Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:25

Paşinyan: ‘Erməni tarixi’ yox, ‘Ermənistan tarixi’


"Erməni tarixi" dərsliyi
"Erməni tarixi" dərsliyi

Ermənistan hökuməti iyulun 11-də keçirilən iclasında “Erməni xalqının tarixi” (Erməni tarixi – red) məktəb fənni adının “Ermənistan tarixi” adı ilə əvəz olunmasına dair qətnamə qəbul edib.

Bu barədə AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xəbər verir.

Baş nazir Nikol Paşinyanın sözlərinə görə dərsliyin adı bu şəkildə dəyişdirilir ki, ictimai həyatın mərkəzində dövlət dayansın:

“Mən “Erməni xalqının tarixi” ilə “Ermənistan tarixi” arasındakı fərqi necə görürəm? “Ermənistan tarixi” dövlətin hətta mövcud olmadığı dövrlər də daxil dövlətin varlığı və inkişafının nəqlidir. Amma “Erməni xalqının tarixi” dövlətin mövcud olduğu dövrlər də daxil adamların tarixinin nəqlidir. Bu konseptual fərq mühüm əhəmiyyətə malikdir və bizim üçün əsas olanı dövlətin varlığı strategiyasıdır”.

“Emosional xalqdan dövlətçi xalqa keçid”

Paşinyan bunu da deyib ki, bütün hərəkətlərdə “real Ermənistan” ideyası rəhbər tutulmalıdır və dövlətin maraqlarına zidd olan bütün yanaşmalar tədricən sıxışdırılmalı və nəticədə ləğv edilməlidir.

Paşinyan izah edib ki, fənn adının dəyişdirilməsi diqqəti təkcə Ermənistan dövlətinin tarixinə deyil, həm də erməni xalqının tarixinə yönəldir.

Baş nazir vurğulayıb ki, bu, etnik əsaslı yanaşmadan dövlət əsaslı yanaşmaya keçiddir:

“Biz dövlətçiliyi, müstəqilliyi və suverenliyi strategiya və siyasətimizin mərkəzinə gətiririk. Mən deməliyəm ki, dövlət tamamilə başqa düşüncə, başqa mədəniyyət, başqa baxışdır və biz özümüzdə qüvvə tapıb etiraf etməliyik ki, bu düşüncə bizim üçün heç də hər yerdə və hər vaxt anlaşılan deyildir”.

Paşinyan vurğulayıb ki, hökumət və dövlət strukturları bu istiqamətdə çox iş görməli, “emosional xalqdan dövlətçi xalqa” keçidi təmin etməlidirlər.

Birmənalı qarşılanmayıb

Azatutyun xatırladır ki, ötən fevralda təhsil naziri Janna Andreasyan Milli Məclisdə müxalifətin bu mövzuda tənqidlərinə cavab olaraq bəyan etmişdi:

“Biz Ermənistanda yaşayırıq və məktəblərimizdə Ermənistan tarixi tədris olunmalıdır”.

Azatutyun yazır ki, “Erməni tarixi” adının “Ermənistan tarixi” adı ilə əvəzlənməsi ideyasına görə əsas mübahisələr hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatları ilə müxalifət deputatları arasında gedir.

Hakim partiya bəyan edir ki, “Ermənistan tarixi” adına qarşı çıxanlar Ermənistana qarşı çıxırlar.

Azatutyun yazır ki, tarixçi dairələri, o cümlədən Elmlər Akademiyasının Tarix İnstitutu və Dövlət Universitetinin tarix fakültəsi təhsil nazirliyinin təşəbbüsünü o qədər də müsbət qarşılamayıblar.

Opponentlərin fikrincə, “Erməni tarixi” və “Ermənistan tarixi” dövlətçilik tarixi ilə yanaşı Ermənistan və ermənilərin tarixidir və bunları bir-birindən ayırmaq düzgün deyildir.

Təhsil rəsmiləri vurğulayırlar ki, dərslik adının dəyişdirilməsi onun məzmununda ciddi dəyişikliklərə səbəb olmayacaq və söhbət yalnız tarixə yanaşmadan gedir.

Bundan əvvəl baş nazir Nikol Paşinyan “real Ermənistanla” “tarixi Ermənistan” arasında seçim etməyə çağırmışdı.

XS
SM
MD
LG