Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:42

AŞPA seçkiyə dəvət olunmayıb. 'Ya o geri çəkilməlidir, ya da Azərbaycan iqtidarı'


'İlham Əliyev bizimlə oyun oynayır...' - AŞPA deputatı
Gözlə

No media source currently available

0:00 0:06:36 0:00

'İlham Əliyev bizimlə oyun oynayır...' - AŞPA deputatı

Azərbaycandan Avropa Şurasının Parlament Assambleyasına (AŞPA) ölkədə sentyabrın 1-də keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün rəsmi dəvət göndərilməyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə deyib ki, onlar 7 beynəlxalq təşkilata dəvət göndəriblər: “ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı, GUAM, Qoşulmama Hərəkatı Gənclər Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı XİN-in dəvət etdiyi təşkilatlardır”.

Amma, hələlik, AŞPA-ya dəvətin göndərilməməsinin səbəbləri ilə bağlı rəsmi izahat verilmir.

Bu ilin fevralında Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkiləri ilə də bağlı da AŞPA-ya dəvət göndərilməmişdi. Bu il AŞPA ilə Azərbaycan arasında müəyyən gərginlik də yaşanıb. Qurumun yanvar sessiyasında Azərbaycan nümayəndə heyətinin səsvermə hüququ tanınmayıb. Buna səbəb kimi əməkdaşlıqda problemlərin yaşanması və Azərbaycanın insan hüquqları ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi göstərilib.

Azərbaycan da iradları qəbul etməyib, onun nümayəndə heyəti AŞPA-da iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarını verib.

“Azərbaycan qələbəsini həzm edə bilmirdilər”

Amma Milli Məclisin VI çağırış deputatı, “Ana Vətən” Partiyasının sədri Fəzail Ağamalı “Turan”a bildirib ki, Azərbaycanın AŞPA-ya parlament seçkilərini müşahidə etmək üçün dəvət göndərmədiyinin səbəbləri aydındır. Onun deməsinə görə, 2020-ci ilə 44 günlük müharibə, habelə ötən ilin sentyabrında aparılan “xüsusi antiterror əməliyyatında” separatçı qüvvələri məğlub etdikdən sonra Avropa Şurası və ora daxil olan ölkələrin əksəriyyəti Azərbaycana qarşı qərəzli mövqe ortaya qoyub:

“Onlar Azərbaycanın qələbəsini heç cür həzm edə bilmirdilər”.

Ötən əsrin 80-ci illərində qərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında hərbi toqquşmalara səbəb olmuşdu. Azərbaycanın bir çox əraziləri nəzarətindən çıxmışdı. Amma 44 günlük savaş və ötənilki 1 günlük hərbi əməliyyatlarla Azərbaycan bütün ərazilərində süverenliyi bərpa etdiyini açıqlayıb. Ötənilki əməliyyatlardan sonra bölgədən erməni əhali köç edib, Ermənistan baş verənləri “etnik təmizlənmə” adlandırıb.

“Müşahidəçilik üçün heç bir mənəvi haqqı yoxdur”

F.Ağamalının fikrincə isə AŞPA heç bir əsas olmadan, absurd bəhanələrlə qurumdakı Azərbaycanın nümayəndə heyətinin mandatını qəbul etməyib: “Azərbaycan buna cavab olaraq məsuliyyətli və ciddi dövlət kimi adekvat addımlar atmalı idi. O gündən bu günə qədər də Avropa Şurası ilə Azərbaycan arasında hər hansı bir kommunikasiya yoxdur”.

O, qeyd edib ki, prezident seçkilərində olduğu kimi parlament seçkilərində də AŞPA-nın müşahidəçilik üçün gəlməyə heç bir mənəvi haqqı və əsası yoxdur: “Gəlsə də, Azərbaycanda neqativ hallar olmasa belə, onu dünya ictimaiyyətinə çatdırmağa çalışacaq, bəyanatlarını da xüsusi bir pafosla verəcək”.

Deputatın sözlərinə görə, Avropa Şurası ilə Azərbaycan arasında hazırda heç bir kontakt yoxdur: “Nə qədər ki Avropa Şurası Azərbaycana qarşı ədalətsiz və qərəzli mövqeyindən imtina etməyib, bu təsisatla hər hansı bir normal münasibət, sadəcə olaraq, mümkün deyil”.

Hələlik, qarşıdan gələn növbədənkənar parlament seçkiləri ilə bağlı AŞPA-ya dəvət göndərilməməsinə bu qurumdan hər hansı münasibət bildirilməyib. Amma Azərbaycanın rəsmi qurumlarından onların qərəzli olması ilə bağlı səslənən tənqidləri isə qəbul etmirlər. AŞPA təmsilçiləri bildiriblər ki, Azərbaycan nümayəndə heyətinin mandatının tanınmasının yolu onlarla əməkdaşlıqdan, insan haqları və digər məsələlərlə bağlı götürülən öhdəliklərin yerinə yetirilməsindən keçir.

“Uzun müddət bu münasibətlər belə qalacaq”

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı isə Azadlıq Radiosuna bildirib ki, AŞPA-nın dəvət edilməməsi iki səbəbdən ola bilər: “AŞPA ilə Azərbaycan arasında münasibətləri yaxşı deyil. Həmçinin, başa düşürlər ki, ölkədə hazırda seçki prosesi yoxdur. Ona görə kimlərinsə gəlib burada rəyini bildirməsini, tənqid etməsini istəmirlər. AŞPA ilə münasibətlər yaxşı deyil deyə, bilirlər ki, bu rəy də çox radikal olacaq. Ona görə də Avropa Şurasının Parlament Assambleyasının missiyasını bura buraxmırlar”.

Siyasi şərhçi hesab edir ki, missiyanın dəvət edilməməsi irəlidə münasibətlərə mənfi təsir göstərəcək: “Görünən də odur ki, uzun müddət bu münasibətlər belə qalacaq. Məntiqlə, bu parlament seçkilərində missiya iştirak etməyibsə, AŞPA seçkiləri legitim hesab etməməlidir. Legitim hesab etməyəcəklərsə, gələn il AŞPA-nın qış sessiyasında da yeni parlamentin nümayəndə heyətinin mandatını qəbul etməməlidilər”.

Onun fikrincə, Azərbaycan istəyərdi ki, eyni şərtlər qala-qala Avropa Şurası onun nümayəndə heyətinin mandatını qəbul etsin: “Amma indi legitimlik məsələsi var. Ya AŞPA geri çəkilməlidir, ya da Azərbaycan iqtidarı. Başqa yol yoxdur”.

Xatırlatma

Azərbaycanda sentyabrın 1-nə növbədənkənar parlament seçkiləri təyin olunub. Halbuki seçkilərin bu ilin noyabrında keçiriləcəyi gözlənirdi.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) həmin ay ölkədə BMT-nin iqlim konfransını (COP29) səbəb göstərərək parlamentin vaxtından əvvəl buraxılması təşəbbüsü ilə çıxış edib. Təşəbbüs parlamentdə qəbul edilib.

Bundan beş il əvvəl də YAP parlamentin özünü buraxması və erkən parlament seçkilərinin keçirilməsi təşəbbüsünü irəli sürmüşdü. Onda partiya bunu prezidentin apardığı islahatlarla ayaqlaşmaq istəyi ilə izah etmişdi.

Nəticədə parlament seçkiləri vaxtından altı ay əvvəl baş tutmuşdu. Sonradan əvvəlki tərkibin əksəriyyətinin yenidən parlamentə düşməsi bir çoxlarının tənqidinə səbəb olmuşdu.

Müxalifət partiyaları isə bəyan etmişdilər ki, hakimiyyət seçkiləri önə çəkməklə onu tez-tələsik saxtalaşdırmaq məqsədi güdüb.

XS
SM
MD
LG