Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:01

Qərb mediası: Seçkiqabağı Azərbaycanda həbsxanalar jurnalistlər və dissidentlərlə doludur


"The Baku Connection"
"The Baku Connection"

Fevralın 1-də 15 media təşkilatının koalisiyası "The Baku Connection" (Bakı ilə əlaqə) adlı layihəni işə salıblar. Layihəni Parisdə yerləşən "Forbidden Stories" (Qadağan olunmuş hekayələr) media orqanı koordinasiya edir. "The Baku Connection" AbzasMedia saytının jurnalistlərinin həbsdən öncə üzərində işlədikləri korrupsiya araşdırmalarından bəzilərini davam etdirir.

AbzasMedia-nın direktoru və baş redaktoru, eləcə də onlarla əməkdaşlıq edən jurnalistlər qaçaqmalçılıq ittihamı ilə saxlansalar da, özləri ittihamı rədd edirlər. Koalisiya üzvü olan "The Guardian" qəzeti ölkədə ötən ilin noyabrından bəri saxlanan jurnalistlərdən yazır.

"İki həftə sonra Azərbaycan prezidenti İlham Əliyev 2024-cü il fevralın 7-nə növbədənkənar prezident seçkisi təyin etdi. O vaxtdan bəri azı 11 jurnalist saxlanılıb, yaxud həbs olunub", - məqalədə deyilir.

Beynəlxalq insan haqları qrupları da ittihamları qurama, hökumətin müstəqil mediaya təzyiqinin tərkib hissəsi sayır. AbzasMedia rəsmi korrupsiyanı ifşa edirdi.

Hazırda Abzas-ın azadlıqda cəmi üç müxbiri qalıb. Frilans jurnalist Leyla Mustafayeva bu aydan Sevinc Vaqifqızını media orqanının baş redaktoru vəzifəsində əvəzləyəcək. O, qəzetə deyib ki, noyabrdan bəri araşdırma aparılmayıb, çünki bunu edəcək əsas işçilər həbsdədir.

23 milyon avro

Əliyev hökuməti isə jurnalistlərə qarşı ittiham quraşdırdığını danır.

"Azərbaycanda heç kəsi siyasi fikirləri, yaxud peşəsinə görə həbs etmir, dindirmirlər. Jurnalist dindirilir, yaxud həbs olunursa, bu onun qanunsuz hərəkət etməsi anlamına gəlir", - Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva "France 24"ə deyib. Bu media orqanı da "The Baku Connection" layihəsinin tərəfdaşlarındandır.

Azərbaycan media azadlığına görə Sərhədsiz Reportyorlar Təşkilatının indeksində 180 ölkə içində 151-ci yerdədir.

"The Guardian" bu ilin noyabrında Azərbaycanda COP29 qlobal iqlim sammitinin keçiriləcəyini, belə tədbirlərin insan haqları pozuntularına daha çox diqqət çəkdiyini yazır. AŞPA yanvarın 24-də Azərbaycanın səsvermə hüququnu dondurub, ölkədə təməl insan haqları islahatlarının aparılmadığını əsas gətirib.

"Azərbaycanda polis qüvvələrinin inkişafına milyonlarla avro ayırmış bir qurum üçün belə bir bəyanat iflasın etirafı sayıla bilər. "Forbidden Stories" 2014-cü ildən bəri Avropa Şurasının Azərbaycanda ədliyyə islahatları proqramlarına 23 milyon avro ayırdığını müəyyənləşdirib", - qəzet yazır.

Sonu qorxulu görünən divantutma

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanın Araşdırılması Layihəsinin (OCCRP) dərc etdiyi məqalə isə belə adlanır: "Total nəzarət: Seçki yaxınlaşdıqca Azərbaycanın həbsxanaları jurnalistlər və dissidentlərlə dolur". Bu məqalə "The Baku Connection" layihəsi çərçivəsində hazırlanıb.

Azərbaycanda yaşayan, ancaq təhlükəsizliyə görə adının açıqlanmasını istəməyən bir təhlilçi nəşrə deyib ki, mediaya son divantutmanın sonu qorxulu görünür: "Məncə, bu, ölkəni Türkmənistana, total nəzarətin olduğu bir ölkəyə oxşatmaq kimi daha böyük ambisiyanın bir parçasıdır".

"Bunun əsl vaxtıdır, çünki qlobal düzən dəyişir, onlar anlayırlar ki, bu, demokratik hökumətlərin xeyrinə deyil. Həmçinin onlara daha Qərblə yaxşı münasibətlər lazım deyil", - təhlilçi sözlərinə əlavə edib.

"Azərbaycan hiss edir ki, onun Qərbin təklif etdiyinə ehtiyacı azdır. Onlar asanlıqla bəzi güzəştlərə gedərək AŞPA-da qalmaq uğrunda mübarizə apara bilərdilər, amma bunu etmədilər. Bunun baş verməsinə imkan verdilər. Bu, bir göstəricidir", - bunu isə britaniyalı jurnalist, Qafqaz üzrə ekspert Tomas de Vaal (Thomas de Waal) deyib.

Ekspert Azərbaycanın onu daha az tənqid edən Türkiyə və Rusiya ilə daha güclü əlaqələr qurmasına diqqət çəkir.

XS
SM
MD
LG