Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:43

Separatçıların konqresi ayrılmış Dnestryanı elitasından ötrü dönüş nöqtəsi, yoxsa uğursuzluq olacaq?


"Dnestryanı Xalq Deputatlarının Qurultayı"
"Dnestryanı Xalq Deputatlarının Qurultayı"

Fevralın 28-də Moldovanın bölücü Dnestryanı əyalətinin konqresi toplanaraq Rusiya Dumasına və Federasiya Şurasına müraciət edib. Təşəbbüsün Tiraspoldan, yaxud Moskvadan gəldiyi bilinməsə də, "Dnestryanı Xalq Deputatları Konqresi"nin tək-tük iclaslarından biri olan bu toplantı Rusiya prezidenti Vladimir Putinin ənənəvi müraciətinin öncəsinə təsadüf edir.

Göründüyünə görə, konqresin bu son bəyanatı Kremlin mühasirədə qalan rus və rusdillilərin haqlarının qorunması ilə bağlı çoxdankı mövzusunun qabardılmasına hesablanıb. Ancaq bəyanatda Moskva tərəfindən tanınma, yaxud ilhaqla bağlı açıq çağırış yoxdur.

"Konqres Rusiya Duması və Federasiya Şurasını (Rusiya parlamentinin yuxarı palatası) Dnestryanını Moldova Respublikasının artan təzyiqindən qorumaq üçün tədbirlər görməyə çağırır", - bəyanatda belə deyilir.

Bu da var ki, Putin fevralın 29-dakı çıxışında Rusiyanın qonşularına və Qərbə ünvanlanan hədələr səsləndirsə də, Dnestryanıdakı durumdan danışmayıb.

Son toplantı 18 il öncə olub

AzadlıqRadiosu Moldova xidmətinin materialı əsasında Endi Haylın hazırladığı məqalədə deyilir ki, "Dnestryanı Xalq Deputatları Konqresi"nin bundan əvvəlki son iclası 2006-cı ildə - bölgədə gərginliyin artması fonunda keçirilmişdi. O zaman separatçılar gələcəkdə Rusiyaya potensial inteqrasiya ilə bağlı tanınmayan referendum təşkil etmiş və Moldovanın yerdəqalan ərazisinə birləşməyə "yox" demişdilər.

Ukraynadakı müharibənin davam etdiyi iki il ərzində Moldova Rusiyanın açdığı ikinci cəbhəyə çevrilə biləcəyi ilə bağlı narahatlığını dilə gətirib və Moskvanı ölkədə sabitliyi pozmaq cəhdlərində suçlayıb.

1992-ci ildə Moldova ərazisində gedən müharibəyə müdaxilə edən Rusiya qoşunları on illər ərzində Kişineunun Avropa Birliyinə qoşulmaq niyyətini əngəlləyib. Moldova nə qədər etiraz etsə də, Moskva Dnestr çayı ilə Ukrayna sərhədi arasındakı Dnestryanı ərazisində qoşun saxlamaqdadır.

AB Rusiyanın Ukraynaya hücumundan sonra – 2022-ci ilin ortalarında Moldovaya namizədlik statusu verib.

Dnestryanı separatçılarının lideri Vadim Krasnoselski 2021-ci ildə Tiraspolda 9 May Qələbə Gününə həsr olunmuş hərbi paradda.
Dnestryanı separatçılarının lideri Vadim Krasnoselski 2021-ci ildə Tiraspolda 9 May Qələbə Gününə həsr olunmuş hərbi paradda.

Bu il prezident Maya Sandu və Moldovanın Avropayönlü hökuməti Dnestryanı iqtisadiyyatının bəzi mühüm sahələrinə nəzarətin bərpası ilə bağlı kampaniya aparıb. Bu sahələr arasında yeni gömrük məcəlləsinin tətbiqi və regionun təbii qaz və elektrik enerjisi təchizatının yenidən ölkənin qalan hissəsinə birləşdirilməsi də vardı.

Üstəlik, həftələrlə sürən məsləhətləşmələrdən sonra Kişineu fevralın əvvəlində Rusiyanın Dnestryanıda seçki məntəqələri təşkil etməsinə qarşı daha sərt mövqe ortaya qoyub. Moskva bu dəfə Putinin beşinci müddətə prezident seçilməsi üçün keçirilən seçki ərəfəsində Dnestryanıda da seçki məntəqələri quraşdırıb.

"Öz iddialarına maraq yaratmaq məqsədi"

Separatçıların lideri Vadim Krasnoselski bir il öncə Dnestryanının Rusiyaya inteqrasiya ilə bağlı mövqeyinin qəti olduğunu bildirib.

Fevralın sonlarında isə Krasnoselski Moldova Respublikasının göstərdiyi təzyiqi müzakirə etmək üçün "Dnestryanı Xalq Deputatları Konqresi"ni toplanmağa çağırıb. O, Dnestryanı xalqının haqları, sosial durumu və iqtisadiyyatından danışıb. Dnestr çayının sol sahilində mərkəzi hökumətin nəzarətində olmadan yaşayan Dnestryanı sakinləri Moldovanın toplam əhalisinin təxminən beşdə biri qədərdir.

Siyasi risk təhlilçisi, Kral Birləşmiş Xidmətlər İnstitutunun Şərqi Avropa Araşdırmaları Mərkəzinin qonaq tədqiqatçısı Dionis Senuza fevralın 28-də separatçı dnestryanılıların ilhaq ssenarisindən yararlanaraq narahatlıq və öz iddialarına maraq yaratmaq məqsədi güddüklərini deyib.

O bu hərəkətin tanınma, yaxud Rusiya tərəfindən ilhaqla bağlı səmimi müraciətdən çox separatçı bölgənin [özünü beynəlxalq] ictimaiyyətə göstərmək cəhdi olduğunu söyləyib.

Moldova prezidenti Maya Sandu
Moldova prezidenti Maya Sandu

"Moldova hökumətinin bu gün etdiyi…"

Prezident Sandu Tiranada keçirilən Ukrayna-Qərbi Balkan sammitində Kişineunun Dnestryanıdakı donmuş münaqişəni sülh yolu ilə çözməkdə qərarlı olduğunu vurğulayıb: "Moldova Dnestryanı münaqişəsinin dinc yolla həllinə sadiqdir. Moldova hökumətinin bu gün etdiyi şey bölgənin iqtisadi inteqrasiyası üçün kiçik addımlar atmaqdır".

Ancaq separatçılar Moskvaya göndərdikləri müraciətlə yanaşı, BMT, ATƏT və AB-yə üz tutaraq onları Moldovanın təzyiqlərinin qarşısını almağa və danışıqları yeniləməyə çağırıblar. Dnestryanıdakı donmuş münaqişənin sona çatdırılaraq daimi sülhə nail olunması istiqamətində daha öncəki danışıqlar ATƏT və AB rəhbərliyi ilə aparılıb.

Dnestryanı məsələsi və bölücü bölgənin milli elektrik enerjisi şəbəkəsinə və ölkə həyatına inteqrasiyası Moldovanın AB üzvlüyü yönündə potensial əngəl olaraq qalır.

XS
SM
MD
LG