Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 15:37

Ermənistan Türkiyə sərhədinin açılması: 'Rusiya bunu istəməsə də, Türkiyəyə açıq mane ola bilməz' 


Üçüncü Qarabağ savaşı realdır? - Vaşinqton, Yerevan və Bakıdan rəylər
Gözlə

No media source currently available

0:00 0:12:41 0:00

Üçüncü Qarabağ savaşı realdır? - Vaşinqton, Yerevan və Bakıdan rəylər

İyulun 30-da Türkiyə və Ermənistanın Normallaşma Prosesinin xüsusi nümayəndələri (səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan) iki ölkənin ortaq sərhədində yerləşən Əlican-Mərqara sərhəd qapısında beşinci görüşlərini keçirdilər. “Xüsusi nümayəndələr Akyaka/Axurik dəmir yolu sərhəd qapısının regional inkişaflara uyğun olaraq istifadəyə veriləcəyi təqdirdə tələb olunacaq texniki ehtiyacları qiymətləndirməyə və qarşılıqlı viza prosedurlarını asanlaşdırmağa razılaşdılar. Onlar son məqsədi tam normallaşma olan bu prosesin heç bir ilkin şərt olmadan davam etdirilməsi ilə bağlı razılığı təsdiqləyiblər”, - TRT-nin xəbərinə deyilir.

Bu danışıqlar təxminən iki il idi dayanmışdı.

Bəs Türkiyə ilə Ermənistanın yaxınlaşması, münasibətlərin yaxşılaşması Azərbaycanla Ermənistan arasında gedən sülh danışıqlarına müsbət təkan verə bilərmi? Azərbaycan və Türkiyə rəsmiləri bir qayda olaraq vurğulayırlar ki, onlar regionla bağlı məsələlərdə, o cümlədən Qarabağ münaqişəsində bir mövqedən çıxış ediblər. Ötən əsrin 90-cı illərində Azərbaycan əraziləri işğal ediləndə də Türkiyə buna etiraz olaraq Ermənistanla sərhədlərini (1993-cü ildə) bağlamışdı.

“Azərbaycanla Ermənistan arasında normal bir sülh sazişi bağlanmasa...”

Türkiyə və Ermənistan arasında əməkdaşlığa aid mövcud görüşləri rəsmi Bakı etirazlarla qarşılamayıb. Amma, hələlik, Azərbaycan Xarici İşlər Nazirliyindən bu görüşlərin Ermənistanla sülh danışıqlarına mümkün təsirləri ilə bağlı suala cavab almaq mümkün olmayıb.

Milli Məclisin VI çağırış deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının isə “Turan”a deməsinə görə, Türkiyə və Ermənistan rəsmiləri arasında görüşlərin keçirilməsi o demək deyil ki, yolların açılması və viza rejiminin asanlaşdırılması dərhal gerçəkləşəcək:

“Türkiyənin Ermənistanla münasibətləri birmənalı şəkildə həmişə Ermənistan-Azərbaycan münasibətlərinə bağlı olub. Bakı Yerevanla normal bir sülh sazişi bağlamasa, münasibətlər nizamlanmasa, Türkiyə ilə Ermənistanın hər hansı bir razılığa gələcəyinə inanmıram”.

Sabir Rüstəmxanlı
Sabir Rüstəmxanlı

S.Rüstəmxanlı qeyd edib ki, Ermənistanda Türkiyəyə qarşı da müəyyən ərazi iddiaları olub: “Eyni zamanda Ermənistanın uydurma soyqırım (1915-ci ilə aid) iddiası da var. Bütün bunlar ortada ikən danışıqlar davam etsə də, yaxın vaxtlarda Türkiyə ilə Ermənistan sərhədinin açılması sadəlövhlükdür. Çünki Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr qurulmayıb”.


“Türkiyə Ermənistanla Azərbaycan arasında sülh məsələlərini sürətləndirməyə çalışır”

Atlas Araşdırma Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun isə AzadlıqRadiosuna xatırlatmasına görə, İkinci Qarabağ müharibəsindən sonra prezident İlham Əliyev söyləmişdi ki, artıq Türkiyə Ermənistan siyasətini müəyyənləşdirməkdə müstəqildir: “Əgər 30 il ərzində Türkiyə Azərbaycan torpaqlarının işğalına görə Ermənistanla sərhədini açmırdısa, indi Azərbaycan torpaqlarını azad edib və Türkiyə bu istiqamətdə öz siyasətini müəyyənləşdirməkdə sərbəstdir”.

Elxan Şahinoğlu
Elxan Şahinoğlu

Ekspert vurğulayıb ki, (2020-ci il) İkinci Qarabağ müharibəsindən sonra Ankara ilə Yerevan arasında dialoq başlayıb: “Ermənistan hakimiyyətinin istəyi bu idi ki, Azərbaycanla sülh sazişini imzalanmadan da Türkiyə sərhədləri açsın, diplomatik münasibətlər bərpa edilsin. Amma Türkiyə rəhbərliyi vurğulayır ki, Ermənistanla dialoqunu davam etdirəcək, amma sərhədlərin açılması və diplomatik əlaqələrin qurulması üçün Yerevan birinci növbədə Azərbaycanla məsələləri həll etməlidir. R.T.Ərdoğan bura hətta “Zəngəzur” (Ermənistanın Sünük bölgəsindən keçəcəyi gözlənən yol) dəhlizinin açılmasını da əlavə edir. Halbuki bu, sülh sazişi üçün Azərbaycanın əsas şərti deyil. Görünür ki, Türkiyə bu siyasətini dəyişdirmir”.

Onun fikrincə, Türkiyə Ermənistanla Azərbaycan arasında sülh məsələləri sürətləndirməyə çalışır: “Azərbaycanın əsas şərti qüvvədə qalır – Ermənistan Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən bəndləri Konstitusiyadan çıxarmalıdır. Düşünmürəm ki, Türkiyə iki ölkə arasında sülh sazişi imzalamadan əvvəl Ermənistanla sərhədini açsın. Amma istəkləri də budur ki, Ermənistanla Azərbaycan arasında dialoq prosesi sürətlənsin”.

Ermənistanda konstitusiyaya dəyişikliklər artıq bir müddətdir bu ölkədə müzakirə mövzusudur. Amma Ermənistan müxalifəti konstitusiyaya Azərbaycanın istəyinə uyğun dəyişiklikləri düzgün saymır. Lakin baş nazir Paşinyan dəfələrlə bildirib ki, konstitusiya Ermənistanın daxili işidir və onun dəyişdirilməsi zərurəti Bakının tələbindən yaranmayıb.

Bununla belə, Elxan Şahinoğlu hesab edir ki, yaxın bir zamanda sülh sazişinin imzalanması çətin olsa da, çərçivə sazişi lap qısa müddətdə imzalana bilər: “Bu isə Türkiyəyə tam sərbəstlik verəcək ki, Ermənistanla sərhədləri açsın. Rusiya bunu istəməsə də, Türkiyəyə açıq şəkildə mane ola bilməz”.

“Əsas kənar faktor məhz Rusiya faktorudur”

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı isə AzadlıqRadiosuna deyib ki, Ermənistanla Türkiyənin yaxınlaşması Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını sürətləndirə bilməz: “Bunun ciddi təsiri olmayacaq. Çünki sülh sazişinin imzalanıb-imzalanmaması məsələsinə təsir edən əsas kənar faktor məhz Rusiya faktorudur. Kənar faktor olmadan isə əsas faktor kimi həm Ermənistan, həm də Azərbaycan rəhbərliyinin siyasi iradəsi məsələsidir”.

Azər Qasımlı
Azər Qasımlı

A.Qasımlının fikrincə, Azərbaycan iqtidarı Rusiya ilə danışır, bir çox məqamları Rusiya ilə razılaşdırır: “Qərar verəndə də Rusiyaya baxaraq qərar verir. Türkiyəyə gəlincə isə, Ermənistanla münasibətlərin yaxşılaşması həm Türkiyənin özünün maraqlarına uyğundur, çünki iqtisadi və siyasi olaraq Ermənistana təsir edə biləcək, həm də Azərbaycan maraqlarına uyğundur”.

Onun sözlərinə görə, Türkiyə Azərbaycanın təbii müttəfiqidir: “Ermənistana Türkiyənin təsiri nə qədər çox olacaqsa, o qədər Azərbaycan üçün yaxşıdır. Ermənistanın Rusiyanın təsiri altından çıxması və Türkiyə təsirinin Ermənistana güclənməsi Azərbaycanın milli maraqlarına daha uyğundur”.

Ekspertlər hesab edir ki, belə bir yaxınlaşma gerçəkləşərsə, bu Ermənistanin da maraqlarına uyğun olacaq.


Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla ərazilərinə nəzarəti bərpa edib.

Bakı ötən il Qarabağda keçirilən əməliyyatları "lokal antiterror tədbirləri", Yerevan isə "etnik təmizlənmə" kimi dəyərləndirib. Ondan sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Son illər Azərbaycan və Ermənistan arasında həm Rusiyanin, həm də Avropa İttifaqının vasitəçiliyi ilə sülh danışıqları olsa da, hələlik, proses nətcəsiz qalıb.

XS
SM
MD
LG