Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 15:49

Xaricdə alınan diplomların tanınması iki dəfə artıb, amma...


Avropada pulsuz olan təhsil niyə Azərbaycanda pulludur?
Gözlə

No media source currently available

0:00 0:03:28 0:00

Avropada pulsuz olan təhsil niyə Azərbaycanda pulludur?

Son vaxtlar Azərbaycandan xaricə oxumağa gedən gənclərin sayının artdığı bildirilir. Rəsmi məlumata görə, artıq bu rəqəm 40 mini ötüb. Amma bəzi gənclər ali təhsil alıb ölkəyə qayıdandan sonra diplomları tanınmır. Bu da, onların sözlərinə görə, gələcəklərini sual altında qoyur. Onlar deyir ki, bununla həm Azərbaycanda iş tapa bilmirlər, həm də oxumaq üçün ödədikləri təhsil haqqını itirmiş olurlar.

"Distant oxumuşam deyə..."

Dağıstan (Rusiya) Dövlət Texniki Universitetində distant təhsil alan və adının açıqlanmasını istəməyən gənclərdən biri AzadlıqRadiosuna deyib ki, Azərbaycanda diplomunu tanıda bilmir: "Distant oxumuşam deyə, diplomumu tanımırlar. Quru yollar bağlıdır deyə, hər dəfə imtahana gəlib-getmək çox baha başa gəlirdi. Mən universitetlə razılaşdırıb imtahanları onlayn verirdim. Sən demə, bu, diplomun tanınması üçün əngəl imiş".

3 min 500-dən çox tələbənin diplomu təsdiqlənmir - dövlət qurumları məhkəmə çəkişməsində
Gözlə

No media source currently available

0:00 0:07:35 0:00

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən (TKTA) "Turan"a bildirilib ki, 2003-cü ildən indiyə qədər 32 mindən çox şəxsin xarici təhsil sənədi tanınıb: "Bu il isə xaricdə təhsil alan 6 min 500-dən çox şəxsin diplomu tanınıb. Bu da keçən illə müqayisədə iki dəfədən çoxdur".

TKTA-dan vurğulanıb ki, diplomun tanınmaması üçün əsas səbəblər tələbənin təhsil aldığı xarici ölkədə olma müddətinin qaydalara uyğun gəlməməsi və ya tələbənin oxuduğu universitetin akkreditasiyasız olmasıdır: "TKTA-da akkreditasiyalı universitetlərin siyahısı olur. Biz əyani və qiyabi təhsili tanıyırıq. Distant təhsildə tanınmada müəyyən çətinliklər yaranır. Tövsiyə olunur ki, təhsil ya əyani, ya da qiyabi seçilsin".

K.Əsədov
K.Əsədov

"Ukrayna, Rusiya və Gürcüstanda təhsil alanlar..."

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov isə AzadlıqRadiosuna bildirib ki, diplomların tanınması ilə bağlı ən çox problemlərlə Ukrayna, Rusiya və Gürcüstanda təhsil alanlar qarşılaşır: "Diplomların tanınmasından ona görə imtina olunur ki, müvafiq qurumlar güman edirlər ki, tələbələr tələb olunan müddətdə oxuduqları ölkə ərazisində olmayıblar".

K.Əsədov hesab edir ki, bu, yanlış yanaşmadır: "Çünki ali təhsil müəssisələrində semestr müddətini tələbələr yox, universitetlər müəyyənləşdirir".

Ekspertin sözlərinə görə, heç bir ölkədə vaxtla bağlı belə bir məhdudiyyət yoxdur: "Sadəcə müvafiq universitetə sorğu göndərilməlidir ki, həmin diplomu o veribmi? Veribsə, diplom avtomatik tanınmalıdır".

Bununla belə, təhsil üzrə bəzi ekspertlər düşünür ki, bu məsələdə ali məktəblərin reytinqi də nəzərə alınmalıdır. Onların fikrincə, savadsız kadrlarla ölkənin gələcəyini sual altına qoymaq olmaz.

XS
SM
MD
LG