Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:58

Paşinyan deyir ki, Ermənistana tamamilə yeni konstitusiya lazımdır


Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 19-da Ədliyyə Nazirliyində müşavirə keçirib
Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 19-da Ədliyyə Nazirliyində müşavirə keçirib

Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, onun ölkəsinin demokratik “legitimliyinin” və yaşarlığının təmin edilməsi üçün konstitusiya islahatına yox, tamamilə yeni bir konstitusiyaya ehtiyacı var.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Paşinyan bu bəyanatı yanvarın 19-da Ədliyyə Nazirliyində keçirilən müşavirə zamanı verib.

O deyib ki, yeni konstitusiya yeni geosiyas şəraitdə Ermənistanı daha rəqabətli və daha canlı etməlidir:

"Ermənistan Respublikasının xalq tərəfindən səs verilmiş konstitusiyası olmalı və o heç bir şübhəyə yer qoymamalıdır. Bu, onun legitimliyini təsdiqləyən mühüm addım olardı”.

Paşinyanın sözlərinə görə yeni konstitusiya xalq səsverməsinə çıxarılmalıdır ki, onun nüfuzuna heç bir şübhə yeri qalmasın.

Azatutyun yazır ki, bununla belə, baş nazir yeni konstitusiyanın nə vaxt qəbul olunacağı ilə bağlı heç nə deməyib.

Hakimiyyətin parlament üsulu

Paşinyan əlavə edib ki, o hakimiyyətin parlament üsulunu dəstəkləyir, çünki bu, Ermənistan üçün ən uyğun hakimiyyət formasıdır.

Bu bəyanatdan bir gün əvvəl Ermənistan Avropa İttifaqındakı nümayəndə heyətini yeniləmişdi.

Ermənistanda konstitusiya 1995-ci ildə qəbul olunub və 2005 və 2015-ci illərdə ona iki dəfə dəyişikliklər edilib.

İkinci düzəlişdən sonra ölkə yarıprezident üsul-idarəsindən parlament idarəetməsinə keçib.

2018-ci ildə “məxməri inqilab” nəticəsində hakimiyyətə gəlmiş liberal müxalifət lideri Paşinyan 2021-ci ildə parlament sisteminin yaxşılaşdırılması üçün Konstitusiya İslahatları Şurası yaradıb.

Paşinyanın reytinqi müxalifətdən yüksək olaraq qalır

Son illərdə Ermənistan baş nazirinin populyarlığına ölkəsinin 44 günlük müharibədə məğlubiyyəti və Qarabağda Azərbaycanın suverenliyinin bərpa olunması ilə bağlı ziyan dəyib. Amma o, bununla belə hazırda müxalifətdən daha yüksək reytinqə malikdir.

Həm Yerevan, həm də Bakı onilliklərdir davam edən münaqişəyə son qoymaq və münasibətləri normallaşdırmaq istəklərini bildiriblər.

Lakin Azərbaycan prezidenti İlham Əliyevin son bəyanatları iki ölkə arasında sülh müqaviləsinin imzalanması perspektivi ilə bağlı suallar yaradıb.

Paşinyan hökuməti son aylarda, xüsusilə də Azərbaycanla müharibədəki məğlubiyyətdən sonra tədricən Moskvadan uzaqlaşmağa və Qərbə yaxınlaşmağa səylər göstərir.

Paşinyan yanvarın 19-da NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xaviyer Kolominanı qəbul edib.

Müxalifət deyir ki, Paşinyan Azərbaycana daha bir güzəşt üçün zəmin hazırlayır

Azatutyun yazır ki, Ermənistan Milli Məclisində keçmiş prezident Robert Koçaryanın Hayastan fraksiyasının deputatları – Geğam Manukyan, Anna Qriqoryan, Kristine VardanyanArtur Xaçatryan baş nazir Paşinyanın Ermənistana yeni konstitusiya lazım olmasına dair bəyantına birgə bəyanatla cavab veriblər.

Müxalifət deputatları iddia edirlər ki, “Paşinyan bu addımla Üçüncü Ermənsitan Respublikasının sütunlarından birinə qarşı yeni hücum hazırlayır”.

Onların fikrincə Paşinyan bu addımla Türkiyə-Azərbaycan tələblərinin yerinə yetirilməsinə hazırlıq görür.

Birgə bəyanatda deyilir ki, Paşinyan konstitusiyanı dəyişməklə gələcək siyasi qərarlarına legitimlik verməyə çalışır.

Müxalifət deputatları yeni konstitusiyanın Azərbaycan və Türkiyənin işinə necə yaraya biləcəyini izah etməyiblər.

Amma Paşinyan yanvarın 19-da Ədliyyə Nazirliyində etdiyi çıxışda demişdi ki, “vətən-dövlətdir” anlayışına legitimlik verilməlidir:

“Çünki bəzən bu legitimlik müxtəlif nöqteyi-nəzərlərdən çox geniş diapazon ala bilər. Mən bu halda miqyas dedikdə, Ermənistan Respublikasının suveren, beynəlxalq aləmdə tanınmış ərazi və sərhədlərini nəzərdə tuturam”.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi. Ancaq tərəflər sülh sazişi (danışıqlar həm Avropa İttifaqının, həm də Rusiyanın ayrılıqda vasitəçilikləri ilə aparılır) imzalamayıb.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yeravan bunu “etnik təmizlənmə” və “təcavüz” kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG