Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:21

Türkiyə ortaasiyalı fəallar üçün güvənli yer deyil


(Soldan sağa) Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan prezidenti Sadır Japarov, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Özbəkistan prezidenti Şavkat Mirziyoyev Səmərqənddə.
(Soldan sağa) Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan prezidenti Sadır Japarov, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Özbəkistan prezidenti Şavkat Mirziyoyev Səmərqənddə.

"Transmilli repressiya" – hökumətin müxalifət fəallarını susdurmaq üçün xarici ölkəyə getməsi Orta Asiya ölkələrində insan haqlarının müdafiəsi ilə məşğul təşkilatların əsas mövzularından biridir. Bu baxımdan, bölgənin üç ən avtoritar ölkəsi - Tacikistan, Türkmənistan və Özbəkistan daha çox önə çıxır.

Transmilli repressiya zamanı çox hökumətlər (bunlar, əsasən, qeyri-demokratik hökumətlər olur) özünə düşmən kimi gördüyü şəxsləri qorxutmaq, ekstradisiya etdirmək, bəzənsə hətta öldürmək üçün başqa dövlətin yurisdiksiyasına daxil olur.

AzadlıqRadiosunun əməkdaşı Kris Riklton radionun tacik və türkmən xidmətlərinin, eləcə də Fərqanə vadisi bürosunun materiallarına dayanaraq məqalə yazıb. Bu məqalədə deyilir ki, təxminən 10 il öncə Türkiyə ortaasiyalı mühacir fəallardan ötrü güvənli yer idi. O zaman bölgə ölkələrinin vətəndaşları üçün səyahət məhdudiyyətləri yox idi, ekstradisiya qorxusu isə diqqətçəkən həddə deyildi.

Ancaq son illərdə durum fərqlidir. Ekspertlər Türkiyə hökumətinin bu məsələyə yanaşmasının dəyişdiyini deyirlər.

Təkcə ötən ay iki tacik fəal izsiz yoxa çıxıb

Onların vətənə aparıldığı ehtimalı irəli sürülür. Vətənə aparılıblarsa, onları uzunmüddətli həbs cəzası və həbsxanada pis davranış gözləyir. Tacikistanda hökuməti tənqid edənlərlə elə davranılması normaya çevrilib.

Orta Asiyadakı insan haqları eksperti Stiv Sverdlou (Steve Swerdlow) deyir ki, "Qrup 24" adlı tacik müxalifət təşkilatının üzvü Suhrob Zəfər son iki həftəni fevralın 23-dən bəri yoxa çıxan yoldaşlarını axtarmaqla keçirib.

O, yoldaşlarını tapmaq üçün miqrant təcridxanalarına da gedib, Türkiyə hökumət qurumlarından bilgi almağa da çalışıb, ancaq axtarışı uğursuz olub.

Martın 11-də isə artıq tacikistanlı fəallar Zəfərin özünün yoxa çıxmasından rahatsız idilər. Martın 10-dan bəri onunla əlaqə saxlamaq mümkün olmurdu.

Suhrob Zəfər
Suhrob Zəfər

"Qrup 24" bildirir ki, Zəfər Türkiyədə yaşadığı 10 il boyunca vaxtaşırı hədələnib. Onun telefonuna öldürüləcəyi, yaxud oğurlanacağı barədə xəbərdarlıq mesajları göndərilib.

Hətta bir neçə dəfə onu Türkiyə hüquq-mühafizə orqanları saxlayıb. Türkiyə dövlət qurumlarının bu addımı Tacikistan hökumətinin xahişi ilə etdiyi ehtimal olunur. Ancaq hər dəfə onu sonradan buraxıblar.

"Qrup 24" 2014-cü ilin oktyabrından bəri Tacikistanda "ekstremist təşkilat" elan edilib. Bundan az öncə qrup vətəndaşları avtoritar prezident Emoməli Rəhmonun rejiminə qarşı yürüşə çağırmışdı.

Bir il keçməmiş Ali Məhkəmə Tacikistan İslam İntibah Partiyasını (TİİP) da "ekstremist təşkilat" elan edib. Mötədil islamçı müxalifət partiyası olan TİİP 2015-ci ilin martında keçirilən ziddiyyətli seçkilərdən öncə parlamentdə yerlər də qazanırdı.

Ardınca TİİP liderlərinin bir çoxu həbs edilib

2015-ci il həm də "Qrup 24"ün qurucusu, işadamı Umarəli Kuvvatovun İstanbulda güllələnərək öldürüldüyü ildir. Bu olay İstanbulda yaşayan ortaasiyalı dissidentlərdən ötrü dönüş nöqtəsi idi.

Kuvvatovun qatilləri tutulmadan ölkəni tərk edə bilsələr də, Türkiyənin bu qətldə birbaşa əlinin olması ehtimal edilmir.

Türkiyə məhkəməsi Kuvvatovu şam yeməyinə çağırdığı deyilən adama ömürlük həbs cəzası kəsib. Həmin yeməkdə Kuvvatov öncə zəhərlənib, daha sonra küçədə güllə ilə vurulub.

Di gəl, son illərdə Türkiyə rəsmi qurumlarının dissidentlərlə bağlı məsələlərdə Orta Asiya hökumətləri ilə danışıqlara daha həvəslə getməsi gözə çarpır. Əvəzində Ankaranın ortaasiyalı tərəfdaşlarından bənzər addımlar gözlədiyi düşünülür.

Rəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan

Transmilli repressiya ilə məşğul ən fəal ölkə

"Freedom House" ötən ay Türkiyə və Tacikistanın adını transmilli repressiya ilə məşğul beş ən fəal ölkənin siyahısına daxil edib. Son 10 ilin bilgilərinə dayanaraq tərtib edilən siyahıdakı digər üç dövlət Çin, Misir və Rusiyadır.

2016-cı ildə baş verən çevriliş cəhdi, bu baxımdan, Türkiyə üçün dönüş nöqtəsi olub. Bu hadisədən sonra Türkiyə hökuməti ABŞ-da yaşayan ilahiyyatçı, Ərdoğanın keçmiş müttəfiqi Fətullah Gülənin şəbəkəsinə savaş açıb. Gülənin özü çevriliş cəhdində əli olması haqda ittihamları qətiyyətlə rədd edir.

Daha sonra Türkiyə hökumətinin Gülən şəbəkəsi ilə bağlantısı olan ölkələrlə münasibətləri gərginləşməyə başladı. Bu, əsasən, Gülən şəbəkəsinə aid özəl məktəblərin olduğu ölkələr idi.

Orta Asiya hökumətlərinin bir neçəsi Gülən şəbəkəsinə aid məktəbləri bağlasa da, Qazaxıstan və Qırğızıstanda bu məktəblər fəaliyyətini davam etdirdi.

2018-ci ildə - Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bişkekə səfəri zamanı öz çıxışlarında FETO adlandırdığı gülənçilərdən dəfələrlə söz açmış, ozamankı prezident Sooronbay Jeenbekovu gülənçilər tərəfindən devriləcəyi riski barədə xəbərdar etmişdi.

Son nəticədə 2020-ci ildə Jeenbekovu Qırğızıstanın indiki prezidenti Sadır Japarovu dəstəkləyən qüvvələr devirdi. 2021-ci ilin iyununda – Gülənlə bağları olan "Sapat" məktəblər şəbəkəsinin türkiyəli qurucusu Orhan İnandını Bişkekdəki Türkiyə agentləri oğurlayandan sonra Japarov Ankaranı qınamadı.

Türkiyəli agentlər oğurlayarkən həm də Qırğızıstan vətəndaşı olan İnandı ötən il Ankarada "silahlı terrorçu qrup yaratmaq" ittihamı ilə 21 il həbs cəzasına məhkum edilib.

Orhan İnandı
Orhan İnandı

Müstəqilliyin ilk illəri və indi

Orta Asiya dövlətlərinin müstəqilliyinin ilk illərində Türkiyə özbək müxalifət liderləri Muhəmməd SolihAbdurahmon Polatı ekstradisiya etməməklə Özbəkistanla münasibətlərini riskə atmışdı.

Buna cavab olaraq, Özbəkistan iki ölkə arasında vizasız gediş-gəlişi ləğv etmişdi. Vizasız rejim yalnız 2016-cı ildə - ölkənin birinci prezidenti İslam Kərimovun ölümündən sonra hakimiyyətə gələn Şavkat Mirziyoyevin dövründə bərpa edilib.

Türkiyə bu yaxınlaradək Türkmənistan vətəndaşlarının vizasız səyahət edə biləcəyi az sayda ölkədən biri idi. Ancaq 2022-ci ildə Türkiyə hökuməti Türkmənistanın israrı ilə vizasız gediş-gəlişi dayandırdı.

Türkiyə uzun müddət son dərəcə repressiv, iqtisadiyyatı bərbad halda olan Türkmənistandan çıxmağa çalışan vətəndaşların əsas pənah yeri olub.

AzadlıqRadiosunun türkmən xidməti Türkiyənin viza məhdudiyyətlərini bərpa etməsindən sonra minlərlə Türkmənistan vətəndaşını deportasiya etdiyini bildirsə də, avtoritar hökumətdən bilgi almaq mümkün olmadığından onların neçəsinin siyasi, neçəsinin adi miqrant olduğunu bilmək çətindir.

Dursoltan Taqanova
Dursoltan Taqanova

Ancaq azı altı türkmən siyasi fəal deportasiya edilib

Nisbətən tanınmış müxalifət fəalı olan Dursoltan Taqanova 2020-ci və 2021-ci illərdə azı iki dəfə deportasiya edilməkdən son anda qurtulub.

2020-ci ildə deportasiya mərkəzində saxlanılan Taqanova 11 insan haqları təşkilatının Türkiyə hökumətinə müraciətindən sonra azad edilib.

2021-ci ildə isə Taqanova jurnalistlərə Türkiyə immiqrasiya xidmətinə çağrıldığını və siyasi fəaliyyətini dayandırmazsa, problemlərlə üzləşə biləcəyi barədə ona xəbərdar edildiyini söyləyib.

Göründüyünə görə, türkmən siyasi fəallara qarşı basqılar hökumətin istədiyi nəticəni verir.

İstanbulda yaşayan türkmənistanlı Əziz Mamedov siyasi fəal olmağa başladığı 2021-ci ildən bəri müntəzəm hədələndiyini deyir. Mamedov konsulluq önündə keçirilən etiraz aksiyasında bıçaqlanıb. Bu ilin yanvarında isə o, artıq aktivizmlə məşğul olmadığını bildirib.

XS
SM
MD
LG