Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:29

Mirzoyan Bakı ilə sülhün gerçəkləşməməsinin səbəblərindən danışıb


Ararat Mirzoyan
Ararat Mirzoyan

"Yerevan və Bakı sülh müqaviləsinin bağlanması üzrə danışıqlarda artıq bir sıra qarşılıqlı razılaşmalara nail olublar. Lakin iki əsas məsələ üzrə tərəflərin baxışları hələ də bir-birindən uzaqdır".

Bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bu ölkənin İctimai Televiziyasının efirdə bildirib.

"Bizim Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün, həqiqətən, tarixi imkanımız var. Ermənistan sülh gündəminə sadiqdir və danışıqlarda bütün məsələlərə konstruktiv yanaşır. Sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlarda biz artıq bir sıra qarşılıqlı razılaşmalara nail olmuşuq, təəssüf ki, tərəflərin baxışlarının hələ də bir-birindən uzaq olduğu iki əsas məsələ var", - nazir bildirib.

Onun sözlərinə görə, birinci məsələ ərazi bütövlüyünün qarşılıqlı tanınması və sonrakı demarkasiya prosesinə aiddir.

"Biz bir neçə dəfə ən yüksək səviyyədə razılığa gəlmişik. Ən azı üç-dörd dəfə görüşlər olub ki, orada tərəflər Almatı bəyannaməsi (1991-ci ildə imzalanıb) əsasında bir-birinin ərazi bütövlüyünün tanınmasını təsdiqləyiblər və delimitasiyanın bu əsasda aparılacağı ilə bağlı razılığa gəliblər. Mənim üçün də qəribədir ki, biz sülh sazişi layihəsində ərazi bütövlüyü və demarkasiya kontekstində bu bəyannaməyə istinad etməyə çalışanda Azərbaycanın istəksizliyini görürük", - A.Mirzoyan vurğulayıb.

O, ümid etdiyini bildirib ki, ölkələr yaxın gələcəkdə bu məslə ilə bağlı daha böyük anlaşmaya nail ola biləcəklər.

Ermənistan və Azərbaycanın mövqelərinin fərqli olduğu ikinci əsas məqam infrastrukturun blokadan çıxarılmasıdır, - XİN rəhbəri qeyd edib.

Bir neçə gün əvvəl Ermənistan xarici işlər nazirinin müavini əmin edib ki, danışıqlar prosesi davam edir, lakin iki ölkə liderlərinin və ya xarici işlər nazirlərinin ikitərəfli görüşü ilə bağlı hələ də razılıq yoxdur. Xarici işlər nazirləri sonuncu dəfə fevralın 28-də Berlində danışıqlar aparıblar. Rəsmi Yerevanın Bakıya sülh müqaviləsi layihəsi ilə bağlı növbəti təkliflərini göndərib-göndərmədiyi də məlum deyil.

Hələlik, bu açıqlamaya Azərbaycan XİN-dən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf yeddi rayonu işğal edilmişdi. Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin yeddi rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı ötən il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirib. Qarabağdakı separatçı qurumun rəhbəri yeni ilə qədər bu qurumun fəaliyyətini dayandıracağını açıqlamışdı. (İndi bununla bağlı Yerevandan ziddiyyətli bəyanatlar eşidilir). Daha sonra da Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG