Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 09:33

'Rəisinin helikopterində güllə izləri aşkar edilməyib' –ilkin hesabat


İbrahim Rəisi qəzadan öncə helikopterin göyərtəsində
İbrahim Rəisi qəzadan öncə helikopterin göyərtəsində

İranın səkkizinci prezidenti İbrahim Rəisi, xarici işlər naziri Abdullahian və daha altı nəfər mayın 19-da Şərqi Azərbaycan əyalətinin şimal-qərbindəki Varzaqan rayonunda helikopterin qəzaya uğraması nəticəsində həlak olublar. Onlar Azərbaycanla sərhəddə birgə bəndin açılış mərasimindən sonra Təbrizə qayıdırdılar.

+++

İran Silahlı Qüvvələrinin Baş Qərargahı prezident İbrahim Rəisinin də olduğu helikopterin qəzaya uğramasının səbəbləri ilə bağlı ilkin hesabat dərc edib. Bu barədə IRNA məlumat verir.

Sənəddə bildirilir ki, helikopter nəzərdə tutulan marşrut üzrə hərəkət edib və göstərilən uçuş marşrutunu tərk etməyib. Əlavə edildiyinə görə, qəzadan təxminən dəqiqə yarım əvvəl helikopterin pilotu prezidentin kortejindəki daha iki helikopterin ekipajları ilə əlaqə saxlayıb və onun sözlərində şübhəli heç nə olmayıb. "Qəzaya uğrayan vertolyotun qalıqlarında heç bir güllə və ya digər xarici təsirlərin izləri aşkar edilməyib, o, təpə ilə toqquşub", - hesabatda vurğulanır.

İstintaq davam edir. Aviaqəzanın səbəblərini araşdıran İran Silahlı Qüvvələri Baş Qərargahı komitəsindən bildirilib ki, bəzi detalların öyrənilməsi daha çox vaxt tələb edir.

21 may

İran hökuməti ölkədə 14-cü prezident seçkilərinin iyunun 28-də keçirilməsi barədə qərar qəbul edib.

20 may

İran prezidentinin ölümü ilə əlaqədar Hindistan, İraq və Suriyada milli matəm elan edilib.

+++

İranda müvəqqəti olaraq prezident vəzifəsini birinci vitse-prezident Məhəmməd Möhbər icra edəcək. Bu, ölkə Konstitusiyasında nəzərdə tutulub. 50 gün ərzində yeni dövlət başçısı üçün növbədənkənar seçkilər keçirilməlidir.

+++

İranın vitse-prezidenti Möhsün Mənsuri prezident Rəisinin helikopter qəzasında həlak olduğunu təsdiqləyib.

+++

İran Qızıl Aypara Cəmiyyəti İran prezidenti İbrahim Rəisinin helikopterində olanların sağ olduğuna dair heç bir əlamət tapmayıb.

Təşkilatın rəhbəri Pir Hüseyn Kolivəndin sözlərinə görə, xilasedicilər artıq qəza yerinə baxış keçirib, lakin sağ qalan tapılmayıb. Qəza yerindən yayımlanan görüntülərdə helikopterin tamamilə yandığı görünür.

Xilasedicilər İranın şimal-qərbində dumanla örtülmüş dağlıq ərazidə cəsədləri çıxarırlar.
Xilasedicilər İranın şimal-qərbində dumanla örtülmüş dağlıq ərazidə cəsədləri çıxarırlar.

Helikopterin axtarışları 10 saatdan çox davam edib. Gecə saat 4:30 radələrində (Bakı vaxtı ilə) Türkiyənin "Bayraktar Akıncı" pilotsuz uçuş aparatı axtarışların aparıldığı ərazidə "istilik mənbəyi" aşkarlayıb. Saat yarımdan sonra xilasedicilər qəza yerinə çatıblar.

Rəisini daşıyan helikopter mayın 19-da axşam İranın şimal-qərbində dağlıq ərazilərdə yoxa çıxıb. İran nümayəndə heyəti Azərbaycandan qayıdırdı və orada İran prezidenti həmkarı İlham Əliyevlə görüş keçirib. Kortejdə ümumilikdə üç helikopter olub, onlardan ikisi təhlükəsiz yerə enib.

Helikopterdə yüksək vəzifəli məmurlar arasında xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbriz məscidinin imamı Məhəmməd Əli əl-Haşem və Şərqi Azərbaycan vilayətinin qubernatoru Malik Rəhməti də olub.

02:10

Mayın 19-da axşamın gec saatlarında helikopter qəzasından sonra İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və başqa İran rəsmilərinin axtarışı davam edir. Bu barədə məlumatı İranın rəsmi IRNA xəbər agentliyi yayıb.

Xəbərdə deyilir ki, hadisə İranın şimal-qərbində, Şərqi Azərbaycan ostanında sıx dumanlıq şəraitində baş verib. Bu da bildirilir ki, helikopter qəza nəticəsində sərt eniş etməli olub.

İran hökumətinin məlumatında deyilir ki, göyərtəsində prezident və başqa rəsmilər olan helikopter Azərbaycan sərhədi yaxınlığında birgə uçan üç helikopterdən biri idi.

Məlumata görə, digər iki helikopter Təbriz şəhərində salamatlıqla enə bilib.

Hazırda üçüncü helikopterin axtarışına böyük qüvvələr cəlb edilib.

İranın dövlət televiziyası helikopterin sərnişinlərindən biri ilə əlaqəyə girildiyi barədə məlumat yayıb. İran televiziyası daha sonra helikopterin tapıldığını bildirib, amma bu xəbər Beynəlxalq Qırmızı Aypara tərəfindən təkzib olunub.

Dövlət medialarının birinin xəbərində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Şərqi Azərbaycan ostanındakı komandanına istinadla deyilirdi ki, helikopterdəki sərnişinlərdən birinin mobil telefonundan gələn siqnal aşkar olunub.

Daxili işlər naziri Əhməd Vahidi deyib ki, pis hava şəraiti axtarış əməliyyatlarına mane olur.

Buna baxmayaraq axtarışçılar və xilasedicilər leysan yağışı və duman şəraitində axtarışı davam etdirirlər.

Axtarış başlanandan az sonra İranın ali rəhbəri ayətullah Əli Xameneyi qısa bəyanatla çıxış edib: "Ümid edirik ki, Allah prezidenti və onun yoldaşlarını xalqın ağuşuna qaytaracaq. Hər birimiz onlar üçün dua etməliyik. İran xalqı narahat olmamalıdır. Ölkənin həyatında fasilə yaranmayacaq".

Dövlət televiziyası Məşhəddəki İmam Rza məscidində, habelə Qum şəhəri və başqa yerlərdə dua edən iranlıları göstərib.

Axtarışın çətin hava şəraitində keçdiyini nəzərə alaraq İran Avropa Komissiyasının böhranlar üzrə komissarı Yanez Lenarciçdən kömək istəyib.

Lenarçiç deyib ki, helikopterin yerinin müəyyənləşdirilməsi məqsədilə Aİ-nin "Kopernik" aşkarlama sistemi işə salınıb.

İran və Azərbaycan prezidentləri "Qız qalası" su anbarının açılışında
İran və Azərbaycan prezidentləri "Qız qalası" su anbarının açılışında

Rəisi və Əmir Abdullahian matın 19-da Azərbaycan prezidenti İlham Əliyevlə birlikdə Azərbaycanda su anbarının açılışı mərasimində iştirak etmişdilər. Əliyev baş vermiş hadisədən dərin narahatlıq ifadə edib və lazım gələrsə, ölkəsinin bütün mümkün köməyini vəd edib.

Türkiyə və Rusiya da axtarış işləri üçün köməklərini təklif ediblər.

ABŞ Dövlət Departamenti hadisələri diqqətlə izlədiyini bildirib.

Rəisinin içində olduğu helikopter Şərqi Azərbaycan ostanında qəzaya uğrayarkən Culfa şəhərinin yaxınlığında idi.

XS
SM
MD
LG