Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:59

Alen Simonyan Ermənistan-Azərbaycan danışıqlarında kəskin geriləmə olduğunu düşünmür


Alen Simonyan
Alen Simonyan

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun yazdığına görə Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan deyib ki, o, baş nazir Nikol Paşinyanın Azərbaycan prezidenti İlham Əliyevin bəyanatlarına cavabına rəğmən Ermənistan-Azərbaycan danışıqlarında radikal geriləmə olduğunu düşünmür.

Paşinyan demişdi ki, Əliyevin bəyanatları sülh prosesinə ciddi zərbə vurub.

Simonyan bu barədə deyib:

"Yox, radikal heç nə baş verməyib. Danışıqlar və fikir mübadiləsi davam edir və pozitiv şəkildə bunu qeyd etmək olar ki, danışıqlarda irəliləyiş var. Buna görə də baş nazirin reaksiyası gözlənilməz sayıla bilər, çünki bəzən ritorika müzakirələrdən, mübadilə edilən sənədlərdən kənara çıxır”.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da demişdi ki, hətta bundan əvvəl sözdə razılaşdırılmış sənədin sülh müqaviləsinin Azərbaycan versiyasında fərqli təfsiri də geriləmə hesab edilə bilər.

Bununla belə Simonyan söhbətin konkret geriləmədən getmədiyini vurğulayıb:

"Elə bir məqam yoxdur ki, orada Ermənistanın bu sazişə əsasən nəyə isə birtərəfli qaydada öhdəliyi olsun və sair. Maneə deyəndə onu nəzərdə tuturuq ki, onların geri çəkildiyini göstərən nəsə baş verib. Mən deyə bilərəm ki, hazırda bizim bu məsələdə irəliləyişə nail olduğumuzu göstərən müqavilə müzakirə olunur”.

Müxalifət Azərbaycanın sülh təklifinə inanmır

Azatutyun yazır ki, parlament müxalifətinin fikrincə Paşinyan-Əliyev söz çəkişməsi hətta müqavilə imzalansa belə bunun sülh gətirməyəcəyini göstərir.

Keçmiş prezident Serj Sarkisyana bağlı “Şərəfim var” fraksiyasından deputat Tiqran Abramyan deyib ki, Bakı, Qarabağ məsələsini həll etdikdən sonra iki ən problemli və prinsipial məsələni razılaşmadan kənarda qoymağa çalışır:

"Ola bilsin müəyyən bir mərhələdə Ermənistan və Azərbaycan arasında elə bir sənəd olacaq ki, adamlarda Ermənistanın nəhayət sülhə doğru getdiyi barədə təəssürat yaradacaq. Lakin sərhədə düzəliş verilməsinə və regional blokadaya dair həmin iki ən mühüm maddə kənarda qaldıqca mövcud hədələr yox olmayacaq və bunlar istənilən mərhələdə kəskin eskalasiyaya, hətta hərbi əməliyyatların bərpasına səbəb ola bilər”.

Keçmiş prezident Robert Koçaryanın Hayastan fraksiyasının lideri Seyran Ohanyan da inanır ki, sülh müqaviləsi aldanışdır və bu sənədin arxasında Ermənistan və Azərbaycanın demarkasiyaya başladığı vaxt yeni müharibəyə səbəb olacaq təhlükə var:

"Müharibədə qələbədən və Ermənistan Respublikasının mühüm strateji məntəqələri, yolları və yüksəkliklərini tutandan sonra aşkardır ki, Azərbaycan təzyiq metodunu davam etdirəcək. Əgər Nikol Paşinyanın sülh vaxtında hərbi-siyasi situasiyanı qiymətləndirən normal strukturları olsaydı, anlaşılardı ki, Azərbaycanın təklif etdiyi sülh aldanışdır”.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yeravan bunu “etnik təmizlənmə” və “təcavüz” kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG