Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:42

Rusiya və Azərbaycan prezidentləri niyə yumurta mövzusuna həssas yanaşır


Son bir ildə Rusiyada yumurtanın qiymətində 42.2 faiz artım qeydə alınıb.
Son bir ildə Rusiyada yumurtanın qiymətində 42.2 faiz artım qeydə alınıb.

Ötən həftə Rusiyada "yumurta panikası" başladı. Bunu rusiyalılar özləri sosial şəbəkələrdə belə adlandırdılar. Rusiya 2023-cü ili vətəndaşın prezidentə bu müraciəti ilə başa vurur: "Vladimir Vladimiroviç, pensionerlərə yazığınız gəlsin, axı biz milyonlarla pensiya almırıq. Qayda-qanun yaradın. Müraciət etməyə adam yoxdur".

Ölkədə yumurtadan böyük siyasi və iqtisadi problemlər olduğu halda, həm Rusiyada, həm Azərbaycanda dövlət başçıları yumurta mövzusuna çox həssas yanaşırlar. İndi Azərbaycanda ən çox verilən suallardan biri budur: Yumurta böhranından çıxmaq üçün Azərbaycan Rusiyaya kömək edir. Bəs Azərbaycanda necə, yumurtanın qiyməti arta bilərmi?

Son bir ildə Rusiyada əsas ərzaq məhsullarının qiymətlərində 10 faizdən 30 faizə qədər artım olub. Lakin 2022-ci ilin dekabrından bu yana Rusiya bazarında yumurtanın qiymətində 42.2 faiz artım qeydə alınıb. Məsələ burasındadır ki, qiymət artımı ilə yanaşı, yumurtanın özü də çatışmır. Nəticədə ilin sonunda paytaxt Moskva və digər bir neçə mərkəz şəhər istisna olmaqla, ölkə ərazisində uzun-uzadı yumurta növbələri yaranıb. Növbələrlə bərabər həm də narazılıqlar yaranıb. Və sonunda ölkənin prezidenti Vladimir Putin işə qarışmalı oldu: "İnanın, elə bu yaxınlarda kənd təsərrüfatı naziri ilə danışırdım. Soruşdum ki, onda yumurtaların vəziyyəti necədir? Dedi ki, yumurtalarla hər şey qaydasındadır. İnanın, həqiqəti deyirəm, olduğu kimi danışıram. Deyirəm ki, amma vətəndaşlarımızın nəsə problemləri var".

Putin yumurta ətrafında yaranan problemi tələbatın çoxalması ilə izah edib. O deyib ki, yumurtaya tələbat artsa da, istehsalın həcmi artmayıb, amma yaxın zamanlarda problem yoluna qoyulacaq.

Artıq hökumət hərəkətə keçərək xaricdən yumurta idxalını gücləndirmək qərarı verib. Rusiya Kənd Təsərrüfatı Nazirliyi yumurta idxalında rüsumların sıfırlanması kimi operativ tədbirlər görüb. Rusiya kənd təsərrüfatı naziri Dmitri Patruşev "RİA Novosti" müxbirinə müsahibəsində tezliklə Türkiyə və Azərbaycandan rüsumsuz yumurta alınacağını, bunun nəticəsində isə bu məhsula olan tələbatın ödəniləcəyini, qiymətlərin aşağı düşəcəyini bildirib. Halbuki bundan əvvəl Rusiya Azərbaycandan yumurta idxal etməyə isti baxmırdı. Azərbaycan tərəfinin son 10 ildə Rusiyaya dəfələrlə müraciət etməsinə baxmayaraq, azərbaycanlı istehsalçılar reyestrə salınmırdı.

"Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Mürvət Həsənli deyir: "Son 10 ildə biz dəfələrlə ora müraciət etmişdik ki, bizim müəssisələri reyestrinizə-qeydiyyata salın, biz sizə ixrac edə bilək. Amma salmamışdılar. Yumurta tələbatı yarandı və gəldilər, altı müəssisəni hal-hazırda qeydə alıblar. Bugünə kimi son bir həftədə ixracımız ədəd olaraq 1 milyon 500 minin üzərindədir. Tonnaj olaraq 100 tona kimi yumurta ixrac etmişik".

M.Həsənlinin bu açıqlaması Kreml üçün vəziyyətin nə qədər həssas və ciddi olduğunu göstərir. Yumurta hakimiyyətdən ötrü niyə belə həssas mövzudur, buna az sonra qayıdacağıq.

Quşçuluq fermasında işçilər yumurta çeşidləyirlər.
Quşçuluq fermasında işçilər yumurta çeşidləyirlər.

Günə 1 milyon 300-400 min yumurta artıq qalır

Qida Təhlükəsizliyi Agentliyinin rəsmi açıqlamasında bildirilir ki, Azərbaycandan Rusiyaya ərzaqlıq yumurtanın ixracı ilə bağlı əldə olunmuş razılığın icrasına başlanılıb. Dekabrın 19-da Azərbaycandan 36 ton (612 min ədəd) həcmində ərzaqlıq yumurtanın ilk partiyası ixrac edilib.

"Bəs Azərbaycan özünün yumurtaya olan daxili tələbatını ödəyə bilirmi" sualına M.Həsənli cavab verib ki, Azərbaycanda yumurtaya gündəlik tələbat 3 milyon 600 min civarındadır: "Amma bizim istehsalımız 4 milyon 900 min, yaxud 5 milyon civarındadır. Bəzən 1 milyon 300-400 min artıq yumurtamız qalır. Həmin yumurtaları da xaricə-Yaxın Şərq ölkələrinə ixrac edirdik".

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadənin AzadlıqRadiosuna təqdim etdiyi rəqəmlərdə son illərin yumurta ixracatında tendensiya belə görünür: 2018-ci ildə 44 milyon ədəd yumurta ixrac edilib. Bu rəqəm 2019-cu ildə 35 milyon, 2022-ci ildə isə 12 milyon ədəd olub. Lakin 2023-cü ilin 10 ayında böyük sıçrayış baş verib və Azərbaycan xaricə 40 milyon ədəd yumurta ixrac edib.

Rəsmi statistikaya görə, Azərbaycanda 2023-cü ilin yanvar-noyabr aylarında 2 milyard 100 milyon 200 min ədəd yumurta istehsal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə yumurta istehsalı 9.9 faiz artıb. Müqayisə üçün deyək ki, Rusiyada bu rəqəm 31 milyarddan çoxdur.

Yumurta defisiti yarana bilərmi?

Azərbaycan yumurta çatışmazlığını aradan qaldırmaq üçün Rusiyaya kömək edir. Bəs Azərbaycanda da yumurtanın defisiti yarana, qiymətlərdə artım ola bilərmi? Rəsmilər açıqlamalarında birmənalı şəkildə qiymətin artmayacağını desələr də, AzadlıqRadiosunun cənub bölgəsindən hazırladığı reportajdan görünür ki, son zamanlarda yumurta qiymətlərində artıq bahalaşma hiss olunmaqdadır. Bundan başqa, iqtisadçı ekspert Xalid Kərimli də AzadlıqRadiosunun suallarını cavablandırarkən deyib ki, yumurtanın qiymətində, yüksək olmasa da, müəyyən artım baş verəcək: "Quşçular Birliyi - iri oyunçulardan formalaşmış birlik kifayət qədər hökumətin nəzarəti altında olan qurumdur. Buna görə də yumurtanın qiymətinə cəmiyyət bir növ həssas yanaşır. Yumurta protein mənbəyindən əlavə, həm də gündəlik qida məhsullarının müxtəlif formada tərkibinə daxil olur. Bu baxımdan (qiymətdə) güclü artım gözləmirəm. Məsələ burasındadır ki, Azərbaycanda yerli istehsal da artmaqdadır".

Nazirlər Kabinetinin qərarına əsasən, minimum istehlak səbətində əməkqabiliyyətli əhali üçün bir nəfərə illik 150 yumurta istehlakı nəzərdə tutulub. Əgər 150 rəqəmini 12 aya bölsək, bir adama bir ayda təxminən 12 yumurta düşür. Halbuki adamlar var ki, bir səhər yeməyinə 10 yumurta yeyir. Məsələn, Rusiya prezidenti Vladimir Putin kimi: "Bu, nisbətən ucuz proteindir. Və çox seviləndir. Mən özüm böyük məmnuniyyətlə qayğanaq yeyirəm. Vaxt var idi səhər yeməyinə 10 yumurtanı birdən yeyərdim".

Ekspertlər bildirirlər ki, Rusiyada adambaşına illik yumurta istehlakı 290 ədəd idi, lakin son dövrlər tələbat artıb və bu rəqəm 350 olub. Azərbaycanda isə hələ rəqəmlər dəyişməyib. Beş nəfərlik ailənin birillik yumurta istehlakı təxminən 849 ədəddir. X.Kərimlinin sözlərinə görə, əgər yumurtanın qiymətində 10 qəpik artım olarsa, bu, ailənin illik xərcinin 85 manat artması deməkdir. Qeyd edək ki, Azərbaycanda 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əməkqabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat məbləğində müəyyən olunub.

Azərbaycanda yumurtaya gündəlik tələbat 3 milyon 600 min civarındadır
Azərbaycanda yumurtaya gündəlik tələbat 3 milyon 600 min civarındadır

Bir günlük istehsalın 12 faizi

İqtisadçı ekspert Fərid Mehralızadə isə hesab edir ki, Rusiyaya yumurtanın ixracı ölkədə ciddi qiymət artımına gətirməyəcək: "Azərbaycanın Rusiyaya göndərdiyi 612 min ədəd yumurta ölkənin bir günlük yumurta istehsalının təxminən 12 faizinə yaxındır. Bu proses əgər çox uzun davam etməsə və ixrac həcmləri çox artmasa, bu həddə qalsa, daxili bazarda qiymətlərə bir o qədər də çox təsir etməsi gözlənilmir. Amma, təbii ki, bu prosesin daxili bazarda qiymətləri artırmaması Rusiyadakı bu problemin nə qədər uzun çəkməsi ilə yanaşı, həm də hökumətin nə qədər uğurlu tənzimləmə siyasəti aparmasına bağlı olacaq".

İqtisadçı ötən illərin təcrübəsini xatırladaraq onu da vurğulayıb ki, hansısa məhsul xaricə çox ixrac olunanda adətən onun Azərbaycanda bahalaşması müşahidə edilir.

Azərbaycan hökuməti Rusiyadakı dost hökumətə çətin günlərində dəstək olmaq üçün həqiqətənmi 36 ton yumurta göndərib? Real vəziyyətlə rəsmi rəqəmlərin uzlaşmadığı, dövlət qurumlarının açıqladıqları rəqəmlərin hər zaman suallar doğurduğu bir ölkədə buna da birmənalı cavab vermək çətindir. Real vəziyyət budur ki, Azərbaycanda son dövrlərdə yumurtanın qiymətlərində müəyyən dəyişikliklər var. AzadlıqRadiosunun əməkdaşının ölkənin cənub rayonlarının sakinlərindən aldığı müsahibələrdən görünən budur ki, şəxsi təsərrüfatlarda istehsal edilən "kənd" yumurtasının bir ədədinin qiyməti 40 qəpiyə yüksəlib. Astara rayonunun mərkəzi bazarında alıcılardan biri deyib ki, bir ay bundan əvvəl belə yumurtanın bir ədədi 25-30 qəpiyə olub: "Bazardan 10 ədəd yumurta almışam, 4 manat vermişəm. Əvvəllər yumurta kasıbın ərzağı idi, indi yox. Kasıb yumurtanı bu qiymətə necə alsın?".

Astara şəhər sakini Novruz Feyziyev də deyib ki, kənd yumurtasının bahalaşması ailə büdcəsinə mənfi təsir edir: "Pensiyaçıyam. Yumurtaya öyrəşmişəm, gündə bir ədəd yumurta yeyirəm. Ayda 10 manatdan çox pul götürür. Əvvəllər qiymət çox aşağı idi. Yerli toyuq da bahalaşıb".

Yumurta həm də siyasi məsələdir?

Azərbaycanda da, Rusiyada olduğu kimi, ərzaq məhsullarının ümumi bahalaşması fonunda yumurtanın qiymətində zaman-zaman artım müşahidə olunur. Hətta 10 il bundan əvvəl İlham Əliyevin yumurta ilə bağlı müşavirədə məşhur çıxışı olmuşdu. Prezident ərzaq bahalaşmasına toxunanda nə üçünsə məhz yumurtanın qiymətinin artmasına kəskin reaksiya vermişdi və hətta yumurtaya görə cinayət işi açıldığını demişdi.

Maraqlıdır ki, Rusiyada da baş prokuror İqor Krasnov yumurtanın qiymətlərinin əsassız şəkildə qalxmasının səbəblərini araşdırmaq göstərişi verib.

F.Mehralızadə dövlət başçılarının qiymətlərin bahalaşmasına bu şəkildə münasibət bildirmələrini sovet idarəetmə sistemindən qalma ənənə ilə əlaqələndirir: "Sovet idarəetməsində özəl mülkiyyət olmadığına görə hansı məhsulun nə qədər və harada kim tərəfindən istehsal ediləcəyinə dair planlama dövlət tərəfindən aparılırdı. Məncə, ictimaiyyətə bu tip açıqlamalar vermək, hansısa məhsulun çatışmaması ilə bağlı bu ritorika ilə danışmaq hələ də sovet idarəetmə təfəkkürünün və prinsiplərinin davam etməsi kimi də diqqətdən keçirilə bilər".

İqtisadçı deyir ki, ancaq əsas sual bu olmalıdır ki, bəs niyə yumurtadan da böyük siyasi və iqtisadi problemlər ictimaiyyətə belə açıq şəkildə müzakirə edilmir?

Həm Azərbaycanda, həm Rusiyada prezidentlər səviyyəsində yumurta kimi xırda məsələyə bu şəkildə reaksiya verilməsi diqqəti cəlb edir. Rusiya kimi rejimlərdə belə mətbuat konfransları müəyyən ssenariyə əsasən əvvəlcədən işlənib hazırlanır, bütün mövzular və suallar bir-bir seçilir, orada təsadüfi suallar səslənə bilməz. Və önəmli olan da tədbirin təşkilatçılarının prezidentin bu məsələyə toxunmasını nəyə görə vacib hesab etmələri idi. Görünən budur ki, mahiyyətcə və təbiətcə bir-birinə çox yaxın iki sistemdə prezidentlər ən böyük əhali təbəqəsi üçün ən vacib qida məhsullarından biri ilə bağlı məsələdən narahatdır. Yumurta Azərbaycanda da, Rusiyada da çörəkdən də, hətta bir butulka içməli sudan da ucuzdur. Aylarla ət alıb yeməyə imkanı çatmayan insanların bir yumurta, bir çörək alıb yeməyə pulu çatır. Bəlkə də, prezidentləri narahat edən kasıbı yumurta-çörəklə imtahana çəkməmək qorxusudur.

XS
SM
MD
LG