Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:24

Maksim Şevçenkonun keçmiş arvadı jurnalist Kevorkova saxlanıb


Nadejda Kevorkova
Nadejda Kevorkova

Rusiyanın İstintaq Komitəsi jurnalist Nadejda Kevorkovaya qarşı “terrorizmə haqq qazandırılması” ittihamı irəli sürüb.

O saxlanıb və onun həbsi barədə qərar mayın 7-də keçiriləcək məhkəmədə məlum olmalıdır.

Jurnalistin vəkili bildirir ki, ittiham iki epizodla bağlı irəli sürülüb. Bunun biri onun öz teleqram kanalında, dostu, qətlə yetirilmiş jurnalist Orxan Camalın Nalçik şəhərinə 2005-ci ildə silahlı hücumla bağlı yazdıqlarını nəşr etməsidir.

O vaxt şəhərə Şamil Basayevin komandanlığı altında çeçen separatçılar və islamçılar hücum etmişdilər. Bu hadisə zamanı onlarca həlak olan olmuşdu.

Qafqaz və müsəlmanlar mövzusu

AzadlıqRadiosunun Rus xidməti güman etdiyini bildirir ki, söhbət 2018-ci ildə yazılmış mətndən gedir.

İttihamın ikinci epizodu isə Əfqanıstanda islamçı Taliban hərəkatının fəaliyyətinə haqq qazandırılması ilə bağlıdır. Rusiya bu təşkilatı rəsmən terrorçu təşkilat kimi tanıyıb.

Mayın 6-da Kevorkovanın Moskvadakı mənzilində axtarış aparılıb. Jurnalist əsas etibarilə Qafqazda və Yaxın Şərqdəki münaqişələrdən, habelə müsəlmanların Rusiyada və dünyada təqib olunmasından yazır.

O “Novaya qazeta”, “Nezavisimaya qazeta”, “Kavkazski Uzel” kimi nəşrlərdə, habelə RT dövlət telekanalında çıxışlar edib.

Şevçenko keçmiş arvadını müdafiə edir

Kevorkovanın keçmiş əri, tanınmiş jurnalist Maksim Şevçenko sosial şəbəkələrdə yazıb ki, Kevorkova terrorçuluğa haqq qazandırmayıb:

“O heç vaxt Basayevin quldur dəstəsinin Nalçikə hücumuna haqq qazandırmayıb, amma təbii ki, bir jurnalist kimi istintaq və bir neçə il davam etmiş məhkəmə prosesi dövründə cavabdehlərə verilmiş işgəncələrdən yazıb”.

Şevçenkonun sözlərnə görə Kevorkovanın Talibana dəstək verməsinə dair iddia, Əfqanıstanla diplomatik münasibətlərə dəstək kimi də başa düşülə bilər.

Rusiya Taliban hökumətini rəsmən tanımasa da, onun nümayəndələri ilə sıx münasibətlərdədir.

Kevorkovanın axtarış aparılan mənzilində çəkilən videoda iki plakat görünür. Plakatlardan birində “Mitinq daha yaxşıdır”, ikincisində isə “Google-da axtar: Hizb ut-Təhrir işi. Onlar terrorçu deyillər. Siyasi məhbuslara azadlıq!” yazılıb.

Nadejda Kevorkova “Fələstin. Müqavimət”, “Fələstin. Əgər ölmək lazım gəlsə...” və “Əgər səni unutsam, Yerusəlim” kitablarının müəllifidir.

O habelə “Novaya qazeta” qəzetinin xüsusi müxbiri Vasili Polonskinin anasıdır.

XS
SM
MD
LG