Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 15:34

Hizbullahın rasiya və peycerlərində eyni vaxtda partlayışlar olub, ölənlər var


Beyrutdakı xəstəxanaya mindən çox yaralı gətirilib
Beyrutdakı xəstəxanaya mindən çox yaralı gətirilib

Livanda ABŞ və bir sıra başqa ölkələrin terrorçu kimi tanıdıqları iranyönlü Hizbullah qruplaşmasının daxili şifrəli məlumatların ötürülməsi üçün istifadə etdiyi rabitə vasitələrində eyni vaxtda partlayışlar baş verib.

Bu barədə məlumatı İsrailin Ynet portalı yayıb.

Saytın məlumatına görə qruplaşmanın smartfonların əvəzinə itifadə etdiyi peycer və rasiyalarda partlayışlar Beyrutda, Livanın cənubunda və Bekaa vadisində baş verib.

Hizbullahın nümayəndəsi Reuters agentliyinə deyib ki, bu, təşkilatın fəaliyyəti dövründə onun təhlükəsizliyinə ən böyük müdaxilə olub.

İlkin məlumatlara görə partlayışlar nəticəsində 8 nəfər həlak olub, 3 minədək xəsarət alan olub. Bunlardan neçəsinin Hizbullah üzvü olduğu bilinmir.

Lakin yaralananların arasında Hizbullahın vəzifəli üzvlərinin olduğu xəbər verilir. Əl-Hədəs saytı xəbər verir ki, partlayışda təşkilatın parlamentdəki üzvü Əli Əmmarın oğlu həlak olub.

“Əl-Cəzirə” xəsarət alanların arasında İranın Livandakı səfirinin olmasını xəbər verib. Onun da üstündə Hizbullahla rabitə üçün rasiya qurğusu olub.

Lakin Livan mediası yazır ki, İran diplomatının üstündə peycer olmayıb. Peyceri onun dostlarından biri gəzdirirmiş.

Hizbullah bu hücuma cavab veriləcəyini bildirib

The Wall Street Journal qəzeti yazır ki, partlayan peycerləri Hizbullah bu yaxınlarda almışdı.

Hizbullah nümayəndəsinin sözlərinə görə peycerlərdəki virus qızma və partlayış törədə bilərdi.

Qruplaşma İsrail xüsusi xidmətlərinin izləməsindən yayınmaq məqsədilə smartfonlardan istifadəni dayandırmışdı.

İran mediası baş verən hadisəyə görə İsraili ittiham edir. Amma Hizbullah özünün bu barədə ilk bəyanatında İsraili ittiham etməyib və bildirib ki, araşdırma aparılır.

Lakin daha sonra Hizbullah bu partlayışlar üçün məsuliyyəti “düşmən İsrailin” üzərinə qoyub və buna cavab veriləcəyi ilə hədələyib.

İsrailin təhlükəsizlik xidmətləri istisna etmirlər ki, Hizbullah bu hücuma ən qısa müddətdə cavab verəcək. Ölkədə təhlükəsizlik tədbirləri sərtləşdirilib.

Beyrutdakı eynivaxtlı partlayışlarla yanaşı Dəməşqdə Hizbullahın avtomobilinə bomba hücumunun edildiyi xəbər verilib.

Əl-Hədəs xəbər verir ki, partlayış nəticəsində Hizbullahın dörd üzvü yaralanıb.

XS
SM
MD
LG