Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:50

Nazim Bəydəmirli: 'Siyasi məhbus deyiləm, ekologiya məhbusu ola bilərəm'


Nazim Bəydəmirli
Nazim Bəydəmirli

Həbsdə olan işadamı, keçmiş deputat Nazim Bəydəmirli Gədəbəy olaylarına görə cəzalandırıldığını düşünür.

"Mən siyasi məhbus deyiləm, ekologiya məhbusu ola bilərəm. Gədəbəy hadisələrinə görə ola bilər", - N.Bəydəmirli aprelin 29-da öz məhkəməsində belə deyib.

Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Aprelin 29-da məhkəmənin ilkin hazırlıq iclasında N.Bəydəmirlinin vəkili Aqil Layıc müvəkkilinin təqsirsiz olduğunu vurğulayaraq cinayət işinə xitam verilməsini istəyib. N.Bəydəmirlinin hədə-qorxu ilə tələbetmədə suçlandığını söyləyən vəkilin sözlərinə görə, bu ittihamın heç bir əsası yoxdur: "1996-cı ildə baş verdiyi iddia olunan bir hadisəyə görə 30 il sonra adamı həbs etmək absurddur. Ortada nə video var, nə cinayətin obyekti...".

A.Layıc vəsatət qaldırıb ki, cinayət işinə xitam verilməsə, heç olmasa, hökmədək N.Bəydəmirli ev dustaqlığına buraxılsın.

"Onun həbsində əsas amil Gədəbəy hadisələri olub", - vəkil bu sözləri də dediklərinə əlavə edib.

N.Bəydəmirli iki nəfərdən hədə-qorxu ilə pul tələbində suçlanır. Zərərçəkmiş qismində tanınan həmin şəxslərdən biri - Ədalət Bağırov onunla eyni şirkətin səhmdarı olub.

Polis nəzarətində olan Söyüdlüdən səslər: 'Evimizdə dustağa çevrilmişik'
Gözlə

No media source currently available

0:00 0:05:57 0:00

"Gədəbəy hadisələrinə görə ola bilər…"

Təqsirləndirilən işadamı isə, əksinə, özünün Ə.Bağırovdan şikayətçi olduğunu, bu barədə həbsindən öncə müxtəlif dövlət qurumlarına məktublar yazdığını deyir: "Ondan öz qardaşı, əmisi oğlu da şikayət edib. Mənim şirkətdə 30 faiz səhmim var. Nə malımı sata bilirəm, nə məni ora yaxın buraxırlar. Qanuni yol seçib şikayət eləmişdim. Əvəzində mənim özümü cəzalandırdılar".

N.Bəydəmirli bildirib ki, həbsinin səbəbi dəqiq məlum deyil, amma bununla bağlı təxminləri var. Güman edir ki, 2023-cü ilin iyununda Gədəbəyin Söyüdlü kəndində yerli əhalinin etirazları ilə bağlı sosial şəbəkələrdəki paylaşımlarına, mühasibələrinə görə cəzalandırılıb: "Mən kimisə təhqir eləməmişəm. İqtidar və müxalifətə eyni məsafədə olan adamam. Heç bir siyasi mənsubiyyətim yoxdur. Mən siyasi məhbus deyiləm, ekologiya məhbusu ola bilərəm. Siyasi fəaliyyətimə görə həbs olunmamışam. Gədəbəy hadisələrinə görə ola bilər".

O, həbsindən sonra səhhətində problemlər yarandığını da söyləyib.

Hakimlər cinayət işinə xitam verilməsi, ya da onun ev dustaqlığına buraxılması haqda vəsatətlərin heç birini təmin etməyib. Qərar verilib ki, cinayət işi üzrə məhkəmə istintaqı aparılsın.

Nazim Bəydəmirli
Nazim Bəydəmirli

Xatırlatma

N.Bəydəmirli ötən il iyulun 4-də Cinayət Məcəlləsinin (CM)182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə saxlanıb. Ertəsi gün məhkəmə onu 4 ay müddətinə həbs edib. Bəydəmirli ittihamı rədd edib, onu uydurma və hüquqi əsaslardan məhrum adlandırıb.

Sentyabrın 1-də Bəydəmirliyə qarşı CM-in 182.2.2-ci (təhdid yolu ilə tələb etmə, dəfələrlə törədildikdə) maddəsi ilə daha bir ittiham irəli sürülüb. O bu ittihamı da qəbul etmir.

Bu maddələrdə 10 ilədək həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG