Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:50

Çin Sintszyanda İslam və digər dinlərə yeni qaydalar gətirir


Sintszyan bölgəsindəki Qaşqar şəhərində İd Kah məscidi yaxınlığında təhlükəsizlik işçiləri patrul çəkir.
Sintszyan bölgəsindəki Qaşqar şəhərində İd Kah məscidi yaxınlığında təhlükəsizlik işçiləri patrul çəkir.

Çin hökuməti ölkənin qərbində yerləşən, müsəlmanların çoxluq təşkil etdiyi Sintszyan (Sincan) əyalətində dindarlara nəzarəti daha da güclənndirmək üçün yeni qaydalar tətbiq edəcək. Bu qaydalardan birinə görə, yeni ibadət yerlərinin hamısı Çin dizayn elementləri və üslubunu əks etdirməlidir. Belə binalara yeniliklərin gətirilməsindən ötrü Sintszyan hökumətinin icazəsi tələb olunacaq.

AzadlıqRadiosunun Praqada fəaliyyət göstərən əməkdaşı Rid Stendişin qurumun qazax xidmətinin müxbiri Ruslan Medelbekin hazırladığı material əsasında yazdığı məqalədə deyilir ki, dövlətin yeni tədbirlərindən biri də "irimiqyaslı" dini yığıncaqlar üçün, ən azı, bir ay əvvəldən hökumətdən icazə alınması tələbidir. Dini məzmunlu materiallar da internetdə paylaşılmazdan öncə bölgə hökumətinin baxışından keçməlidir.

Hökumətin müsəlman uyğur, qazax, qırğız və dunqanların yaşadığı Sintszyanda dindarlara nəzarət etmək istiqamətində illərlə sürən kampaniyasının bir hissəsi olan yeni qanun fevralın 1-də qüvvəyə minir.

Yeni qaydalara görə, dini doktrinanın təfsiri "çağdaş Çinin inkişafının və möhtəşəm ənənəvi mədəniyyətinin tələblərinə cavab verməlidir". Ekspertlər ilk dəfə tətbiq edilən bu qaydanın bölgədə yaşayan uyğurlara və azlıqların hüquqlarına qarşı təqibləri daha da gücləndirəcəyini deyirlər.

"Bu addım Çindəki dinlərin beynəlxalq şəbəkə və icmalarla bağlantısını kəsdiyi, Çin Kommunist Partiyasının nəzarəti altında onları ictimai-siyasi baxımdan təcrid etdiyi üçün ciddi addımdır", - Mərkəzi Asiya Məsələləri üzrə Oksus Cəmiyyətinin direktoru Bredli Jardin (Bradley Jardine) AzadlıqRadiosuna belə deyib.

Bir milyondan çox müsəlman həbs düşərgəsindədir

Çin Sintszyanda insan haqlarını ardıcıl pozmaqda, o cümlədən 1 milyondan çox uyğur, qazax və digər etnik qruplara mənsub müsəlmanı həbs düşərgələrinə göndərməkdə suçlanır.

Çin hökumətinin mediaya sızan rəsmi sənədləri də daxil, artmaqda olan dəlillər bu ittihamları təsdiqləyir. Bu hökumətə ittihamlar arasında məcburi əmək, cinsi zorakılıq, məcburi sterilizasiya, uyğur mədəni və dini kimliyinin silinməsi, məscid və digər dini məkanların dağıdılması kimi ağır pozuntular da var.

Uyğur qadın məktəblilərlə birlikdə skuterdə Çin lideri Si Cinpinin bir qrup uyğur ağsaqqalı ilə əl-ələ verdiyi şəklin yanından keçir.
Uyğur qadın məktəblilərlə birlikdə skuterdə Çin lideri Si Cinpinin bir qrup uyğur ağsaqqalı ilə əl-ələ verdiyi şəklin yanından keçir.

Belə davranışlar beynəlxalq insan haqları təşkilatları və bir neçə Qərb hökumətinin Çini soyqırımı törətməkdə ittiham etməsinə səbəb olub. BMT 2022-ci ildə dərc etdiyi hesabatda Çinin Sintszyanda insanlığa qarşı cinayətlərə bərabər sayıla biləcək ciddi insan haqları pozuntuları törətdiyini bildirib.

Çin bölgədə hər hansı insan haqları pozuntusunun baş verdiyini danıb və Sintszyandakı siyasətinin ekstremizm və terrorizmə qarşı yönəldiyini iddia edib.

Əyalətdəki məscidlərin üçdə ikisi dəyişdirilib

"Sintszyanda dini haqlar uzun zamandır məhdudlaşdırılır. Bu qanunsa bütün o əvvəlki hərəkətlərin leqallaşdırılmasıdır", - Qazaxıstanda qeydiyyatdan keçməmiş "Nağız Atajurt" təşkilatının direktoru Bekzat Maksutxan deyir. Təşkilat Sintszyandakı təqiblərdən əziyyət çəkən etnik qazaxların hüquqları üzrə ixtisaslaşıb.

1949-cu ildə Çin Xalq Respublikasının yaranmasından bəri hakim ateizm ideologiyasını təbliğ edən kommunist hökuməti ölkədəki dini yaşamı nəzarətdə saxlamağa çalışır.

Müşahidəçilər yeni tətbiq edilən bu qaydaların basqını daha da artırdığını deyirlər. Müsəlmanlara tətbiq edilən yeni qaydalara görə, din geyim, toy, dəfn mərasimləri və digər etnik adətlərə müdaxilə etməməlidir.

Çin hökumətinin Sintszyanda məscidləri sökdürməsi və ya dəyişdirməsi ilə bağlı iddialar yeni deyil. Avstraliya Strateji Siyasət İnstitutu 2020-ci ildə Sintszyandakı məscidlərin dağıdılması və dəyişdirilməsinə dair ayrıca hesabat dərc edib. Hesabatda, əsasən, Çin hökumətinin bölgə xalqına təzyiqləri artırdığı və düşərgə sistemini genişləndirdiyi 2017-ci ildən bəri əyalətdəki məscidlərin 2/3-sinin dəyişdirildiyi göstərilib.

"Human Rights Watch" təşkilatı isə ötən il dərc etdiyi hesabatında Çin hökumətinin məscidləri bağlamaq və dəyişmək kampaniyasını Sintszyandan başqa bölgələrdə də apardığını göstərmək üçün ictimaiyyətə açıq sənədlərdən, peyk görüntülərindən və şahid ifadələrindən yararlanıb.

Bu kampaniyanın bir hissəsi kimi yerli hökumətlər məscidlərə xas memarlıq elementlərini, o cümlədən ərəb üslubunda tikilən günbəz və minarələri söküb binanı ənənəvi Çin memarlığına uyğunlaşdırırlar.

Sintszyan əyalətində həbsxana olduğu güman edilən obyekt
Sintszyan əyalətində həbsxana olduğu güman edilən obyekt

"Ənənəvi irsin qorunması"

Pekin rəsmiləri nadir hallarda bu siyasətlə bağlı açıqlama versələr də, 2022-ci ilin iyununda Çin dövlət xəbər qurumu - CCTV bu dəyişiklikləri tərifləyərək onları "ənənəvi irsin qorunması" adlandırıb.

Hökumət dövlətin İslam məsələlərini yönəldən rəsmi orqanı olan Çin İslam Assosiasiyasının yetkilərini də artırmağa hazırlaşır. İndən belə həcc ziyarətləri kimi fəaliyyətləri yalnız bu dövlət qurumu təşkil edəcək və yalnız onun üzvü olan məscid və fərdlər belə fəaliyyətlərə qatıla biləcək.

Yeni qanun dini liderləri öz davamçılarına "vətənpərvərlik" aşılamağa çağırır və dini məktəblərin sosializmin təbliği kimi Çin özəlliklərinə sahiblənməli, dərslərinsə Çin dilində keçilməli olduğunu bildirir.

Hakim Çin Kommunist Partiyası dindarları onun hakimiyyətinə zərbə vura biləcək xarici təsir forması kimi görür və ölkədəki bütün əsas dinlərə təzyiq göstərərək onları nəzarətdə saxlamağa çalışır.

Çin dini qrupların öz doktrina, ənənə və fəlsəfələrini Çin mədəniyyətinə uyğunlaşdırmasını tələb edir. Bu siyasət bütövlükdə "çinləşdirmə" adlandırılır. Çin hökuməti yaşı 18-ə çatmayan insanların dini mərasimlərə qatılmasını da qanunsuz sayır.

Hökumətin basqısı, əsasən, "xarici" sayılan dinlərə, özəlliklə İslam və xristianlığa qarşı yönəlib. Bura həm protestant, həm də katolik məzhəbinə aid xristian icmaları daxildir. Hökumət daha öncə kilsələrin üzərindən xaçları götürüb, bəzi kilsə binalarını isə tamam söküb.

Han (xan) buddizminə dözümlü yanaşılır

Çində xristian icmalarına da özəl qaydalar tətbiq edilir. Xristianlara yalnız hökumət qurumlarında qeydiyyatdan keçmiş "rəsmi" kilsələrdə ibadət etməyə icazə verilir. Ancaq milyonlarla xristian hələ də gizli kisələrdə öz ibadətinə davam edir.

2012-ci ildən - Si Cinpin Çin Kommunist Partiyasının sədri olandan bəri Pekin xristianların qeydiyyatdan keçmiş məkanlar xaricində fəaliyyətlərinə nəzarəti daha da sərtləşdirib, qeydiyyatdan keçməkdən boyun qaçıran kilsələri qapadıb və üzdə olan kilsə liderlərini həbs edib.

Hökumət buddizmə, özəlliklə ölkədə daha çox yayılmış dinə - han buddizminə daha dözümlü yanaşır. Ancaq Tibetdəki buddistlərə basqı qalmaqdadır.

XS
SM
MD
LG