurğulanıb ki, Rusiya da daxil bu münasibətləri əngəlləyən ölkələr danışıqlardan kənarda saxlanmalıdır.

Müzakirə zamanı qeyd olunub ki, Türkiyənin bu proseslərdə bir NATO müttəfiqi kimi məsuliyyətini hiss etməsi mühümdür.

Sülh razılaşması imzalananadək

Komitə üzvlərindən Bill Kitinq deyib ki, aylarla davam edən diplomatik danışıqlarda "əhəmiyyətli irəliləyiş" əldə olunsa da, Azərbaycan prezidenti İlham Əliyev sentyabr ayında "beynəlxalq baxımdan məqbul və qanuni diplomatik çığırdan çıxaraq" Qarabağda hərbi gücə əl atıb:

"Mən güclü şəkildə inanıram ki, biz Ermənistana getmiş köçkünlərə humanitar və iqtisadi dəstək verməli və Dağlıq Qarabağdan qaçanlara və ya orada qalmağı seçənlərə qarşı hər hansı mümkün cinayətlər üçün məsuliyyətliliyi təmin etməliyik".

Sual-cavab zamanı Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mümkün qədər tez bağlanmasının zəruriliyi vurğulanaıb.

Ceyms O'Brayen deyib ki, Bakı və Yerevan arasında sülh sənədi imzalananadək ABŞ-ın Azərbaycana münasibəti "əvvəlki kimi" olmayacaq.

Qarşıdan gələn bir neçə həftə...

Diplomat Azərbaycana lazım gələrsə, mümkün təzyiqlərdən, habelə ABŞ-ın Bakıya təhlükəsizlik yardımı göstərməsini qadağan edən 907-ci düzəlişin son onilliklərdə ilk dəfə olaraq dondurulmamasına baxılmasından danışıb.

Ermənistanın Azərbaycanın mümkün təcavüzündən narahatlığı məsələsinə toxunan diplomat deyib ki, Azərbaycan hakimiyyəti belə bir niyyətinin olmadığını bəyan edib.

O'Bryan deyib ki, regionda nəqliyyat dəhlizinin güc tətbiq etməklə açılması yolverilməzdir və bu, Bakının nəzərinə çatdırılıb.

Sülh danışıqlarından söz açan O'Brayen bildirib ki, qarşıdan gələn bir neçə həftə tərəflərin bu istiqamətdə xoş məramının olub-olmadığını nümayiş etdirəcək.

Ermənistanın yeni aldığı deyilən antidron sistemləri necə işləyir?
Gözlə

No media source currently available

0:00 0:03:29 0:00

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG